Bakı Xoreoqrafiya Akademiyasında Elmi Şuranın iclası

 

Dekabrın 1-də Bakı Xoreoqrafiya Akademiyasının Elmi Şurasının iclası keçirilib. Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev iclası açaraq təhsil ocağında görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib. Qeyd edib ki, akademiyada ali təhsilin qurulması üçün lazımi strukturların yaradılması başa çatıb, yeni yaradılmış kafedralara yüksəkixtisaslı mütəxəssislər dəvət olunub. Akademiyanın beynəlxalq əlaqələri genişlənib. Moskva Dövlət Xoreoqrafiya Akademiyası və Sankt-Peterburqdakı Vaqanova adına Rus Baleti Akademiyası ilə əməkdaşlıq müqavilələri imzalanıb. Moskva Dövlət Mədəniyyət İnstitutu və Litvanın Çurlyonis adına İncəsənət Məktəbi ilə əməkdaşlıq haqqında danışıqlar aparılır.

Akademiyanın müəllim və tələbələri Həştərxanda yay yaradıcılıq məktəbində və ustad dərslərində, klassik rəqs kafedrasının müdiri Rimma İsgəndərova və milli rəqslər kafedrasının müəllimi Eteri Cəfərova Litvada Çurlyonis adına İncəsənət Məktəbinin 70 illik yubiley tədbirində iştirak ediblər. Dünyada mövcud balet cərəyanlarının öyrənilməsi və bu sahə üzrə məşhur mütəxəssislərin akademiyaya dəvət olunması da nəzərdə tutulub.

Rektor qeyd etdi ki, akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi prosesi gedir. Təhsilin bütün pillələrində onun səviyyəsinin yüksəldilməsi üçün pedaqoji kollektivimizdən ilk növbədə keyfiyyətli kadr hazırlığının təşkili prosesində bütün səy, bilik və bacarığımızı sərf etmək tələb olunur.

Baletmeyster sənəti kafedrasının müdiri, dosent Lyudmila Həsənova “Milli balet məktəbinin tarixi” mövzusunda elmi məruzə ilə çıxış edib. Tədris işləri üzrə prorektor, dosent Sevda Sadıxbəyova tədris prosesinin gedişi, açıq dərslərin və kollokviumların keçirilməsi, prorektor, Əməkdar incəsənət xadimi, dosent Sonaxanım İbrahimova elm və yaradıcılıq işlərinin gedişi barədə məlumat verib.

Pedaqoji elmlər doktoru, professor Tamilla Kəngərlinskaya qısa müddət ərzində akademiyada böyük işlər görüldüyünü diqqətə çatdırıb.

Elmi Şurada tədris ocağının “Sənət akademiyası” adlı jurnalının təsis edilməsi barədə də qərar qəbul edilib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 5.