Marı şəhərində
“Türk dünyasının mədəniyyət paytaxtı”
ilinə yekun vurulub
Şəki şəhərinin 2016-cı il üçün "paytaxt” elan olunmasını bildirən rəmzi nişan Azərbaycan nümayəndə heyətinə təqdim olunub
Xəbər
verdiyimiz kimi, 26-27 noyabr tarixində Türkmənistanın
Marı şəhərində TÜRKSOY mədəniyyət
nazirləri Daimi Şurasının 33-cü toplantısı və
“Marı - türk dünyasının mədəniyyət
paytaxtı -2015” ilinin yekun mərasimi keçirilib. Tədbirlərdə
mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif
Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə
heyəti iştirak edib.
TÜRKSOY Daimi Şurasının toplantısında Azərbaycan tərəfin müraciəti qəbul olunaraq Şəki şəhəri 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Xatırladaq ki, TÜRKSOY-un bu layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər, ötən il Tatarıstanın Kazan şəhəri, bu il isə Türkmənistanın Marı şəhəri paytaxt elan olunub. Beləliklə, Xəzərin o tayındakı qədim Marı (Mərv) şəhərindən tarixi estafeti Azərbaycanın Şəki şəhəri təhvil alır. Son illərdə bir sıra beynəlxalq festivallara ev sahibliyi edən qədim şəhər 2016-cı ildə türk dünyasının əsas mədəniyyət tədbirlərini qəbul edəcək.
Qeyd edək ki, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı da gələn il Azərbaycanda keçiriləcək. Marı şəhərindəki iclasda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY-un növbəti il üçün müvəqqəti koordinatoru seçilib. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev təşkilatın ştandartını Türkmənistanın mədəniyyət naziri Annagəldi Qaracayevdən qəbul edib.
İclasın sonunda TÜRKSOY-un təsviri sənət üzrə mükafatı Tatarıstanın tanınmış fırça ustası, Rusiyanın Əməkdar rəssamı Qriqori Eydinova təqdim olunub.
Noyabrın 27-də Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısının iştirakçıları ilə görüşüb.
Görüşdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov təşkilatın və Türk Dünyası Memarlar və Mühəndislər Birliyi adından Prezident Qurbanqulu Berdıməhəmmədova “Türk dünyası qarşısında yüksək xidmətlərinə görə” medalını təqdim edib.
Həmin gün axşam Marı şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı -2015” ilinin təntənəli bağlanış mərasimi keçirilib. Mərasim ənənəvi türkmən çadırı formasında xüsusi olaraq inşa edilmiş konsert zalında gerçəkləşib. Mərasimdə türkdilli respublikaların incəsənət xadimləri rəngarəng proqramla çıxış ediblər. Həmçinin türkmən xalq sənəti nümunələri, məşhur Axaltəkə atları ilə sirk tamaşası də nümayiş olunub.
“Oğuzların yolu ilə” adlı konsert proqramında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Tatarıstandan gəlmiş ifaçılar çıxış ediblər. Konsertdə iştirak edən Azərbaycan muğam üçlüyünün çıxışı böyük maraq doğurub və alqışlarla qarşılanıb. Sonra Türkmənistan Prezidentinin himayəsi ilə keçirilən “Türkmənistanın qızıl əsri” yaradıcılıq mükafatı qaliblərə - Azərbaycanın Əməkdar artisti Nuriyyə Hüseynovaya, Tatarıstandan Aydar Fayzrahmanov və Özbəkistandan Rovşancon Yunusova təqdim olunub.
Tədbirin sonunda Şəki şəhərinin
2016-cı üçün "Türk dünyasının mədəniyyət
paytaxtı” elan olunmasını bildirən rəmzi nişan Azərbaycan
nümayəndə heyətinin rəhbəri Vaqif Əliyevə
təqdim edilib.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 8.