Bakıda məşhur gürcü bəstəkarın yubiley gecəsi keçirildi

 

Noyabrın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Gürcüstanın görkəmli bəstəkarı Giya Kançelinin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. Yubiley gecəsinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri qatılmışdı.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə gürcü bəstəkarın yaradıcılığından danışdı. Qeyd etdi ki, geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaradıb, musiqili teatr və kino sənətinə dəyərli töhfələr verib. Giya Kançeli "Qəm eləmə", "Küp", "Mimino" kimi məşhur filmlərə yazdığı musiqilərlə keçmiş SSRİ məkanında geniş tanınıb. Firəngiz Əlizadə diqqətə çatdırdı ki, Giya Kançeli ilə birlikdə çoxsaylı festival və layihələrdə iştirak edib.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Gürcüstanın ən məşhur bəstəkarlarından olan Giya Kançelinin zəngin yaradıcılığına görə SSRİ Xalq artisti fəxri adına, SSRİ Dövlət mükafatına layiq görüldüyünü bildirdi. Qeyd etdi ki, bəstəkar yazdığı simfonik əsərlər və filmlərə bəstələdiyi musiqilər nəinki keçmiş sovetlər məkanında, həmçinin Avropada ona şöhrət gətirib. Fərhad Bədəlbəyli daha sonra yubilyara Bakı Musiqi Akademiyasının "Fəxri doktoru" diplomunu təqdim etdi.

Giya Kançeli çıxış edərək zəngin musiqi ənənələrinə malik Azərbaycanın muğam, aşıq sənəti, həmçinin klassik janrda böyük musiqi irsinin olduğunu bildirdi. Qeyd etdi ki, Qara Qarayev, Tofiq Quliyev kimi bəstəkarlarla yaxın münasibətləri olub. Qonaq Bakıda yubileyinin keçirilməsinə, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirdi.

Yubiley gecəsi konsert proqramı ilə davam etdi. Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası çıxış etdi. Konsertdə Giya Kançelinin musiqiləri ilə yanaşı, bir sıra tanınmış bəstəkarların əsərləri də səsləndirildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 7.

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 7.