Bir aktyorun ömür və sənət yolu
Ötən
əsrdə Azərbaycan teatrının inkişafına
töhfələr vermiş sənətkarlardan
biri də yüksək səhnə
bacarığı, gur səsi, aydın
diksiyası və klassik faciə
obrazlarının mahir ifaçısı
kimi tanınan Xalq artisti Əşrəf Yusifzadə olub.
Əşrəf Əmrah oğlu Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində dünyaya göz açıb. Erkən çağlardan ədəbiyyata maraq göstərib, oxuduğu məktəbdə dram dərnəyinin ən fəallarından biri olub. Məktəbi bitirəndən sonra ali təhsil almaq məqsədilə İrəvan şəhərinə gedir. Təhsillə yanaşı, İrəvana Azərbaycan teatrının tanınmış aktyorlarından olan Yunis Nurinin dram dərnəyinə qəbul edilir. Burada daha çox epizodik rollarda oynayır və kütləvi səhnələrdə yer alır.
İkiillik təhsilini başa vurduqdan sonra Y.Nurinin zəmanəti ilə İrəvanda Azərbaycan teatrının aktyor heyətinə qəbul olunur. 1928-ci ildə bu kollektivin əsasında İrəvan Dövlət Azərbaycan Dram Teatrı yaranır və kollektiv Jan Batist Molyerin “Zorən təbib” komediyasını təqdim edir. Aktyor həmin tamaşada nökər rolunu canlandırır. O, dram truppasında və bir çox tamaşalarda əsas rollarda səhnəyə çıxır, tamaşaçıların diqqətini cəlb etməyə başlayır.
Ancaq gənc aktyor 1930-cu ildə teatrdan ayrılır və Bakıya gəlir. Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinə daxil olur. Məşhur aktyor və rejissor Rza Təhmasib və şair-dramaturq Hüseyn Cavidlə dostluğu onu yenidən teatr səhnəsinə qaytarır. 1932-ci ilin oktyabrında Bakı Türk İşçi Teatrının truppasına aktyor olaraq qəbul edilir.
1933-cü ildə kollektivlə birgə Gəncə şəhərinə gəlir. Həmin ildən həyatını Gəncə Dövlət Dram Teatrına bağlayır, ömrünün sonunadək burada çalışır, tamaşaçıların məhəbbətini qazanır. Aktyorun 30 illik zəngin və əlvan yaradıcılıq qalereyasını Frans Moor (“Qaçaqlar”, F.Şiller), Vaqif, Qacar, Xosrov (“Vaqif”, “Fərhad və Şirin”, S.Vurğun), Yaqo (“Otello”, U.Şekspir), Hacı Qara (“Hacı Qara”, M.F.Axundzadə), Xosrov Atayev, Nəcəf (“Atayevlər ailəsi” və “Bahar suları”, İ.Əfəndiyev), Şeyx Nəsrulla (“Ölülər”, C.Məmmədquluzadə), Vilyams (“Kəllə”, N.Hikmət), Şeyx Sənan, Özdəmir, Keykavus (“Şeyx Sənan” və “Səyavuş”, H.Cavid) və başqa rollar bəzəyib.
Gəncə Dövlət Dram Teatrı Şəmkir, Qazax, Tovuz, Yevlax, Şəki, Lənkəran, Ağdam, Şuşa, Füzuli, Laçın rayonlarında bir-birindən maraqlı və rəngarəng qastrol tamaşaları ilə çıxış edir. Bu rayonların teatrsevərləri də Əşrəf Yusifzadənin parlaq istedadının pərəstişkarına çevrilirlər. Çünki o, coşqun səhnə ehtirası, daxili temperamenti, qaynar psixoloji aləmi, pafoslu danışıq ahəngi ilə teatrsevərlərin qəlbini ovsunlayır, bu sənətin cazibəsini daha da artırırdı.
Cəfakeş teatr xadimi, gənclərin qayğıkeşi, romantik aktyor Əşrəf Yusifzadə səhnədəki uğurlu oyun tərzi ilə təkcə tamaşaçıların sevgisini qazanmayıb, eyni zamanda rəhbər dairələrin də daim diqqət mərkəzində olub. Əməyi yüksək qiymətləndirilən aktyor 1943-cü ildə respublikanın Əməkdar artisti, 1955-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Əşrəf Yusifzadə 1963-cü il martın 7-də, yaradıcılığının coşqun çağlarında, 57 yaşında Gəncədə vəfat edib. Sənətkar qədim Səvzəkar qəbiristanlığında dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 4
dekabr.- S. 15.