Bəstəkar Aygün Səmədzadənin yaradıcılıq gecəsi

 

Dekabrın 1-də Heydər Əliyev Sarayında Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadənin “Biri varmış, biri yoxmuş” adlı sənət gecəsi keçirilib.

Tədbirdə hökumət nümayəndələri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Qonaqları salamlayan Aygün Səmədzadə bildirib ki, təqdim olunacaq əsərlər uzun illərin zəhmətinin bəhrəsidir. Zaman-zaman içində gəzdirdiyi hisləri, duyğuları musiqi ilə paylaşdığını söyləyən bəstəkar deyib ki, əgər bəstələrimi insanlara sevdirə bilmişəmsə, demək çəkdiyim zəhmət hədər getməyib. Sənətinə verilən diqqətə görə bütün musiqisevərlərə minnətdarlığını bildirən bəstəkar sözü musiqiyə verib.

Gecədə bəstəkarın populyar mahnıları ilə yanaşı, simfonik əsərləri və xoreoqrafik kompozisiyaları da təqdim olunub. Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestri tədbiri daha da rövnəqləndirib.

Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı bir sıra televiziya layihələrinin ideya müəllifi və rəhbəri olmuş bəstəkar müxtəlif vokal-xoreoqrafik kompozisiyalarla yanaşı, bir çox tanınmış müğənnilərin repertuarında yer alan yüzədək mahnının müəllifidir.

 

Mədəniyyət.- 2015.- 2 dekabr.- S. 2.