Zaqatalada turizmin
inkişafı üçün geniş imkanlar var
Bölgələrdə iqtisadi artıma nail olmağın əsas yollarından biri də turizm sahəsini inkişaf etdirməkdir. Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Zaqatala rayonu əsrarəngiz təbiəti, özünəməxsus iqlimi ilə insanı valeh edir.
Zaqatalanı abidələr məskəni də adlandırmaq olar. Burada qədim alban tayfalarının qoyduğu izlərdən başlayaraq, bu günümüzə qədər mövcud olan abidələr öz unikallığı ilə fərqlənir. Rayondakı ən məşhur tarixi məkanlardan biri 1830-cu ildə çar Rusiyasının dayaq nöqtəsi kimi tikilən Zaqatala qalasıdır. 11 hektara yaxın qalanın ərazisində 17 tikili var. 1984-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə qalanın ərazisi Zaqatala Tarix-Mədəniyyət Qoruğu elan olunub və hazırda Mədəniyyət və Turizm Nazirliyinin balansındadır.
Zaqatalanın bugünkü mənzərəsi turizm üçün geniş imkanlar açır. Aparılan tikinti və abadlıq işləri rayon mərkəzinin gözəlliyini daha da artırıb. Tarixi-mədəni abidələr, Qala düzü adlı ərazi, Dədə Qorqud meydanı, Zaqatala qalası ərazisində yerləşən qədim alban məbədi bərpa olunub.
Rayonun dağlıq ərazilərində yeni turizm marşrutlarının salınması planlaşdırılır. Gələn turistlər rayonda fəaliyyət göstərən turizm-informasiya mərkəzindən istədikləri məlumatı əldə edə bilirlər. Vaxtilə Zaqatalada toxunan xalçalar, dulusçuluq məmulatları və digər xalq sənəti nümunələri dünya muzeylərinin bəzəyi olub. Bütün bunlar Zaqatalanı turistlər üçün maraqlı məkana çevirir.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyevanın sözlərinə görə, turizmi inkişaf etdirmək üçün müvafiq proqram hazırlanıb. Proqram çərçivəsində mehmanxanalarda, ictimai-iaşə müəssisələrində, tarix-mədəniyyət abidələrində müxtəlif tədbirlər həyata keçirilir: «Xüsusilə kənd yaşıl turizmi hazırda Zaqatalada çox populyardır. Rayonun Car, Mazıx, Sabunçu, Yuxarı Tala, Meşleş, Kebeloba, Yuxarı Çardaxlar kəndlərində ailəvi dincəlmək istəyənlər üçün normal şəraitli evlər var».
Şöbə müdiri qeyd etdi ki, bu ildən Xalaxi gölü istiqamətində yeni bir turizm marşrutu istifadəyə verilib. Rayonda fəaliyyət göstərən turizm informasiya mərkəzi tərəfindən hazırlanmış marşrut turistlərin böyük marağına səbəb olub.
Zümrüd Atakişiyeva onu da bildirdi ki, ilin 7 ayı ərzində Zaqatalaya 20 minə yaxın turist gəlib. Hazırda rayonda 11 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
F.Abdullayeva
Mədəniyyət.- 2015.-26
avqust.- S. 7.