Beş film - beş ümid
Kinoseans
"4.1 şəhər motivləri" kinoalmanaxına daxil olan filmlər ideya-sənətkarlıq cəhətdən maraqlı ekran əsərləridir
Xəbər
verdiyimiz kimi, Azərbaycan
Kinosu Günü bu il də, ənənəyə
uyğun olaraq yeni ekran əsərinin
premyerası ilə yadda qaldı. Bu dəfə tamaşaçılara
C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında lentə alınan “4.1 şəhər motivləri"
kinoalmanaxı təqdim olundu.
Kinoalmanax xarici ölkələrdə yaşayıb təhsil alan azərbaycanlı rejissorların çəkdikləri 5 qısametrajlı bədii filmdən ibarətdir. Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış" ssenari müsabiqəsinin qalibi olan layihəyə "Qonşu qadın" (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), "Yuxarıda və aşağıda" (rejissor Teymur İsmayılov, operator Nadir Mehdiyev), "Dmitrov küçəsi ev 86" (rejissor Cəfər Axundzadə, operator Əlişir Hamid Xocayev), "Kədərim" (rejissor Rüfət Həsənov, operator Mixail Benkin) və "Zabitin şərəfi" (rejissor Vüqar İslamzadə, operator Cabir Əliyev) qısametrajlı filmləri daxildir. Kinoalmanaxın redaktoru Yusif Şeyxov, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir. Layihənin quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri isə Azər Quliyevdir.
Filmlər müəlliflərin Azərbaycanda ilk işləri olsa da, insanı düşündürən, müasir kinematoqrafiyanın tələblərinə cavab verə biləcək ekran əsərləridir. Eyni zamanda Azərbaycan kinosunun sabahına ümidlə baxmağa imkan yaradır, müasir gənc rejissor və kino mütəxəssislərinin püxtələşməsi yolunda atılan addımların səmərəsini nümayiş etdirir.
Həyat göründüyü kimi...
Rejissor Teymur İsmayılovun lentə aldığı “Yuxarıda və aşağıda” filmi gənc fəhlənin həyat hekayətindən bəhs edir. Bu gənc, kasıb, eyni zamanda qürurlu oğlanın öz arzuları, düşüncələri var. Bütün çətinliklərə baxmayaraq, o, şəxsiyyətini, mərdliyini qoruya bilir. Sosial mövzuda olan film rejissorun mesajını asanlıqla ötürür.
Fəhlə oğlanın sevdiyi qızın bahalı zinət əşyalarına, dəbdəbəli binalara baxışı ilə insanlar arasında fərqliliyi göstərilir. Bəlkə də bu ssenari o qədər təzə bir söz demir. Amma aktyorların özünəməxsus oyun tərzi tamaşaçını düşünməyə vadar edir. Tikinti sahəsində lentə alınan filmdə baş qəhrəmanlardan birini həmin tikilən binada çalışan kran ustalarından biri canlandırır.
Güclü rejissor, yoxsa mahir aktyor oyunu?
Anar Abbasovun
“Qonşu qadın” filmi melodram janrındadır. Filmin adı fransız
rejissoru Fransua Trüffonun ekranlaşdırdığı,
Fanni Ardant və Jerar Depardyenin
baş rol aldığı məşhur
ekran əsərinin adından götürülüb.
Film sadə, yorucu
olmayan kadrlardan ibarətdir. Ekranda yığcam kadrlar
bir-birini əvəzlədikcə
tamaşaçı sanki
bir şeiri misra-misra oxuyur. Əsas rolları Əməkdar
artist Gülzar Qurbanova
və son illərdə
rejissor Elxan Cəfərovun tapıntısı
kimi kino aləmdə öz oyunu ilə seçilən Cavanşir
Hadıyev canlandırıb.
Əri ilə problemi olan və kişilərə
nifrət hissi ilə yanaşan qadın və ailəli də olsa başqa bir evdə tək
yaşayan kişi.
