İSESCO-nun Bakı toplantıları səmərəli müzakirələrlə yadda qaldı

 

Yekun bəyanatda Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində mədəni irsin məhv edilməsi ilə bağlı məsələ də əksini tapıb

 

Xəbər verdiyimiz kimi, 23-27 noyabr tarixində Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) İcraiyyə Şurasının 36-cı iclası və təşkilatın ali orqanı olan Baş Konfransın 12-ci sessiyası keçirilib. Noyabrın 27-də sessiyanın Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə yekun iclası oldu.

 

Təşkilatın yeni loqosu və saytı təqdim olundu

 

İclasda əvvəlcə İSESCO-nun yeni loqosunun təqdimatı oldu. Bildirildi ki, yeni loqo təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tüveycrinin, təşkilatın İcraiyyə Şurasının sədri Bubəkir Dokurənin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə imzalanıb və qəbul edilib.

Sonra İSESCO-nun yeni internet saytının, elektron xidmətlər üçün təşkilatın mütəxəssisləri tərəfindən hazırlanan portalın təqdimatları keçirildi.

Nəzərə çatdırıldı ki, sayta yeniliklər əlavə edilib və bunlardan biri də elektron şəkildə üzv ölkələrin qeydiyyatının həyata keçirilməsidir. Həmçinin yeni sayt vasitəsilə mobil qaydada müxtəlif sənədləşmə işlərini tezləşdirmək mümkün olacaq.

İclasda “Best Solutions” şirkəti tərəfindən hazırlanan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) layihəsi haqqında video məlumat da təqdim edildi. Sonra iclasın sədri Əbülfəs Qarayev 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı məlumat verdi.

 

IV İslam Həmrəylik Oyunları ilə bağlı təqdimat

 

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəylik Oyunları ilə bağlı təqdimatla çıxış edərək bildirdi ki, ölkəmiz bir sıra beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi edib. 2017-ci ildə baş tutacaq tədbirlə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən təşkilat komitəsi yaradılıb, komitəyə Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva rəhbərlik edir. Vurğulandı ki, IV İslam Həmrəylik Oyunları yüksək səviyyədə təşkil ediləcək və bütün dünyaya islam dininin qardaşlıq, sülh, mərhəmət dini olduğunu bir daha sübut edəcək.

Daha sonra “Bakı 2015” I Avropa Oyunlarının yaddaqalan anlarını əks etdirən videoçarx nümayiş olundu.

İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri öz növbəsində IV İslam Həmrəylik Oyunlarına təşkilatın dəstək və töhfəsini verəcəyini bildirdi. Qeyd edildi ki, qurum artıq bir sıra hazırlıq işlərinə başlayıb və müəyyən addımlar atılıb.

Ərəb Liqası Dövlətləri Elm, Mədəniyyət və Təhsil Təşkilatının (ALECSO) nümayəndəsi xanım Mehna Əhməd göstərilən qonaqpərvərlik və yüksək təşkilatçılığa görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi, İslam Həmrəylik Oyunlarının uğurla keçirilməsini arzuladı.

 

Bir çox ölkələrdə məktəb və mütəxəssis çatışmır

 

İclasda çıxış edən Səudiyyə Ərəbistanının nümayəndəsi ölkəsinin distant təhsillə bağlı layihəsini təqdim etdi. Təqdimatda islam dünyasında təhsilin vəziyyəti və problemləri barədə məlumat yer almışdı. Bildirildi ki, hazırda müsəlman ölkələrində kişilərin 40, qadınların isə 57 faizi savadsızdır. Bir çox ölkələrdə məktəb və mütəxəssis çatışmazlığı var.

Səudiyyə Ərəbistanı nümayəndəsi iki əlavə layihə haqqında məlumat verdi. Bu layihələrdə əlilliyi olan insanlar üçün təhsil proqramı və elektron təhsil əksini tapmışdı.

 

Yekun bəyanat qəbul edildi

 

Sonra iclasda yekun bəyanat qəbul edildi. Bəyanatda islam dövlətlərində son dövrlər baş verən hadisələrlə, torpaqların işğalı, Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində mədəni irsin məhv edilməsi ilə bağlı narahatlıq ifadə edilir. Bəyanatda Azərbaycan Prezidenti İlham Əliyevin, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycrinin və üzv ölkələrin nüfuzlu şəxslərinin fikirləri əks olunub.

Tədbirdə Misir Ərəb Respublikasının nümayəndəsi ölkəsi adından səmərəli fəaliyyətə görə İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, təşkilatın İcraiyyə Şurasının sədri Bubəkir Dokurə və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə mükafatlar təqdim etdi.

İclasda həmçinin İSESCO Baş Konfransının 12-ci sessiyasının yekun hesabatı, 3 illik fəaliyyət planı və qətnamə layihələri qəbul olundu. Sonda İSESCO tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktubu oxundu. Məktubda ölkə rəhbərliyinə qonaqpərvərlik və təşkilatın sessiyasının yüksək səviyyədə təşkilinə görə minnətdarlıq ifadə edilirdi.

Beləliklə, İSESCO Baş Konfransının 12-ci sessiyasının yekun iclası sədr Əbülfəs Qarayev tərəfindən bağlı elan edildi. Xatırladaq ki, ölkəmiz növbəti üç ildə İSESCO Baş Konfransına sədrliyi həyata keçirəcək.

 

L.Azəri

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 5.