“Baku Guide” bələdçi
kataloqunun dekabr sayı çapdan çıxıb
“Azərbaycanın inkişaf səviyyəsi müsəlman dünyası üçün nümunədir. Azərbaycan mədəniyyətlərarası dialoqa mühüm töhfə verir”. Bu sözlər Bakıda İSESCO-nun İcraiyyə Şurası və Baş Konfransının toplantılarında çıxış edən təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tüveycriyə məxsusdur.
23-27 noyabr tarixlərində gerçəkləşən və paytaxtımızda İSESCO həftəsi kimi yadda qalan, müsəlman ölkələrindən olan qonaqların Azərbaycan haqqında təəssüratını zənginləşdirən tədbirlər “Baku Guide" bələdçi kataloqunun dekabr buraxılışında əksini tapıb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq Azərbaycan, ingilis və rus dillərində nəşr olunan bələdçi kataloqunun yeni sayı da informativ materiallar, şəhərimizin qonaqları və paytaxt sakinlərinin diqqətini çəkəcək yazılarla zəngindir. Nəfis tərtibatlı nəşrdə materiallar rəngarəng foto-illüstrasiyalarla müşayiət olunur.
Noyabrın əvvəlində yekunlaşan Bakı Beynəlxalq Caz Festivalının ən məşhur qonaqlarından biri, niderlandlı Ntjam Rosie yaradıcılığı barədə fikirlərini və şəhərimizlə bağlı təəssüratını “Baku Guide" kataloquna müsahibəsində bölüşüb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Fusion Doll" III Bakı Beynəlxalq Kukla Biennalesinin yekunları ilə bağlı məqalə isə incəsənətin bu növü ilə maraqlanan oxucuların ürəyincə olacaq.
Kataloqda həmçinin dekabr ayı üzrə paytaxtın teatr, konsert və kino nümayişi müəssisələrinin geniş repertuarı, sərgi salonları və muzeylərdə keçiriləcək tədbirlər haqqında ətraflı məlumatlar, afişalar yer alıb.
Dekabr həmçinin qışın ilk ayıdır. Qış turizm mövsümünə xüsusi hazırlaşan və bəyaz dağlar qoynunda istirahət etmək istəyənlər kataloqda “Şahdağ” Turizm Mərkəzi haqqında yazı ilə tanış ola bilərlər.
Nəşrin bu sayında paytaxtın tarixi məkanları haqqında yazılar sırasına Fəxri xiyaban barədə material da əlavə olunub. Burada tariximizin bir çox səhifələri əbədiləşib. Paytaxt yaxınlığındakı ecazkar məkan olan Mərdəkan dendrarisi, Azərbaycanda ov turizmi ilə bağlı təqdimat yazıları da oxucuların diqqətini çəkəcək.
"Milli mətbəx" rubrikasında bu dəfə şəhərimizin qonaqlarına mövsümə uyğun olaraq yarpaq xingalı, onun hazırlanma qaydası haqqında məlumat verilir.
Həmişəki kimi gənclər də diqqətdən kənarda qalmayıb. Aktiv, adrenalin dolu istirahətə üstünlük verənlər paytaxtdakı əyləncə axşamları, konsert və partilər barədə məlumat əldə edə biləcəklər.
Turistlər üçün informasiya bölməsində
isə onları maraqlandıra biləcək suallar
cavablandırılır. "Bakını "City
sightseeng"lə kəşf edin", "Bakıdan xatirə",
turizm agentləri, aviakassalar, hava yolları və s. haqqında
bölmələr də paytaxtımızın qonaqları
üçün mühüm informasiya mənbəyidir.
Kataloqda həmçinin hotel, restoran, ticarət və əyləncə
məkanları haqqında məlumatlar, avtomobil kirayəsi,
çağrı mərkəzlərinin əlaqə nömrələri
və s. əksini tapıb.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 16.