Elmi-Metodik Mərkəzlə Folklor İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

 

Dekabrın 1-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə (MEMM) “Kitabi-Dədə Qorqud” dastanının alman dilində nəşrinin 200 illiyinə həsr edilmiş dəyirmi masa keçirildi. Tədbirdə MEMM ilə AMEA Folklor İnstitutu arasında əməkdaşlıq memorandumu imzalandı.

 

MEMM-in direktoru Asif Usubəliyev bildirdi ki, mərkəzin fəaliyyət istiqamətləri sırasında elmi müəssisələrlə əməkdaşlığa mühüm yer ayrılır. Folklor İnstitutu da bu sıradadır: “Elmi müəssisələrlə əməkdaşlıq bizim üçün məsuliyyət olmaqla yanaşı, həm də öhdəlikdir. İnanıram ki, qarşılıqlı əməkdaşlıq mədəniyyətimizin tanıdılması üçün səmərəli layihələrlə reallaşacaq. Biz Azərbaycan reallıqlarını düzgün mədəni siyasətlə, informasiya təbliğatı ilə çatdırmağı bacarmalıyıq”.

Folklor İnstitutu ilə əməkdaşlıq müqaviləsi barədə məlumat verən direktor sənəddə elmipraktik layihələrin həyata keçirilməsinin əksini tapdığını dedi. Bildirdi ki, əsas məqsəd milli-mədəni irs nümunələrinin tədqiqi və araşdırılmasına yönəldilib. AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov çıxışında əməkdaşlığın hər iki təşkilat üçün önəmli əhəmiyyət daşıdığını vurğuladı.

Sonra MEMM və Folklor İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalandı.

İmzalanmadan sonra Folklor İnstitutunun böyük elmi işçisi, dosent Qalib Sayılov “Dədə Qorqudislam”, MEMM-in əməkdaşları - bədii təhsil şöbəsinin baş metodisti Səadət Təhmirazqızı “Kitabi-Dədə Qorqudun musiqi dünyası”, elmi araşdırmalar şöbəsinin baş metodisti İlahəxanım Qurbanova “Kitabi-Dədə Qorqud” - ana kitabımız”, təsisatlar üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Afaq Ağayeva “Kitabi-Dədə Qorqud” dastanında mənəvi dəyərlər”, elmi araşdırmalar şöbəsinin metodisti Aytən Muradova “Kitabi-Dədə Qorqudun tədqiqi tarixindən” mövzusunda məruzələrlə çıxış etdilər.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 4.