Müsəlman
ölkələrindən qonaqlar Bakı ilə tanış
olublar
İSESCO Baş Konfransının 12-ci sessiyasının iştirakçıları Heydər məscidini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər
İslam Təhsil,
Elm və Mədəniyyət Təşkilatının
(İSESCO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri
və qurumun Baş Konfransının 12-ci sessiyasının
iştirakçıları noyabrın 27-də Bakıda Heydər
məscidini ziyarət ediblər.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman, idarənin sədr müavini və Heydər məscidi kompleksinin rəhbəri Hacı Sabir Həsənli iştirak edib.
Qonaqlar Heydər məscidi ilə tanış olublar, ehtiram namazı qılıblar. Məlumat verilib ki, 2014-cü ilin dekabrında açılışı keçirilən Heydər məscidi Qafqazın ən böyük məscididir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa olunan məscidin minarələrinin hündürlüyü 95 metrdir. Fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Burada 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz və hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.
* * *
İSESCO Baş Konfransının 12-ci sessiyasının iştirakçıları noyabrın 27-də Heydər Əliyev Mərkəzində olublar.
Qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası və fəaliyyət istiqamətləri haqda məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, mədəni irsinin, incəsənətinin beynəlxalq aləmdə təbliğinə, digər sahələrin dəstəklənməsinə və inkişafına xidmət edir.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqlarda xüsusi maraq doğurub. Məlumat verilib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış muzeyin bölmələrində ulu öndərin sovet dövründə və ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Tədbir iştirakçılarına “Azərbaycan
inciləri: tarixin axarında” sərgisi barədə də məlumat
verilib. Bildirilib ki, ekspozisiyada çoxəsrlik tarixi-mədəni
irsimizə dair nadir eksponatlar nümayiş olunur, qədim el sənətlərinin,
Azərbaycan xalçaçılıq məktəbinin nadir
nümunələri təqdim edilir. Sərgidə Azərbaycanın
qədim çalğı alətləri orijinal şəkildə
- səsli formada təqdim olunur. Qonaqlar Bakıdakı və
regionlardakı tarixi memarlıq abidələrinin maketlərindən
ibarət “Mini Azərbaycan” sərgisi ilə də maraqla
tanış olublar.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 6.