Tarixi İpək Yolunun
mədəniyyətlər görüşü
Koreyada keçirilən beynəlxalq festivalda Azərbaycan incəsənət ustalarının çıxışı maraqla qarşılanıb
Xəbər verdiyimiz kimi, avqustun 21-də Koreya Respublikasının Qyonqsanbuk əyalətində Qyoncu İpək Yolu mədəniyyət festivalı işə başlayıb. Oktyabrın 18-dək davam edəcək beynəlxalq tədbir Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının dəstəyi ilə Koreyanın qədim mədəniyyət mərkəzlərindən olan Qyonqcu şəhərindəki Dünya Mədəniyyət Parkında keçirilir. Qədim İpək Yolu üzərindəki ölkələr arasında tarixən mövcud olmuş mədəni əlaqələri günümüzdə yenidən qurmaq, inkişaf etdirmək, habelə mədəniyyət mübadiləsi ilə dünyada sülh prosesinə töhfə vermək məqsədi daşıyan festivalın zəngin proqramına konsertlər, sərgilər, təqdimatlar, tamaşalar daxildir. 30-dan çox ölkənin qatıldığı festivalda Azərbaycan da təmsil olunur.
Açılış mərasimində qonaqları salamlayan Koreya Respublikasının Baş naziri Hvanq Kyo-ahn bu cür tədbirlərin xalqları, ölkələri bir-birinə daha da yaxınlaşdırmaq baxımından əhəmiyyətini vurğulayıb. O ümidvar olduğunu bildirib ki, müxtəlif mədəniyyətləri, adət-ənənələri təmsil edən insanların mədəniyyət mübadiləsi xalqlar arasında yeni əməkdaşlıq imkanlarını ortaya çıxarmağa kömək edəcək.
Mərasim maraqlı konsert proqramı ilə davam edib. Festivalda ölkəmizi
Azərbaycan Dövlət
Rəqs və Qədim Musiqi Alətləri ansambllarının
üzvləri, solistlər
və saz ifaçılarından ibarət
heyət təmsil edir. İncəsənət
ustalarımız tədbirə
Azərbaycan Mədəniyyəti
Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi
Assosiasiyasının təşkilatçılığı,
Mədəniyyət və
Turizm Nazirliyinin, ölkəmizin Seuldakı
səfirliyinin dəstəyi
ilə qatılıblar.
Açılış konsertinin maraqlı məqamlarından biri kombinasiyalı kompozisiyalar
olub. Koreyalı və azərbaycanlı
rəqqasların birgə
çıxışları mərasimə toplaşanlarda
böyük maraq doğurub. Birgə məşq üçün
kifayət qədər
vaxtın olmasa da, rəqqaslar Azərbaycan və Koreya rəqslərini yüksək səviyyədə
ifa ediblər.
Festivalın proqramına daxil olan milli günlərdən
birincisi Azərbaycana həsr olunub. Avqustun 22-də festival çərçivəsində “Azərbaycan günü” adlı konsert proqramı təşkil edilib.
Konsertin açılış mərasimində
çıxış edən
Qyonqcu şəhərinin
meri Çoi Yanq-şik qədim İpək yolunun ortasında yerləşən
Azərbaycanın Qərb
və Şərqi birləşdirdiyini deyib. O, Azərbaycanın
özünəməxsus zəngin
mədəniyyətə malik
ölkə olduğunu
vurğulayaraq, tədbirin
bu mədəniyyətlə
yaxından tanış
olmaq imkanı baxımından əhəmiyyətini
vurğulayıb.
Azərbaycanın Koreya Respublikasındakı
səfiri Rəmzi Teymurov xalqlarımız arasında qədim İpək yolu dövründə yaranmış
əlaqələrin hazırda
yeni formada inkişaf etdiyini bildirib, bu istiqamətdə
mədəni əməkdaşlığın
vacib rolundan bəhs edib.
Bakıdakı Şərq Təbabəti
Klinikasının baş
həkimi xanım Zərifə Quliyeva SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi
Assosiasiyasının sədri
Ruhəngiz Heydərovanın
təbrik məktubunu oxuyub.
Sonra səhnə
incəsənət ustalarının
ixtiyarına verilib. “Azərbaycan günü”ndə
rəqqaslar, pianoçu
və solistlər, saz ifaçıları koreyalı sənətsevərlər
qarşısında milli
musiqimizi təqdim ediblər.
Azərbaycan Dövlət Rəqs
Ansamblının üzvlərinin
ifasında “Cəngi”,
“Nəlbəki”, “Qarabağ
yallısı”, “İgidlər”
xalq rəqsləri, Üzeyir Hacıbəylinin
“Koroğlu” operasından
“Qızların rəqsi”,
“Odlar yurdu” (Eldar Mansurov) və “Qobustan” (Cavanşir Quliyev) rəqsləri təqdim olunub.
Əməkdar artist Munis Şərifovun
bədii rəhbərlik
etdiyi Qədim Musiqi Alətləri Ansamblının müşayiəti
ilə solistlər - əməkdar artistlər Teyyub Aslanov və Nuriyyə Hüseynovanın ifasında
“Bana, bana gəl” (Cahangir Cahangirov), “Bəri bax” və “Yaylığım”
xalq mahnıları və “Qarabağ şikəstəsi” səslənib.
Əməkdar artist Anar Hüseynli
və Lətifə Soyuöz, Naibə Şahməmmədova (piano) Üzeyir
Hacıbəylinin “Arşın
mal alan” operettasından
Gülçöhrə və
Əsgərin duetini,
“Sarı gəlin” xalq mahnısını, “Xalq Heydər söyləyəcək” mahnısını
ifa ediblər. Qəbələ rayonundan olan saz ifaçıları
Nurəddin Xanlarov və Zeynəb Xanlarova koreyalı tamaşaçıları milli
musiqimizin qədim janrlarından olan saz sənəti ilə tanış
ediblər. “Azərbaycan
günü” Müslüm
Maqomayevin “Azərbaycan”
mahnısı ilə sona çatıb. Konsert tamaşaçılar tərəfindən
alqışlarla qarşılanıb.
Qeyd edək
ki, incəsənət
ustalarımız festival çərçivəsində
bir həftə ərzində hər gün iki dəfə
mədəniyyət proqramı
ilə çıxış
edəcəklər.
Tədbir çərçivəsində təşkil
edilən “Böyük bazar”
yarmarkasında iştirakçı ölkələr milli pavilyonlarını hazırlayıblar. Azərbaycan pavilyonunda milli suvenirlər, ölkəmizin və onun paytaxtının rəmzləri olan hədiyyələr, milli
geyim nümunələri, musiqi
alətləri, əl işləri, çay
dəstləri, habelə ölkəmizdə istehsal
olunan qida məhsulları,
o cümlədən meyvə şirələri,
müxtəlif içkilər, mürəbbələr, şirniyyatlar nümayiş
olunur. Koreyalılar və festival
iştirakçıları milli pavilyonumuza böyük maraq göstərirlər.
Mədəniyyət.- 2015.- 26
avqust.- S. 3.