Milli Kitabxanada Misirin ölkəmizdəki yeni səfiri ilə görüş

 

Noyabrın 27-də Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Suzan Cəmil Azərbaycan Milli Kitabxanasını ziyarət edib. Görüşdə Bakıdakı Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami əl-Aydi də iştirak edib.

Direktor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında qısa məlumat verib. Bildirib ki, respublikanın ən iri kitabxanası dünyanın 70-dən artıq kitabxanası və ayrı-ayrı təşkilatlarla beynəlxalq kitab mübadiləsi aparır, 30-dan artıq ölkənin kitabxanaları ilə ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Bir neçə dəfə Misirdə olduğunu diqqətə çatdıran Kərim Tahirov bu ölkənin məşhur İsgəndəriyyə Kitabxanası ilə əlaqələrdən də bəhs edib. O, Misir Mədəniyyət Mərkəzinin rəhbəri tərəfindən ərəb dilində 5 min ədəbiyyatın elektron variantının Azərbaycan Milli Kitabxanasına hədiyyə edildiyini bildirərək bu resursların tədqiqatçılar üçün əhəmiyyətindən danışıb.

Səfir Suzan Cəmil Azərbaycana təyinatından məmnunluq duyduğunu bildirib. Diplomat vurğulayıb ki, Bakıda Misir Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi Misir dövlətinin Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyinə bariz nümunədir.

Kərim Tahirov Azərbaycan və Misir milli kitabxanaları arasında memorandumun da tezliklə imzalanıb, qüvvəyə minəcəyinə əmin olduğunu bildirib, milli kitabxanaların hər iki ölkədə keçirilən beynəlxalq kitab sərgilərində iştirakının vacibliyini qeyd edib.

Səfir kitabxana ilə yaxından tanış olub, xatirə şəkli çəkdirilib. Qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, Azərbaycan filmlərinin diskləri, xalçalarımız haqqında kitablar təqdim olunub. Səfir də Misirdə yeni çapdan çıxan kitabları Milli Kitabxanaya hədiyyə edib.

 

Lalə

 

Mədəniyyət.-  2015.- 2 dekabr.- S. 12.