Bəxtiyar
Vahabzadənin yubileyi Özbəkistanda qeyd olunub
Noyabrın 26-da Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində "Azərbaycan poeziyasının klassiki - Bəxtiyar Vahabzadə" adlı tədbir keçirilib. Xalq şairinin 90 illik yubileyinə həsr olunan tədbir ölkəmizin Özbəkistandakı səfirliyi, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Əvvəlcə Bəxtiyar Vahabzadə haqqında sənədli film nümayiş etdirilib.
Dostluq cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov mərasimi açaraq Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından söz açıb, şairin Özbəkistanda da yaxşı tanındığını diqqətə çatdırıb. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə şairin 90 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd edildiyini bildirib. Bəxtiyar Vahabzadənin müasir Azərbaycan poeziyasının klassiki adlandıran S.Abbasov onun yaradıcılığı barədə ətraflı bəhs edib, ədibin onlarla şeir kitabının işıq üzü gördüyünü, mənzum pyeslərinin tamaşaya qoyulduğunu vurğulayıb.
Bəxtiyar Vahabzadə ilə dostluq etmiş Özbəkistanın Xalq şairi Camal Kamal xatirələrini danışıb, onu türk dünyası üçün böyük şəxsiyyət olduğunu bildirib, şeirlərini özbək dilinə tərcümə etdiyini deyib və bir neçə nümunəni səsləndirib.
Şair, tərcüməçi Usman Kuçkar, Babaxan Şərif, professorlar Bakidcan Toxliyev, Səadət Muxammedova və digər çıxış edənlər şairin yaradıcılığının məziyyətlərindən danışıblar.
Sonra Nizami adına Daşkənd Dövlət
Pedaqoji Universitetinin tələbələri şairin
poeziyasından nümunələr səsləndirib, onun əsərləri
əsasında hazırlanmış səhnəciklər
göstəriblər. Tədbir iştirakçıları ədibin
Azərbaycan və özbək dillərində kitablarından
ibarət sərgiyə baxıblar.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 10.