Kino-teatr: Britaniya teatrlarının tamaşaları böyük ekranda

 

Nizami Kino Mərkəzi yeni layihə təqdim edir

 

Nizami Kino Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyi, Böyük Britaniyanın Bakıdakı səfirliyi və “Cool Connections” şirkəti ilə birgə paytaxt sakinlərinə Britaniya Milli Teatrı, Şekspir Qlobus Teatrı, “Royal Opera Haus” kimi dünya səviyyəli teatrların ən uğurlu tamaşalarının lent yazısını təqdim edir.

Layihə dekabrın 8-də Benedikt Kamberbeçin rol aldığı Uilyam Şekspirin “Hamlet” tamaşasının nümayişi ilə başlayıb. Tamaşalar rus dilində alt yazılarla təqdim olunur.

Nümayiş olunacaq səhnə əsərləri Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş tamaşaçıda teatr zalında izləmə təəssüratı yaradacaq.

“Theatre HD” layihəsi çərçivəsində göstəriləcək növbəti səhnə əsəri Tom Hidlestonun iştirakı ilə U.Şekspirin “Koriolanus” pyesi olacaq. Tamaşanın nümayişi dekabrın 15-də planlaşdırılıb.

“Böyük məmnunluq hissi duyuram ki, biz artıq Bakıda yeni bir layihəyə start veririk. Ümid edirəm ki, hər kəs bundan böyük zövq alacaq”, - deyə “British Council Azərbaycan”ın direktoru Elizabet Vayt bildirib. Hər ay Nizami Kino Mərkəzində iki tamaşanın təqdim olunacağını qeyd edən E.Vayt Britaniyanın və dünyanın ən yaxşı teatr tamaşalarının teatrsevərlər tərəfindən bəyəniləcəyinə əminliyini ifadə edib.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 16.