Həvəskar rəssamın “Femina”sı

 

Dekabrın 2-də “Abşeron” qalereyasında Rəhim Həşimovun “Femina” adlı fərdi sərgisi açılıb. “Arts Council Azerbaijan”ın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərginin kuratoru Nurziyə Xəlilovadır.

Rəhim Həşimov Amadeo Modilyani, Qustav Klimt, Anri Matiss kimi rəssamların əsərlərindən ilhamlanaraq portretlər yaradır. O deyib: “Hər rəssam istəyir ki, gözəl olanı əks etdirsin. Kimsə bunu mənzərə, kimsə natürmort yaradaraq həyata keçirir, mən isə qadın portreti çəkirəm. Qadın ən gözəl xilqətdir”.

R.Həşimov Sumqayıtda doğulub. Uşaq vaxtından şəkil çəkməyə maraq göstərib, incəsənət məktəbini bitirib. Lakin tale elə gətirib ki, həkim olub. Sumqayıtın təcili tibbi yardım xəstəxanasında on illik həkim-travmatoloq stajı Rəhim Həşimova asudə vaxtlarını fırça və rənglər dünyasına həsr etməyə mane olmur.

Bir sıra kollektiv sərgilərdə iştirak edib. Həvəskar rəssamın ilk fərdi sərgisi böyük maraqla qarşılanıb. Sərgi yanvarın 10-dək davam edəcək.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 8.