Köhnə Bakı həyətlərində
bir qonşu o birinin evində baş verən hadisələri öz evinin içindəki kimi eşidə bilir. Bütün bu yaxınlığın
da səbəbkarı
bəlkə də divarların belə nazik olmasıdır.
Rejissor bizə tanış əhvalat danışır.
İki qonşu arasındakı dava-dalaş
tədricən soyuyur və az
da olsa, sevgi işartıları görünməyə başlayır.
Tamaşaçı isə səbirsizliklə
sonluğu gözləyir.
Qəfildən qadının əri
qayıdır və onlar barışırlar.
Filmdə incə yumor da yer alıb. Zalda əyləşən
tamaşaçının filmi
səmimi seyr etməsi, ekranda baş verənlərə
açıq-aşkar münasibət
bildirməsi sübut edirdi ki, aktyor
oyunu təsirli alınıb. Gülzar Qurbanovanın
mükəmməl oyunu
tamaşaçını səmimi
olmağa, bir anlığa özünü
kadrda görməyə
sövq edir. Bu, rejissorun göstərişi
deyil, təbii bir oyundur və
aktrisa yaratdığı
obrazı daxilən duya bildiyindən bu hiss tərəf-müqabilinin
obrazına da sirayət edir. O, qadının anbaan dəyişən əhvalını,
psixoloji yaşantılarını
rəvan vücud dili ilə mübaliğəyə
yol vermədən oynayır.
Rejissor isə sanki kənardan bütün bu baş verənləri seyr edir. Bu isə gənc rejissorun istedad və təcrübəsinin
göstəricisidir. Cavanşir Hadıyevin
oyunu da özünəməxsusdur. Ekranda lirik və eyni
zamanda qəhrəman döyüşçü obrazları
ilə yaddaqalan aktyor bu dəfə
öz maneralarını
işə salır.
Mimikalar,
obrazın daxili aləmi onun üçün başlıca
məqsəddir. “Qonşu qadın” da rejissor və
aktyor tandemi filmdə müsbət həllini tapıb.
Müasir
gənclik və problemlər
Rüfət Həsənovun “Kədərim”
filmi milli kinomuzda, demək olar ki, az rast gəlinən
çox ciddi və aktual bir problemə - müasir gəncliyin həyat tərzinə toxunur. Bu filmə
dünya kinosunda rejissorlar C.Kassavetesin “Kölgələr”, Toni Riçardsonun
“Bal dadı” filmlərinin
Azərbaycan variantı
da demək olar.
Filmdəki obrazları musiqiçilər
yaradıblar. Onlar həyatda olduğu
kimi, kinolentdə də öz talelərini oynayırlar.
Musiqi ilə məşğul olan gənc oğlanın həyatından
bəhs edən filmdə nəsillərin dünyagörüşü, həyat
tərzi toqquşur.
Ailə,
milli dəyərlər,
adətlər yaşam
tərzində və münasibətlərdə gərginlik
yaradır. Gənc musiqiçinin
fərqli həyat tərzi nə ailəsi, nə də ətrafındakı
insanlar tərəfindən
müsbət qarşılanmır.
Sənədli filmə bənzəyən
kadrlarda gənclərin
müxtəlif mühit
və təbəqələri
təqdim edilir. Uğur, pul
qazanmaq istəyən gəncliyin həyatı və eyni zamanda
düşüncə və
həyat tərzləri
əks olunur. Filmin qəhrəmanı üsyankarlığını
sona kimi davam etdirə bilmir, inandığı dəyərlər uğrunda
mübarizə aparmır,
sonda ailəsinə qayıdır, durumu ilə barışır, ailə ənənələrinə
məğlub olur.
Film kinomuzda yeni yanaşmadır. Bəlkə elə bu səbəbdən də tamaşaçılar arasında
onu bəyənənlərin
və bəyənməyənlərin
sayı təxminən
eynilik təşkil edirdi.
