Üzeyir bəy və milli kinomuz
Üzeyir
Hacıbəyli – 130
Füzulinin aşiqanə sözü,
lirikası onun ürəkləri riqqətə
gətirən musiqisi ilə birləşdi. 23 yaşında Şərqdə
ilk operanın müəllifi
oldu. Az
sonra Azərbaycanda musiqili komediya janrının əsasını
qoydu. Milli kinomuzun inkişafında
da yaradıcılığı
təsirsiz ötüşmədi.
İşıqlı dühasından kino
sənətinə də
nur payı düşdü.
Əsəri əsasında lentə
alınan "Arşın
mal alan" Azərbaycan kino sənətinə dünya
şöhrəti gətirdi.
Eyniadlı operettasının ekran təcəssümü
- "O olmasın bu olsun" kino salnaməmizin ən parlaq səhifələrindən
birinə çevrildi.
Anarın "Uzun ömrün
akkordları" filmində
obrazı ekranda yeni həyat qazandı.
Bu il dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin
anadan olmasının
130 ili tamam olur. Milli musiqimizin inkişafında
Üzeyir bəyin xidmətləri heç bir meyara sığışmır.
O, 300-dən çox xalq
mahnısını nota salıb.
Marş,
kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri
bəstələyib. Azərbaycan Dövlət
Konservatoriyasının özəyi
olan ilk musiqi məktəbini yaradıb.
"Koroğlu", "Əsli və Kərəm" kimi əsərləri opera sənətimizin
şah sütunlarıdır.
Üzeyir
bəy 1913-cü ildə
Peterburqda musiqi təhsili alarkən "Arşın mal alan"
musiqili komediyasını
yazır. Səhnə üçün nəzərdə tutulan bu əsərin ekranda yeni sənət
ömrü yaşayacağını
tələbə bəstəkar
təsəvvürünə belə gətirmir.
"Arşın mal alan"ın
ilk səhnə uğuru
Bakıda fəaliyyət
göstərən "Filma"
Səhmdar Cəmiyyətinin
rəhbərliyini əsərin
ekran variantı ilə böyük qazanc əldə etməyə həvəsləndirir.
1916-cı ildə şirkət
"Arşın mal alan" filmini çəkir. 3 yanvar
1917-ci ildə Bakıda
"Forum" kinoteatrında film ilk dəfə göstərilir.
Ekran əsərində Hüseynqulu
Sarabski (Əsgər),
Əhməd Ağdamski
(Gülçöhrə), Mirzəağa
Əliyev (Süleyman)
rolunu ifa edir. Lakin qüvvətli aktyor
ansamblı belə filmi uğursuzluqdan qurtarmır. Rejissor Boris Svetlovun
Azərbaycan mədəniyyətinə
dərindən bələd
olmadığı əsərin
ekran həyatında öz sözünü deyir. Çəkilişlərdən narazı qalan
Üzeyir bəy filmin ekrandan çıxarılmasını tələb edir.
İkinci
dəfə Q.Beyyatov adlı birisi Üzeyir Hacıbəylinin
razılığını almadan "Arşın mal
alan"ı yenidən lentə alır. Əsərin ilk ekran variantına
xas olan səhvlər Q.Beyyatovun da quruluşunda özünü göstərir.
Film ikinci nümayişindən
sonra Üzeyir Hacıbəylinin təkidi
ilə ekrandan çıxarılır. 1937-ci
ildə ABŞ-da bəstəkarla razılaşdırılmadan
film üçüncü dəfə
ekranlaşdırılır.
1945-ci ildə Rza Təhmasib
və Nikolay Leşşenkonun quruluşunda
dördüncü dəfə
ekranlaşdırılan "Arşın mal alan"
tamaşaçıların böyük sevgisilə qarşılanır. Ekranlara çıxan
ildə filmə 16 milyondan artıq tamaşaçı baxır.
"Arşın mal alan" 136 ölkədə
göstərilir, 86 dilə
tərcümə olunur.
"Arşın mal alan"
müğənni Rəşid
Behbudovun və böyük yumor ustası Lütfəli Abdulayevin kino sənətində ilk addımıdır.
"Səbuhi" filmində (1941) Leyla xanım Bədirbəylinin
Tubu rolunun ifasından razı qalan Təhmasib Gülçöhrəni ona
həvalə edir.
