İstiqlal Muzeyində Cəmşid
Naxçıvanskinin yubileyi qeyd edildi
Avqustun 26-da Azərbaycan İstiqlal
Muzeyində görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanskinin
(1895-1938) 120 illik yubileyinə həsr edilmiş tədbir keçirildi.
Tədbirdə Milli Qvardiyanın, Sərhəd
Qoşunlarının Sahil Mühafizəsi
və Daxili Qoşunların əsgər və
zabitləri iştirak edirdi.
Tədbirdə çıxış edən Müdafiə Nazirliyi Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani ölkə Prezidenti İlham Əliyevin 2 aprel 2015-ci il tarixli sərəncamına əsasən general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, bu mərasim də sözügedən sərəncamın icrası ilə bağlı təşkil edilib.
Generalın həyat yoluna nəzər salan Abdulla Qurbani onun 1918-1920-ci illərdə Azərbaycanda milli ordunun yaradılmasında xidmətlərindən geniş danışdı: “Cəmşid Naxçıvanski milli hərb tariximizə dəyərli töhfələr vermişdir. Çar rejimi devrildikdən sonra Tiflisə qayıdan Cəmşid Naxçıvanski az sonra öz tatar-süvari alayı ilə birlikdə Azərbaycan hökumətinin tabeçiliyinə keçib və beləliklə, milli ordumuzun yaradılmasında yaxından iştirak edib. General komandirlik etdiyi süvari alayla erməni daşnaklarına qarşı mübarizədə, Gəncədə, Göyçay ətrafında, Kürdəmirdə, Bakının azad olunmasında, Şuşada, Əsgəran qalasında əsl fədakarlıq göstərib”.
Abdulla Qurbani bildirdi ki, Cəmşid Naxçıvanski Kəngərlilər nəslinin digər generalları kimi çar ordusunda xidməti ilə azərbaycanlıların hərb sənətində istedadlı və bacarıqlı millət olduğunu bir daha təsdiq edib. Vurğuladı ki, uzun illər keçdikdən sonra ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində generalın xatirəsi əbədiləşdirilib: “Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb, sərkərdənin Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulub, küçələrdən birinə onun adı verilib, Naxçıvanda ev-muzeyi təşkil olunub, yubileyi dövlət səviyyəsində qeyd edilib”.
Tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov generalın həyat və fəaliyyəti haqda məruzə ilə çıxış etdi, onun Azərbaycan Xalq Cümhuriyyətində ordu quruculuğundan söz açdı. Bildirdi ki, milli hərbi kadrların yetişməsində xidmətləri olan general şərəfli və mənalı ömür yolu keçib.
Sonda tədbir iştirakçıları tarix üzrə fəlsəfə doktoru Mahir Qəribovun general haqqında sənədli filmini izlədilər.
Qeyd edək ki, Naxçıvan xanları nəslindən olan Cəmşid Cəfərqulu oğlu Naxçıvanski I Dünya müharibəsində Rusiya ordusunda müsəlmanlardan təşkil olunmuş süvari eskadronuna komandirlik edib, bir sıra ordenlərə, təltiflərə layiq görülüb. 1918-ci ildə Azərbaycana qayıdaraq Xalq Cümhuriyyətində ordu quruculuğuna töhfələr verib. Sovetləşmədən sonra respublikada hərbi xidmətini davam etdirib, Azərbaycanda ilk atıcı diviziyanın komandiri olub. Moskvada Frunze Adına Ali Hərbi Akademiyanı bitirib, 30-cu illərdə bu tədris müəssisəsində işləyib.
26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə repressiya olunaraq güllələnib. 1956-cı ildə generala ölümündən sonra bəraət verilib.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 28
avqust.- S. 5.