Qarışıq küçələr...
Bir tamaşaçı
kimi kinoalmanaxda ən çox bəyəndiyim rejissor Cəfər Axundzadənin
“Dmitrov küçəsi
86” adlı film oldu. Bu dram vacib bir mövzunu,
müharibənin vurduğu
mənəvi yaraları
və görkəmini
dəyişən şəhərin
problemlərini əks
etdirir.
Uzun müddət
evdən bayıra çıxmayan qadın dəyişən şəhəri
tanıya bilmir, xatirələrini, gəncliyini
axtarır. Rejissor gənc olmasına baxmayaraq, hətta nostalji hisslərə qapılaraq şəhərin
bu qədər dəyişilməsini vaxtilə
Arif Babayevin lentə aldığı
“Gün keçdi” filmindən bir kadrla birləşdirir və bununla da öz niyyətini
tamaşaçıya aydın
çatdıra bilir.
Filmdə Əməkdar artist Zemfira Sadıqova, Əməkdar incəsənət xadimi Əbdül Mahmudov və gənc aktyor Əlibəy Məmmədlinin oyununu da xüsusi qeyd etmək lazımdır. Yeniləşən şəhər, acı xatirələr.
Müharibədə oğlunu itirmiş
ana neçə illərdir evdən bayıra çıxmır.
Səbəb isə onun oğlunun ölümündən xəbərsiz
olması və bir gün oğlum
qayıdar, evdə heç kim
olmaz, qapı bağlı olar qorxusu.
Kinolentdə insan laqeydliyi, dövrün, zamanın problemləri, öz şəhərinin tarixini
bilməyən gənclik
kimi mövzular ana xətt kimi
keçir. Yolu itirən qadın
Dmitrov küçəsi
86-nı axtarır ona
rast gələn gənc oğlan isə bütün şəhəri axtarıb
həmin küçəni
tapa bilmir. Əslində isə həmin küçə elə oğlanın yaşadığı indiki
Şəmsi Bədəlbəyli
86 ünvanıdır. Deməli,
hər iki insan eyni şəhərin
sakini olmaqla yanaşı, həm də bir-birindən xəbərsiz qonşulardır...
Amerika filmlərini xatırladan səhnələr
Rejissor Vüqar
İslamzadənin “Zabitin
şərəfi” filmi
də ilklər sırasındadır. Xromakeydə çəkilən ilk film.
Rejissor
ilk dəfə bu üsulla belə bir filmi ekrana
gətirir. “Xromakey”
monoxram boyalı fonda yerləşən
obyekt və ya bir tərkibdə
birləşən texnologiyalar
anlamını verir. Yaxud da belə desək,
iki və çox təsvirin və ya kadrların
birləşdirilməsi texnologiyası,
televiziyada və müasir rəqəmsal kino istehsalı texnologiyasında istifadə
olunan rəng riproyeksiyası. Çəkilişlər zamanı obyekt birtonlu rəng fonuna yerləşdirilir.
Film kompüter qrafikası
ilə ekranlaşdırılıb. Burada 80-ci illərin
Amerika filmlərini xatırladan səhnələr
boldur. Satqın polis cinayətkar dəstəyə kömək
edir, digər polis isə onların dərsini verir. Filmdə
postmodern əhval-ruhiyyə duyulur.
* * *
Artıq kinoalmanax layihəsinin 2-ci
hissəsi lentə alınır. Bundan əlavə, “Debüt” studiyası beş
gənc rejissorun filmlərindən ibarət
“Bakı gecələri”
adlı layihəni sentyabr ayında təqdim edəcək. Bu isə ölkədə
fəaliyyət göstərən
gənc kino mütəxəssisləri arasında
rəqabət mühitinin
yaranması deməkdir.
Sağlam rəqabət isə
keyfiyyətin olacağından
xəbər verir.
Lalə Hüseyn
Mədəniyyət.- 2015.- 28
avqust.- S. 11.