Muzey
işçilərinin ümumrespublika müşavirəsi
keçirildi
Noyabrın 30-da
Beynəlxalq Muğam Mərkəzində muzey işçilərinin
ümumrespublika müşavirəsi keçirildi. Tədbirdə
muzey sahəsində görülmüş işlər,
mövcud çatışmazlıqlar və qarşıda
duran vəzifələr müzakirə olundu.
Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının bölgələrin mədəni həyatına müsbət təsir göstərdiyini, yerlərdə yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirdi.
Qeyd etdi ki, muzey işinin inkişaf etdirilməsi dövlətimizin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir: “Bu gün ölkəmizdə mövcud olan muzey işinin müasir standartlar səviyyəsində qurulması üçün müvafiq tədbirlər görülür. Paytaxtımızın yeni rəmzlərindən olan Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi kimi möhtəşəm binalar inşa olunmuşdur. Bu müasir mədəniyyət və memarlıq incilərimiz paytaxtımıza gələn turistləri də özünə cəlb edir. Bundan başqa, paytaxtımızdakı Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, eləcə də regionlarda olan tarix-diyarşünaslıq muzeyləri də turistlər üçün maraqlı məkanlardır. Onları bu məkanlara cəlb etmək üçün işləmək lazımdır. Muzey işi günün müasir tələblərinə uyğun qurulmalı, mədəni turizmin tərkib hissəsi kimi inkişaf etməlidir”.
Nazir yerlərdə tarix-diyarşünaslıq muzeylərinin rolunun gücləndirilməsi, muzeylərin sərgi-ekspozisiyasında müasir standartların tətbiqi və muzey işçilərinin peşəkarlığının artırılmasının vacibliyini vurğuladı.
Əbülfəs Qarayev çıxışında muzeylər arasında əməkdaşlıq, informasiya mübadiləsi, muzey işi sahəsində mütəxəssislərin hazırlanması, təbliğat işlərinin gücləndirilməsi, sosial şəbəkələrdə təbliğat kimi önəmli məsələlərə də toxundu.
Müşavirədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylər, onların fondları, görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verdi. Bildirdi ki, hazırda nazirliyin tabeliyində 219 muzey fəaliyyət göstərir. Buraya 13 incəsənət, 7 ədəbiyyat, 71 tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti muzeyi, 60 Heydər Əliyev Mərkəzi, 48 ev-muzeyi, 13 ictimai profilli muzey və bir alman irsi mərkəzi daxildir.
Ölkəmizdə milli mənəvi dəyərlərə, o cümlədən muzey işinə dövlət qayğısından söz açan nazir müavini bu sahənin inkişafına ümummilli lider Heydər Əliyevin verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, xalqımızın tarixi-mədəni irsinin qorunmasında muzeylərin dəyərini həssaslıqla duyan ulu öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə muzey işçilərinin respublika müşavirəsi keçirilib, müşavirənin yekunlarına əsasən respublikamızda muzey işinin yaxşılaşdırılması haqqında qərar qəbul olunub.
Bildirildi ki, ümummilli lider tərəfindən müəyyən edilmiş prioritetlər və müvafiq dövlət siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr bu sahənin inkişafına mühüm töhfədir.
Vurğulandı ki, 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” qanun ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Sənədə əsasən, muzey maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsidir.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxışında bildirdi ki, muzeylər turizm sənayesinin inkişafına öz töhfələrini verməlidir. Mədəni turizmin inkişafında muzeylər bir neçə istiqamətdə iş apara bilər. Turizm xidmətlərinin keyfiyyəti və turizm məhsullarının mövcudluğu baxımından işlərin həyata keçirilməsi muzeyin maddi-texniki bazasının səviyyəsi, işçi heyətin peşəkarlığından asılıdır: “Muzey işinin günün müasir tələblərinə uyğun səviyyədə qurulması üçün bələdçilərin bilik səviyyəsi, audiobələdçilərin yaradılması, xarici dillərdə annotasiya, suvenirlərin keyfiyyəti, ekskursiyaların çeşidi, iaşə obyektlərinin mövcudluğu, onlayn biletlərin alınması imkanları, pos-terminalların və muzeyin planının olması kimi məsələlərə diqqət yetirilməlidir”.
Qeyd olundu ki, təbliğat baxımından muzeylərin saytının yaradılması, sosial şəbəkələrdə təbliğat, turizm şirkətləri, hotellərlə əlaqələr gücləndirilməlidir. Muzey işçiləri üçün turizm etikası, xarici dil, menecment və başqa istiqamətlərdə treninqlərin keçirilməsi vacibdir.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Samux rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Beyləqan rayonu Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova çıxış edərək görülən işlər, əldə olunan nəticələr və mövcud problemlərdən danışdılar.
Muzeylərin maddi-texniki bazasının gücləndirilməsi, ekspozisiyaların müasir tələblərə uyğun qurulması, muzey işində internet və elektron resursların rolu mövzularında müzakirələr aparıldı.
Müşavirəyə yekun vuran Əbülfəs Qarayev qarşıda duran vəzifələr və mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 3.