“Türk
epos mədəniyyəti”
“Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş elmi-nəzəri konfrans
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində “Türk epos
mədəniyyəti və “Kitabi-Dədə Qorqud”
dastanı” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbir
Prezident İlham
Əliyevin “Kitabi-Dədə Qorqud”
dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200
illiyinin qeyd
olunması haqqında” sərəncamına əsasən təşkil
edilib.
Universitetin rektoru, professor Fərəh Əliyeva konfransı açaraq müstəqillik tariximizin mühüm ədəbi hadisəsi olan “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin 2000-ci ildə UNESCO səviyyəsində təntənə ilə qeyd edilməsindən, ümummilli lider Heydər Əliyevin klassik irsə münasibətindən danışıb. Bildirilib ki, dastan milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyətə malikdir.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qeyd edib ki, tarix içindəki oğuz-türk mənəvi mədəniyyətinin ana axarlarından biri Dədə (Ata) Qorqud və onun çevrəsindəki mifoloji və tarixi proseslərlə bağlıdır. Babalarımız olan oğuzların mənəvi-ruhani hamisi, yol göstəricisi statusunda çıxış edən Qorqud yüzilliklərin dərinliklərindən gələn müdriklik, ulusu gələcəyə doğru istiqamətləndirmə düşüncəsinin ortaya çıxardığı rəmzi-mifoloji obrazdır.
Folklorşünas alim, professor Qəzənfər Paşayev, universitetin professoru, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə, M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Aybəniz Əliyeva-Kəngərli, Əməkdar incəsənət xadimi, dosent Kamilə Dadaşzadə, professor Tərlan Quliyev və başqalarının çıxışları dinlənilib.
Konfrans “Kitabi-Dədə Qorqud” və milli musiqimiz”, “Kitabi-Dədə Qorqud” və müasir filoloji fikir”, “Kitabi-Dədə Qorqud” və Azərbaycanda kulturoloji düşüncə” və “Teatr və kinoda “Dədə Qorqud” motivləri” adlı bölmə iclasları ilə davam edib.
Universitetin tələbələrinin ifasında
saz havaları təqdim olunub. “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə
dair videoçarxlar və kitab sərgisi
nümayiş etdirilib.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 6.