Dilimizin Məcnunu
getdi...
Tək elə Dövlət Universitetinin yox, xəlqi “çöl-bayır” universiteti Müəllimlərindən də olmuş Tofiq Hacıyevi deyirəm!
O,
bütövlükdə Bənzərsizlik anlayışına
bənzəyirdi. Onun tələbələrə yanaşma,
elm-irfan həmkarlarıyla anışıb-qonuşma
“üslub”larından da bir obrazlılıq yağırdı.
Bir vaxtlar - ali məktəblərimizdən
yalnız bircəsinin “universitet” adlandığı
çağlarda Azərbaycan Dövlət Universitetinin
ayrıca dövrləri olub: “Əli Sultanlı”, “Mir Cəlal”,
“Əli Fəhmi”, “Abbas Zamanov”, “Bəxtiyar Vahabzadə”, “Tofiq
Hacıyev”...
Bəli, bu şəxsiyyətlər tək elə dərs dedikləri Azərbaycan Dövlət Universitetinin (BDU) rəsmi-ordinar auditoriyalarında deyil, öz ad-san, şan-şöhrət, postulati deyim-öyümlərilə ümummilli “çöl-bayır” universitetinin xəlqi “mər-məhəllə”, “kənd-kəsək” siniflərində də tələbə yetişdirirdilər.
“Katib” terminini “kitab” kəlməsindən irəli tutan o dövrdə bu universal tutumlu kişilər milli-mənəvi bir mayak timsalındaydılar. Qapalı evlərdən belə yoxalmaqda olan ağır-ağsaqqallıq keyfiyyətləri ayrı-ayrı elələrinin şəxsində toparlanıb, ümummilli şifahi-səyyari institut rolu oynayırdı. Uzaq-ucqar ünvanlarımızdan sırf sovet şagirdləri kimi gəlib, ali məktəblərə düşə bilənlər elələrinin simasında özgə aləmlərə və hətta (!) milli eşqə də düşürdülər. Hər yeni kurs tələbələri onların özlərindən öncə, sözləri-söhbətlərilə tanış olardılar. Yuxarı kurs tələbələri onlardan danışanda bütün gör-görkəmlərilə “əla” əhvalına düşər, bir-birindən gözəl xatirələr, “seminar-mühazirəvi”, “zaçot-imtahani” epizodlar söylər, kimisini milli ağsaqqal, kimisini xəlqi ata, qayğıkeş böyük qardaş kimi hallandırardılar. Tofiq müəllim isə uzun illər dillərdə -
“Sonbeşik Kişi” kimi qaldı...
İyirmi il öncəki bir telemüsahibəsində “Kim ki öz Vətənini, Dilini özünün mənəvi Leylisi hesab etmir, - o, heç kimin və heç nəyin Məcnunu ola bilməz” demiş professor Tofiq Hacıyev.
Yaxın vaxtlardakı söhbətlərinin birində “Füzulinin “ğəmzən kimi ustadı”, “aşiqlik istedadı” kimi poetik qıfıllarına hər elmi istedad açarı düşə bilməz...” söyləmiş akademik Tofiq Hacıyev.
Öz milli kökənlik fəaliyyət-qabiliyyətilə, məni, publisistik yazı-pozularda tez-tez rastlaşdığım “tunc sifətli” epitetində “Turan-tunc sifətli” əlavəsinə sövq etdirən böyük Türkoloq Tofiq Hacıyev.
Məhsuldar elmi fəaliyyəti, sanballı məqalə, monoqrafiya, dərs vəsaiti, müsahibə, çıxış, nitq və məruzələrilə vaxtaşırı olaraq mətbuatın elit-diqqətində olmuş Tofiq Hacıyev.
Nəhayət... daim gözəl bəhslər, xatirələr, major informasiyalar mərkəzində olmuş bu azman alim-ziyalı haqda agentliklərin ən minor (və ən son...) məlumatı: “Akademik Tofiq Hacıyev 27 noyabr 2015-ci ildə - səhər saatlarında yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib”...
