Ölkəmiz
Macarıstanda və Braziliyada xeyriyyə yarmarkalarında təmsil
olunub
Macarıstanda akkreditə olunmuş diplomatların xanımlarının təmsil olunduğu təşkilatın təşəbbüsü ilə Yeni il qabağı sayca beşinci xeyriyyə yarmarkası təşkil edilib.
Macar ictimaiyyətinin böyük maraq göstərdiyi tədbir ölkə Prezidentinin xanımı Anita Herseqin himayədarlığı ilə keçirilib. Tədbirdə 40-dan çox ölkənin səfirlikləri, müxtəlif mədəniyyət mərkəzləri və digər qurumlar iştirak ediblər.
Azərbaycanın Macarıstandakı səfirliyi bu il də tədbirə qatılıb. Səfirin xanımı Şəhla Vəzirovanın, diplomat xanımlarının və Budapeştdəki Azərbaycan icması təmsilçilərinin fəal iştirakı ilə Azərbaycan milli mətbəxinin, tətbiqi-dekorativ sənət nümunələrinin xeyriyyə məqsədilə satışı və tanıdılması təşkil edilib.
Modelyer-dizayner Leyla Cəbrayılqızının Azərbaycan qadın milli geyimlərindən ibarət kolleksiyası milli musiqimizin sədaları altında tamaşaçılara təqdim edilib və böyük rəğbətlə qarşılanıb. Nümayişi izləyən və xoş təəssüratlarını dilə gətirən Macarıstan Prezidentinin xanımı Azərbaycan stendi ilə yaxından tanış olub.
Yarmarkada müxtəlif ölkələrin səfirlikləri tərəfindən satışa çıxarılan suvenir və milli mətbəx nümunələrinin satışından əldə edilən vəsait yardım fondlarına köçürülüb.
* * *
Braziliyada isə bu ölkədə fəaliyyət göstərən səfirliklərin iştirakı ilə 11-ci beynəlxalq xeyriyyə sərgisi təşkil edilib. Tədbirdə ölkəmiz də təmsil olunub.
Səfirlikdən bildiriblər ki, federal əyalətin
qubernatoru Rodriqo Rollemberq sərginin təşkilinə görə
bir sıra ölkələrin, o cümlədən Azərbaycanın
Braziliyadakı səfirliyinə xüsusi təşəkkürünü
bildirib. Sərgidə ölkəmizə məxsus suvenirlər,
xalçalar, habelə milli mətbəximizin nümunələri
iştirakçılara təqdim olunub. Azərbaycanın
tarixi, mədəniyyəti və turizm imkanları barədə
materiallar iştirakçılara paylanılıb və yerli mətbuat
orqanlarına məlumat verilib. Azərbaycan stendi tədbir
iştirakçılarının böyük marağına
səbəb olub.
Mədəniyyət.- 2015.- 4
dekabr.- S. 9.