Milli Qəhrəmanlar haqqında sənədli filmlər təqdim olunub

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyəti Kino xidməti idarəsinin dəstəyi ilə keçirilən “Vətənpərvərlik kinosu günləri”ndə Azərbaycanın Milli Qəhrəmanları haqqında daha iki sənədli film nümayiş olunub.

Rejissor Rəşad Qasımovun Milli Qəhrəman Muxtar Qasımovdan bəhs edən “Vətən sevgisi” sənədli filmi şəhidin məzunu olduğu Azərbaycan Tibb Universitetində göstərilib. Universitetin dosentləri Cavanşir Sadıqov və Elbrus Sadıqov, Milli Qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, qohumları onun keçdiyi həyat və döyüş yolundan söz açaraq xatirələrini bölüşüblər.

Qeyd olunub ki, Muxtar Qasımov 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Qarabağ müharibəsində yaralıları xilas etmək üçün xüsusi rəşadət göstərib. O, 1992-ci il iyulun 16-da xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Sonra film nümayiş olunub.

Azərbaycan Memarlıq və İnşaat Universitetində isə rejissor Kəmalə Musazadənin Milli Qəhrəman Ramiz Qəmbərov haqqında çəkdiyi “Şuşalı şəhid” sənədli filmi təqdim olunub. Universitetin rektoru Gülçöhrə Məmmədova çıxış edərək Ramiz Qəmbərovun keçdiyi döyüş yolunun gənclərə örnək olduğunu vurğulayıb. Bildirilib ki, Ramiz Qəmbərov Şuşanın erməni işğalından müdafiəsi zamanı böyük şücaət və qəhrəmanlıq göstərib və 1992-ci il aprelin 30-da şəhidlik zirvəsinə yüksəlib.

Sonra tədbir iştirakçıları filmə baxıblar.

Qeyd edək ki, ekran əsərləri “Yaddaş” sənədli filmlər studiyasında Mədəniyyət və Turizm Nazirliyinin “Milli Qəhrəmanlar” silsiləsi çərçivəsində çəkilib.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 7.