Hə, “mürəkkəbi şəhid qanından üstün”lərin əsillərindən olan bu alimin dünyadəyişiminə gəlib çıxdıqsa, bu yazının isnad-istinad axarını da dəyişməli. Yəni, bu dünya ilə bağlı gözəl xatirat-təəssürat, yanım-dönüm və ağrılı “getdi”sindən imkanımca bəhs etdiyim bu seçkin elm-irfan qənimətimizin dilçilik, ədəbiyyatşünaslıq, ali nəzəri-təcrübi pedaqogika, ictimai fikir, nəticə etibarilə milli mədəniyyət tariximizdə -
“Əbədi qaldı”sına dair...
Bunu ehtiva və təmin edən irsin həm hədsiz geniş, həm də çox dərin olması (və bu işdə bəndənizin peşəkarlıq səviyyə-səlahiyyətinin yetərincə olmaması) səbəbindən, hörmətli oxucuların diqqətinə quruca faktları çatdırmalı oluram. Özü də onun orijinallıq örnəklərindən bəhrələnərək:
- O, 20 kitabın, 400-dən çox elmi məqalənin müəllifidir.
- Onun əsərlərinin (mətni üslubları bir yana!) adları nə qədər elmidirsə, bir o qədər də poetikdir: “Sabir: qaynaqlar və sələflər”, “Şeirimiz, nəsrimiz, ədəbi dilimiz”, “Dədə Qorqud: dilimiz, düşüncəmiz”, “Satira dili”, “Yazıçı dili və ideya-bədii təhlil”, “Molla Nəsrəddin”in dili və üslubu”, “Füzuli: dil sənətkarlığı”...
- Ona “Füzuli dilinin bal dilmancı” - deyə xitab edənlər də varmış.
- Onu tərcüməçilikdə “müştərək müəllif” kimi qiymətləndirirdilər (məsələn, B.A.Serebrennikov və N.Z.Hacıyevanın “Türk dillərinin müqayisəli tarixi qrammatikası”, M.Baştunun “Şan qızı dastanı” və poetikası”, M.Adcının “Qıpçaq çölünün yovşanı”, “Türklər və dünya: gizli tarix” və s.).
- Onda millətin öyrənci balalarına alovlu elmi atalıq eşqi vardı: “Azərbaycan ədəbi dili tarixi”, “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan dili tarixi” (K.Vəliyevlə), “Azərbaycan dili” (Z.Budaqova ilə), “Türk dili” (IX sinif, Ə.Quliyev və N.Cəfərov ilə), “Türk dili” (X-XI siniflər, N.Cəfərov ilə) və sair dərs vəsaitləri və monoqrafiyalarını xatırlayaq.
- Ondan bəhs edənlər “Kitabi-Dədə Qorqud”la bağlı tədqiqatlarına, 1975-1976-cı illərdə ADU-da təşkil etdiyi respublika səviyyəli “Dədə Qorqud” seminarı ilə Azərbaycan qorqudşünaslığında bir dirçəliş yaratdığına, 1976-da çap etdirdiyi “Azərbaycan ədəbi dili tarixi”ndə bu Ata kitabımızdakı hadisə və obrazların tarixi, abidənin dili, poetikası, etnoqrafik xüsusiyyətlərilə ilgili elmi-poetik təhlillərinə, müqayisəsiz kadr hazırlığına, dil tarixi və dialektologiya üzrə türk xalqları üçün xeyli sayda elmi işçi yetişdirməsinə, müxtəlif dilli neçə-neçə ölkədə keçirilən simpozium və konfranslarda dil tarixi və dialektologiyanın aktual mövzularında məruzələr etməsinə də işıq tutmağı unutmasınlar...
Başlıqda “Dilimizin Məcnunu getdi” dedim, sonluqda isə; o, tək elə dəm qazı ilə zəhərləndiyi Evindən, işğaldakı Soltanlı (Cəbrayıl rayonu) kəndi elindən, BDU-dan, Azərbaycandan yox, bütün Türk dünyasının kisə-küsüsündən getdi...
Allah rəhmət eləsin.
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 12.