Melodiyanın təsvirini canlandıran sənətkar

 

Görkəmli rəqqas Əlibaba Abdullayevin 100 illik yubileyi qeyd olundu

 

Noyabrın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli rəqqas, Xalq artisti Əlibaba Abdullayevin (1915-1980) anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi. Gecəyə qatılanlar ilk olaraq filarmoniyanın foyesində görkəmli rəqqasın həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış oldular.

 

Yubiley gecəsi Soltan Hacıbəyovun "Karvan" simfonik muğamının sədaları ilə başlandı. Əlibaba Abdullayevə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın həyat və yaradıcılığından söhbət açdı.

Bildirdi ki, professional rəqs sənətinin banisi olan Əlibaba Abdullayev Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib. Tanınmış rəqqası filarmoniyaya ilk dəfə 1936-cı ildə Üzeyir Hacıbəyli gətirib. Ovaxtdan Qəmər Almaszadənin rəhbərliyi altında Leyla Bədirbəyli, Tutuxanım Həmidova və digərləri ilə çiyin-çiyinə çalışıb.

Qeyd olundu ki, Əlibaba Abdullayev musiqiyə, sənətinə son dərəcə bağlı insan kimi tanınıb. O, Böyük Vətən müharibəsi illərində Bülbülün rəhbərliyi altında ön cəbhədə əsgərlər qarşısında çıxışlar edir, onun quruluş verdiyi rəqslər əsgərlərdə mərdlik, döyüşkən ruh yaradırdı. Sonralar SSRİ miqyasında tanınan rəqqaslardan birinə çevrilib, festivallarda qızıl medallara layiq görülüb.

Tanınmış baletmeyster Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcılarından biri olmaqla yanaşı, Musiqili Komediya Teatrında “Arşın mal alan”, “Ulduz”, “Durna”, “Qızılgül” kimi tamaşalarda rəqslərə quruluş verib. Onun filmlərə, teatr tamaşalarına verdiyi rəqs quruluşları bugünkü rəqs sənətimizin inkişafında, yeni nəslin daha da püxtələşməsində müstəsna rol oynayıb. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olan görkəmli xoreoqraf 1943-cü ildə Əməkdar artist, 1959-cu ildə isə Xalq artisti adlarına layiq görülüb. 1994-cü ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaşadığı evin qarşısına barelyefi vurulub və adına küçə verilib.

Sənətşünaslıq doktoru, professor Ceyran Mahmudova, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev də çıxışlarında rəqqasın yaradıcılığından danışdılar. Bildirildi ki, Əlibaba Abdullayev "O olmasın, bu olsun", "Görüş", "Əmək və qızılgül" və başqa filmlərdə rəqslərin quruluş müəllifidir.

Milli xoreoqrafiya sənətinin böyük bilicisi olan Əlibaba Abdullayev bir çox rəqslərə yüksək professionallıqla quruluş verib. “Toy”, “Çobanlar”, “Vağzalı”, “Azərbaycan”, “Novruz”, “Uzundərə”, “İnnabı”, “Bəri bax”, “Qaraxal yar” kimi kiçik süjetli folklor tamaşaları, kompozisiyaları bu sənətin həmişəyaşar nümunələri sırasındadır.

Ü.Hacıbəyli görkəmli rəqqas haqqında deyib: “Əlibaba musiqinin ritmini dərindən duyur. Tamaşaçıya elə gəlir ki, onun rəqsləri səslənən melodiyanın əyani təsvirini canlandırır”.

Yubiley gecəsi Dövlət Mahnı və Rəqs Ansamblının, Akademik Opera və Balet Teatrı truppasının, Bakı Xoreoqrafiya Akademiyası və Uşaq Filarmoniyası kollektivlərinin çıxışları ilə davam etdi. Kollektivlərin ifasında "Cəngi", "Nəlbəki", "Qaval", "Bulaq başı", "Naz eləmə" və digər rəqslər ifa olundu.

 

L.Azəri

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 4.