Əkbər Behkəlamın “Qaçma yolları” sərgisi

 

“Özümü hər hansı bir cərəyana aid etmirəm, sadəcə rəssamam”

 

Noyabrın 27-də Milli İncəsənət Muzeyində (MİM) Almaniyada yaşayan soydaşımız, tanınmış rəssam Əkbər Behkəlamın “Qaçma yolları” adlı fərdi sərgisinin açılışı oldu. Sərginin təşkilatçıları muzey, Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqıdır.

 

Tədbiri giriş sözüylə muzeyin direktoru, professor Çingiz Fərzəliyev açaraq rəssam haqqında iştirakçılara məlumat verdi.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında rəssam Əkbər Behkəlamı 1989-cu ildən Akademik Milli Dram Teatrında işlədiyi zamandan tanıdığını bildirdi. Qeyd etdi ki, o vaxtdan yaranan dostluq münasibətləri bu gün də davam edir. Nazir müavini rəssamın yaradıcılıq dünyasının genişliyindən, bənzərsizliyindən söz açdı, ona yeni uğurlar arzuladı.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov da Ə.Behkəlam ilə dostluğundan danışdı. Bildirdi ki, soydaşımız Bakıya ilk dəfə hələ sovet dövründə, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xəttilə gəlib. Qeyd etdi ki, Ə.Behkəlam bu gün Almaniyanın tanınmış rəssamlarından biridir, imzası dünyada tanınmaqdadır.

Sonra söz səbəbkara verildi. Əkbər Behkəlam Bakıya ilk gəlişindən, Xalq artisti Həsənağa Turabov, Xalq rəssamı Rasim Babayevlə dostluğundan söz açdı. Bildirdi ki, o vaxt Akademik Milli Dram Teatrında bir tamaşanın quruluşçu rəssamı olacaqmış. 1990-cı il 20 Yanvar hadisəsindən sonra bu istək baş tutmayıb. Rəssam Vətəndə sərgisinin açılmasından məmnun olduğunu, əsərlərindən birini muzeyə hədiyyə edəcəyini dedi.

Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə rəssamın 27 əsəri nümayiş etdirilir. “Günəş həsrəti”, “Günorta bürküsü”, “Batan qayıq”, “Faciəni nəzərə alaraq”, “İnsan mənzərələri”, “Gecə Berlin divarlarının düşməsi”, “Sıxıntı”, “İşıqlıq görüntüsü”, “Yeni həyat”, “Uçqun”, “Gediş”, “Yüksəlirkən”, “Ay işığında” və başqa əsərləri daha çox hissiyyatlığı, rəmzilikləri və iri ölçüləri ilə diqqəti çəkir.

Ə.Behkəlamın əsərləri əsasən siyasi mövzularla bağlıdır. Yaradıcılığının erkən dövründə yeni Avropa realizminin və Şərq miniatür rəngkarlığının təsiri ilə əsərlər yaradan rəssamın tablolarında daha sonralar şərtiliyə, simvolizmə güclü meyl müşahidə edilib. Əsərləri güclü rəng çalarları, dinamik ekspressiya, hadisələrə fəlsəfi baxışı ilə seçilir.

Rəssam qəzetimizə müsahibəsində bunları bildirdi: “Özümü hər hansı bir cərəyana aid etmirəm, sadəcə rəssamam. Məni maraqlandıran şeyləri çəkirəm. Əsərlərimdə avanqard və başqa cərəyanlar olub-olmadığını bilmirəm. Zahirən məndə abstrakt əsərlər də var. Diqqətlə baxanda abstrakt olmadığı üzə çıxır. Əsərləri böyük ölçülərdə işləyirəm. Bir neçə divar rəsmim var ki, min kvadratmetrdən çoxdur”.

Qeyd edək ki, Əkbər Behkəlam 1944-cü ildə Təbrizdə anadan olub. 1961-1964-cü illərdə Təbriz İncəsənət Məktəbində rəssamlıq təhsili alıb. Daha sonra İstanbulda Memar Sinan adına Gözəl Sənətlər Universitetində təhsilini davam etdirib.

1972-1974-cü illərdə yeni yaradıcılıq axtarışları ilə bağlı Paris, Frankfurt, Roma və Berlin şəhərlərində yaradıcılıqla məşğul olub. Sonra İrana qayıdan rəssam 1976-cı ilədək Təbriz İncəsənət Məktəbində müəllim kimi çalışıb. 1976-cı ildən Almaniyanın Berlin və Brandenburq şəhərlərində yaradıcılıq fəaliyyətini davam etdirib. Rəssamın əsərləri müxtəlif ölkələrin muzey və qalereyalarında nümayiş olunub.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 7.