Filmdə Rza Təhmasibin peşəkar rejissor üslubu aydın görünür. Aktyorların yüksək ifa
tərzi, zamanın filmdə bədii təcəssümü, milli
kolorit ustad rejissorun düzgün şərhindən irəli
gəlir. Rejissorun yüksək
ekran sənətkarlığını
səciyyələndirən mühüm xüsusiyyətlər
film boyu tamaşaçının
diqqətindən yayınmır.
Rza Təhmasibin "Arşın mal alan"ı
Azərbaycan kino sənətində musiqili
komediya janrında çəkilən ekran əsərlərinin sənət
öncüllərindən biri
kimi öz yeri var.
Diqqət çəkən mühüm
cəhətlərdən biri
də filmdə butaforiyanın olmamasıdır. Mebel, müxtəlif
bəzək və zinət əşyaları
təbiidir.
1946-cı
ildə Üzeyir Hacıbəyov, Rza Təhmasib, Leyla Bədirbəyli, Ələkbər
Hüseynzadə, Münəvvər
Kələntərli, Lütfəli
Abdullayev "Arşın
mal alan" filminə
görə Stalin mükafatına
layiq görülür.
Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan
sorğuda 100 film “qızıl”,
“gümüş” və
“bürünc” siyahılar
üzrə seçilir.
"Arşın mal alan" kino mütəxəssislərinin yekdil
rəyilə “Qızıl
siyahı”ya yazılır.
2013-cü ildə bu qiymətli ekran əsərinin Heydər Əliyev Fondunun təşəbbüsü
ilə rəngli variantı hazırlanır.
Görkəmli kinorejissor Tofiq Tağızadə 1965-ci ildə
Üzeyir Hacıbəylinin
80 illiyi ilə əlaqədar "Arşın
mal alan"a yenidən quruluş verir. Filmin ssenarisini Muxtar
Dadaşovla birgə yazır. Bu filmdə
Həsən Məmmədov
Əsgər bəy, Nəcibə Məlikova Cahan xala, Leyla
Şıxlinskaya Gülçöhrə,
Ağadadaş Qurbanov
Soltan bəy, Xuraman Hacıyeva Asya, Tələt Rəhmanov Vəli rollarını ifa edir.
Tofiq Tağızadə
illərin axarında inkişaf edən kinotexnikanın nailiyyətlərindən
bacarıqla bəhrələnir. 1945-ci ildə lentə alınan filmin ilk variantı kinotexnika ilə əlaqədar əsasən interyerlərdə
lentə alınmışdı.
Tofiq Tağızadə öz quruluşunda natura çəkilişlərinə xüsusi üstünlük
verir. Novatorluğu ilə səciyyələnən
sənətkarın rejissurasında
aktyor oyunu, dövrün təcəssümü,
müxtəlif bədii
tapıntılar diqqəti
cəlb edir. Rejissor qayəsinin ifadəsinə
çevrilən dolğun
təsvirlər bədii
fikrin açılmasında
xüsusi rol oynayır.
Tofiq Tağızadənin
quruluşunda səhnələr
ekran kompozisiyası baxımından bitkinliyilə
seçilir. Filmdə rejissor Üzeyir
Hacıbəylinin nəfəsini
qorumağa çalışır.
Sultan bəylə Vəli arasındakı çəkişmə, Vəlinin
pəncərədən qaçarkən
su quyusuna düşməsi kimi səhnələrdə bədii
yumoru gücləndirməyə
çalışan rejissorun
işi kəskin tənqidlə qarşılanır.
Tənqidi məqalələrdə fikirlər əsasən subyektiv xarakter daşıyır.
Yazılan tənqidlərə baxmayaraq
"Arşın mal alan" Tofiq Tağızadənin ekran fəaliyyətində yeni
hadisə idi. Film kinorejissorun musiqili
komediya janrına ilk müraciəti kimi diqqətəlayiqdir. Janrın estetikasından
çıxış edən
rejissor özünəməxsus
üslubda filmin yeni variantına imza qoyur. Üzeyir Hacıbəylinin "O olmasın,
bu olsun" operettanın ekranlaşdırılmasına
ilk cəhd 1918-ci ildə
Yalta kinostudiyasında edilmişdi.
Lakin filmin taleyi uğurlu
olmur.
