Nikita Mixalkov paytaxtımızda ustad dərsi keçdi

 

Dekabrın 3-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, görkəmli kinorejissor, aktyor, Rusiyanın Xalq artisti Nikita Mixalkov Bakıda ustad dərsi keçdi. Dövlət Film Fondunda təşkil edilən görüşdə Azərbaycanın kino işçiləri, rejissor və aktyorlar, ADMİU-nun tələbələri iştirak edirdi.

 

Bakıya növbəti səfərindən və belə görüşün təşkil edilməsindən məmnunluğunu bildirən rejissor qeyd etdi ki, kino sənəti, rejissor və aktyor işi ilə bağlı təcrübəsini gənc azərbaycanlı həmkarları ilə bölüşmək onun üçün xoşdur və bu təcrübə gələcəkdə onlara işlərində kömək ola bilər.

Sonra rejissorun filmlərindən fraqmentlər və beynəlxalq kinofestivallarda qazandığı mükafatlardan bəhs edən videoçarx iştirakçılara təqdim edildi.

Ustad dərsində Nikita Mixalkov kino bilgilərindən, film təcrübəsindən danışdı. Aktyorlara çəkiliş meydançasında oynanılan obrazın emosional halı, düşdüyü vəziyyətin enerjisini ötürmək bacarığını, obrazın daxili aləmini dolğun şəkildə izah etməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Aktyor sənətində psixoloji jestin mühümlüyünü vurğulayan rejissor səhnədə tələbələrin oyununu istiqamətləndirərək bunun nə qədər vacib bir element olduğunu sübut etdi.

Daha sonra yaratdığı Kino Akademiyasının fəaliyyəti barədə məlumat verən Nikita Mixalkov bildirdi ki, akademiyada təhsil alanlar öz istedadları ilə seçilirlərsə, bu zaman onlar təhsil haqqının yalnız 10 faizini ödəyirlər. Bir il müddətində təhsil 6 min dollara başa gəlir.

Teatr səhnəsindən fərqli olaraq, aktyor üçün kinoda oynamağın daha çətin olduğunu vurğulayan sənətkar bildirdi ki, teatrda aktyor tamaşaçını hiss edə bilir, kinoda isə o, təkdir. Məhz buna görə də çəkiliş zamanı bütün heyət aktyoru duymalı, onun oyununa həssas yanaşmalıdır. Rejissor film çəkilişlərində iri planlar, filmdə musiqinin rolu, operator işi barədə şəxsi təcrübəsindən söz açaraq bütün bunları nümayiş olunan video nümunələrlə izah etdi. Bir məqamı xüsusi olaraq vurğuladı ki, çəkiliş meydançasında aktyor ən vacib personadır. Film çəkilişi zamanı bütün potensial aktyora işləməlidir. Çünki bir rejissor, prodüser olaraq pul, vəsait xərcləyiriksə, aktyor bizim işimizə görə “özünü”, istedadını sərf edir. Buna görə də bütün heyətdə qarşılıqlı məhəbbət və hörmət olmalıdır. Bunlar olmadısa, o film təbii alına bilməz.

Üç saata yaxın davam edən ustad dərsinin sonunda rejissor azərbaycanlı kino mütəxəssislərinin suallarını cavablandırdı, intellektual kino, kino tənqidi, Amerika kinosu və müasir filmlərlə bağlı fikirlərini bölüşdü. “Oskar” mükafatçısı öz uğurlarının səbəbi və dünya kinosu ilə bağlı suallara da cavab verdi.

Sonda bildirdi ki, dekabrın 4-də Heydər Əliyev Sarayında 70 illik yubileyi münasibətilə yaradıcılıq gecəsinin keçirilməsindən çox məmnundur.

 

Mədəniyyət.- 2015.- 4 dekabr.- S. 5.