Mədəniyyət
və turizm naziri “Şahdağ” Turizm Mərkəzində olub
Dekabrın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar rayonu ərazisindəki “Şahdağ” Turizm Mərkəzində olub. Nazir turizm kompleksində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb.
Kompleksin baş layihəçisi və baş podratçı təşkilatların rəhbərləri ilə işlərin gedişini ətraflı müzakirə edən Əbülfəs Qarayev müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.
Nazir həmçinin “Şahdağ” Turizm Mərkəzinin müdiriyyəti və burada fəaliyyət göstərən hotellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ” Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamın əhəmiyyəti vurğulanıb, sərəncamın icrası ilə bağlı bütün tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Kompleksdə qış turizm mövsümünə
hazırlıq işlərinin vəziyyəti barədə
nazirə məlumat verilib. Yeni illə əlaqədar
hazırlanan mədəni-əyləncəli proqramlara dair təqdimat
keçirilib. Əbülfəs Qarayev turizm mərkəzində
mövsümə hazırlıqla bağlı müvafiq
tapşırıqlar verib.
Mədəniyyət.- 2015.- 2
dekabr.- S. 2.