1956-cı ildə Hüseyn
Seyidzadə Azərbaycan
kinosunda ilk rəngli
film olan "O olmasın
bu olsun" musiqili komediyasının çəkilişlərinə başlayır. Hamı Məşədi İbad rolunun klassik ifaçısı Mirzəaağa Əliyevin
bu rola çəkiləcəyini
gözləyirdi. Lakin Hüseyn
Seyidzadə heç kimin gözləmədiyi halda bu rola
Əliağa Ağayevin
namizədliyi üzərində
dayanır. Rejissorun seçimi
ciddi mübahisələrə
səbəb olur.
Əliağa Ağayevin bu rolun öhdəsindən yetərincə gələ
bilməyəcəyi barədə
bədii şurada fikirlər səslənir. Özünəməxsus
inadla bədii şurada Hüseyn Seyidzadə Əliağa Ağayevin bu rola təsdiqinə nail olur. Bədii şurada rejissorun
hambal roluna Əhməd Əhmədovu
çəkmək təklifi
də razılıqla
qarşılanmır. Lakin Hüseyn Seyidzadə mövqeyində dayanır,
fikrindən dönmür.
Film tezliklə keçmiş
SSRİ-nin sərhədlərini
keçir. Amerika Birləşmiş Ştatları, İsveçrə,
Macarıstan, Yuqoslaviya,
İran, İraq – ümumilikdə 40-dək ölkədə
uğurla nümayiş
olunur.
Arif Mirzəquliyev
Sərvər, Tamara Gözəlova
Gülnaz, Barat Şəkinskaya
Sənəm obrazlarını
ifa edir. Sənətsevərlər
bu gün də Əliağa Ağayevin Məşədi
İbadını, Ağasadıq
Gəraybəylinin Rüstəm
bəyini, İsmayıl
Osmanlının Rza bəyini, Mustafa Mərdanovun
Həsən bəyini,
Möhsün Sənaninin
Qoçu Əsgərini
sevgi dolu təbəssümlə izləyirlər.
Bioqrafik janrda çəkilən
"Uzun ömrün akkordları" bədii televiziya filmi kinomuzda fərqli xüsusiyyətləri ilə
seçilir. Ssenari, rejissor işi,
ekran estetikası baxımından "Uzun ömrün akkordları"
tamamilə yeni ruhlu, yeni nəfəsli
filmdir.
Bir sıra
rəngarəng ifadə
vasitələri milli kinomuzda ilk dəfə obrazlı əksini Xalq yazıçısı
Anarın quruluşunda
tapır. Rejissor şərhindən irəli gələrək
filmdə tarixilik prinsipi qorunur. İstər natura, istərsə də dekorasiya çəkilişlərində dövrün, zamanın nəbzi aydın duyulur. Üzeyir bəy, Cabbar
Qaryağdıoğlu, Əbdürrəhim
bəy Haqverdiyev, Həsən bəy Zərdabi kimi onlarla tarixi şəxsiyyətin dolğun
ekran təsviri filmin bədii məziyyətlərindən biridir.
Tarixi obrazlarla
aktyorların zahiri görünüşünün son dərəcə oxşar olması bioqrafik janrın estetikası çərçivəsindədir. Zaman kontekstində
canlanan real hadisələr
filmin dramaturji xəttilə üzvi şəkildə birləşir.
10 yanvar 1982-ci ildə filmin ilk premyerası baş tutur. Uzun illər
keçməsində baxmayaq
"Uzun ömrün akkordları" qüvvətli
ssenarist, rejissor akkordları ilə bu gün də
hamını sənət
cazibəsində, sənət
sehrində saxlayır.
Üzeyir Hacıbəyli 23 noyabr
1948-ci ildə 63 yaşında
dünyasını dəyişdi. Vida mərasimində Bülbül
dahi bəstəkarın
"Sənsiz" romansını
oxudu.
Əslində sənsizliyi rəmzi məna daşıyır. Əbədiyyətə qovuşan sənət həyatı bu gün də davam edir. Sentyabrın 18-də anadan
olmasının 130 ili tamam olur. Üzeyir Hacıbəyli ana
laylası qədər
əziz və doğma olan musiqisilə zaman-zaman bütün nəsillərin
canlı müasiri kimi həmişə yaşayacaq.
Mədniyyət.- 2015.- 28 avqust.- S.
13.