Həsənağa
Salayev
Səhnədə və ekranda yaratdığı obrazlarla özünü də obrazlaşdırmış sənətkar
Bu aktyor öz zəmanəsinin
həyat səhnəsindəki qaçılmaz siyasi-doktrinal
pafosunu öz ecazkar sənət pafosu ilə
yumşaldanların, bəlkə də, birincisi idi.
Bu aktyor səhnədə
hər hansı bir fikir və duyğunu tamaşaçıya
vurğulamaqçün, bir çoxları kimi, səs tonu
“çığır-bağır”ına getmirdi, sadəcə,
səs-səda və qırım-durum “val”ını dəyişirdi...
Deyirlər, hər bir sənət-peşə adamı mütləq “məktəb şineli”indən çıxmalıdır, “məktəb ayrı bir aləmdir” və s. Bunlar hamısı doğrudur. Amma bu da həqiqətdir ki, bütün dünyada olduğu kimi, Azərbaycan aktyorları içərisində də təhsil-tədrisi məktəb görməmiş müqtədirlər olub və onların özləri canlı məktəbə çevriliblər. Həsənağa Salayev də (zəmanəsinin ictimai-siyasi sıxıntıları və müharibə maneələri gərginliyində alayarımçıq oxuduğu Teatr Məktəbi istisna edilməklə), səhnə və ekran sənəti tariximizə “öyrənən”lərdən çox, “öyrənilən”lərdən biri kimi düşüb.
Söylənən “canlı məktəb”lik nüanslarına misal kimi, bu aktyorun uzun illər şəriksiz və tamamilə bənzərsiz bir ustalıqla oynadığı Bəhram (“Solğun çiçəklər” - C.Cabbarlı) obrazını xatırlamaq kifayətdir. Və məncə, haçansa eşitdiyim “...lent yazısı olmayan dövrlərdə elə fenomenal səslər olub ki, onlar teatrların “divar yaddaşında” gələcəyə də çatacaq” qənaəti Həsənağa Salayevin həmin tamaşadakı monoloqundan bu parçaya da aiddir: “Qəhr olsun dünyanın milyonlar üstündə vücuda gələn səadəti!”
Və bir də -
“Nə bağırırsan, xalq?!”
Bu xitab da yuxarıda adı çəkilən müəllifə və aktyora məxsus. “Kimsə bu sual-nidalı və hədə-təhdid dolu yarımbaşlığa təəccüblənə bilər” ehtimalı ilə dərhal şərhə keçməliyəm. Məsələdən bixəbərlərin “XALQa qarşı belə xitab?!” - deyə təəccüb-təəssüflənəsilərin qarşısında baxəbərlərin - teatral “köhnə”lərin dramaturgiyamızın çağlayış dövrü banisinə məxsus pyeslərdən biri (ötən əsrin 20-30-cu illərindən 70-80-ci illərinədək Azdramanın anşlaq tamaşalarından biri) ilə bağlı nostalji hisslərini qoyuram...
Həmin pyesin müəllifinin və tamaşanın adlarını ona görə çəkmədim ki, bu yazıda söhbət onlardan yox, o əsərin baş qəhrəmanının - Oqtay Eloğlunun ecazkar ifaçısından gedir. Qəribə səhnə jestlərinə, alovlu “salon baxışları”na, təkrarsız səs tembrinə, hər tamaşada axıtdığı yarı bədii-yarı real-bioloji göz yaşlarına rəğmən şəriksiz yaradıcısı Həsənağa Salayevdən!
Həsənağa Salayev öz dövrünün sadəcə alovlu aktyoru kimi deyil, cazibədar aurası ilə, görklü-görkəmli şəxsiyyətilə də seçilir, fərqlənirdi. O, tək elə teatr vurğunları, səhnə-sənətsevərlər tərəfindən yox, özünəməxsus xarakter aləmilə hamı tərəfindən sevilirdi.
Romantik və realist aktyor məktəblərinin əsas müddəalarını, estetik prinsiplərini cazibədar bir ahəngdarlıqla təcəssüm və tərənnüm edən H.Salayev bütün səhnə yaradıcılığı boyu C.Cabbarlı fenomeninin həyat və sənət baxışlarının davamçısı kimi çıxış etdi.
Bu qeyri-adi “xarakter aləmi” həm də çox zəngin idi. Hədsiz mental ciddilik, həyati və teatral dinamiklik, hər sözünə sanki xəyallardan indicə ayrılmış kimi başlama, fikir və qənaətlərini müdriklərdən gətirdiyi sitatlarla isbatlama kimi elementlərdən ibarət xarakter aləmi! Doyulmaz, bezilməz müsahib idi. Hədsiz hökmlü, xeyli dərəcədə bariton səs tonu, sənət dramatizmi mahiyyətcə zəriflik dünyası olan poeziya ilə tutuşmasa da, bəzən söhbətini Füzulidən söylədiyi qəzəllərlə bəzəyərdi.
Onu dövrün ünlü şairlərinə, dərin söz adamlarına cəzb edən səbəblərdən biri də elə Füzuliyə məhəbbət “divanəliyiyi” idi. Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rza, Hüseyn Arif, Şahmar Əkbərzadə, Zeynal Məmmədov və daha bir neçə ziyalını özünün “səhnədənkənar tərəf-müqabilləri” adlandırardı. Onlarla söhbətlərini “yeni dövrün dastan gecələri” kimi də qiymətləndirər, əlavə edərdi ki, “elə vaxtlar olur “ardı gələn gecə” - deyə ayrılırıq”...
Mən bu sətirləri qeybdən yox, tələbəlik illərimdə (və bir qədər sonralar) bloknotuma etdiyim qeydlərə istinadən yazıram.
Həmin qeydlər bunu da xatırladır ki, Həsənağa Salayev həm də təvazökar sənətkardır; bu qədər populyar və son dərəcə məşğul (öz təbirilə “qıtvaxt”) bir sənətkar ola-ola, bizimlə - jurnalistika fakültəsinin üç tələbəsilə - ilk görüşdə üç saata yaxın həmsöhbət, sonralar isə öz zərafat təbirilə desəm, -
“Bir köynək uzaq dost”
oldu...
1921-ci il dekabrın 5-də Bakıda doğulmuş Həsənağa təhsilə yeddi yaşında ikən Bakıdakı “6-cı şura məktəbi”ndə başlayıb. Doqquzuncu sinfi yüksək qiymətlərlə bitirərək Bakı Teatr Texnikumuna daxil olub. 1938-ci ildə - hələ tələbə ikən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Lakin müharibə bu qeyri-adi istedadın özünü daha erkən reallaşdırmasında maneələr yaradıb; təhsilini başa vurmağa az qalmış cəbhəyə gedib və doğma teatra bir də 1946-cı ildə qayıtmalı olub. Bu teatrın tamaşalarında maraqlı rollar oynayıb. “Hacı Qara”, “Solğun çiçəklər”, “Od gəlini”, “Almaz”, “Oqtay Eloğlu”, “Səyavuş”, “Şeytanın şagirdi”, “İkinci səs”, “Şöhrət və ya unudulan adam”, “Orlean qızı” tamaşalarında illərlə unudulmayan xarakterik obrazlar yaradıb.
Öz dövrünün “səhnə cəngavəri” adlandırılan H.Salayev “Fətəli xan”, “Görüş”, “O olmasın, bu olsun”, “Onu bağışlamaq olarmı?”, “İstintaq davam edir”, “Aygün” filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Mayor Rüstəmov, Əmirxan rollarını da ustalıqla yaradıb.
Onu səhnədə bir kərə görmək kifayət idi ki, növbəti tamaşalarına tərəddüdsüz qədəm qoyasan. Çünki o, nəinki ayrı-ayrı hər tamaşanı, hətta eyni tamaşanın eyni obrazını belə hər dəfə yeni-yeni ştrixlərlə təqdim edirdi. O hər hansı bir obrazın müəllif nüvəsi, rejissor traktovkası üstünə neçə-neçə düşünülmüş və ya bədahəti nüanslar əlavə edərdi. Klassik əsərlərdə ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi ab-havasıyla uzlaşdırmaqçün mütləq bir və ya bir neçə uyğun detal əlavə edərdi. Səhnəmizə tərcümələrdən gələn obrazları elə yerli elementlərlə calaqlayıb-ortaqlayırdı ki, aqil tamaşaçı “Tanrı Sənəti də təkrarsız ortaqlıqla yaradıb” kimi qənaətlərə gəlirdi.
Ruhən, emosiya coşğunluğu, səs diapazonu, ehtiraslarının çılğınlığı ilə romantik aktyor olan Həsənağa Salayev lirik, dramatik, xüsusən psixoloji rolları da məharətlə oynayırdı.
Çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boy-buxunu, tamaşada yöndaşlarına diqqəti ilə seçilən, gurultulu və cingiltili səsini məharətlə tənzimləyən, romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynayan bu aktyor uğurlarına görə 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə Xalq artisti fəxri adları ilə təltif edilib. Yaradıcılığının ən qaynar, yaşının ən məhsuldar çağında - qəfildən iflic xəstəliyinə düçar olan Həsənağa Salayev bir daha səhnəyə çıxmadı, 1981-ci il oktyabrın 2-də dünyasını dəyişdi...
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 4
dekabr.- S. 13.