Şərur
yallısı - sənət irsimiz
Naxçıvan
təkcə tarixi memarlıq abidələri ilə deyil, həm
də mədəniyyətimizin ən qədim nümunəsi
olan folklor rəqsləri - yallıları ilə
tanınır. Şərur bölgəsinin rəqs
qruplarının ifa etdiyi yallılar öz
orijinallığı ilə fərqlənir.
Mənbələrdə göstərilir ki, yallı rəqs növünün tarixi çox qədimdir - yazılı mədəniyyətdən əvvəlki dövrlərə təsadüf edir. Oğuz ellərinin həyat tərzi, məişəti, dünyagörüşü “Dədə Qorqud” boylarında sözlə, fikirlə, yallılarda isə rəqslə, ritmik hərəkətlərlə ifadə olunub.
Mütəxəssislərin fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının 100-dən artıq növü olub. Onların bir qismi toy mərasimlərində, el şənliklərində yaşadılaraq bu günə gəlib çıxıb. Şərur yallılarının qorunmasında, yaşadılmasında və təbliğində “Şərur” xalq yallı ansamblının mühüm rolu olub. Ansamblın əsası 1924-cü ildə qoyulub. Kollektivin tanınmasında və repertuarının genişlənməsində dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük xidmətləri olub. O, 1937-ci ildə Şərur rayonundan SSRİ Ali Sovetinə deputatlığı namizəd göstərilərkən bölgədə tez-tez olur, orada musiqinin inkişafına diqqət və qayğı göstərir. Üzeyir bəy Şəruru “Azərbaycan folklor mədəniyyətinin beşiyi” adlandırıb. Onun xeyir-duası ilə ansambl 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə maraqlı proqramla çıxış edib.
Ansamblın fəaliyyətində əsl canlanma ötən əsrin 70-ci illərinə təsadüf edir. Bu dövrdən başlayaraq “Şərur yallısı” respublikanın şəhər və kəndlərini dolaşır, tamaşaçıların rəğbətini qazanır. 1970-ci ildə Bakıda keçirilən “Naxçıvan mədəniyyəti günləri”ndə muxtar respublikanı təmsil edən kollektivlər arasında “Şərur yallısı” ansamblı da olub. İndiki Heydər Əliyev Sarayında yekun tədbirdə iştirak edən ümummilli lider konsertdən sonra səhnə arxasında ifaçılarla görüşür, ansamblın çıxışından razı qaldığını bildirir. “Yallılar bizim keçmişimiz, bu günümüz, və gələcəyimizdir... Yallını qoruyub-saxlayın”, - deyir.
1972-ci ildə Almaniya Demokratik Respublikasında beynəlxalq folklor festivalı keçirilir. Ansamblı bu tədbirə Xalq artisti Əminə Dilbazi hazırlayır. Məşhur rəqqasə xatirələrində yazır: “Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda Şərur torpağındadır... Biz ora - Almaniyaya elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi...”
Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanır. Həmin il ansambl Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı ilə də təltif olunur. Kollektivə xalq yallı ansamblı statusu verilir.
Kollektiv Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə də uğurlu çıxış nümayiş etdirir. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində təşkil olunan beynəlxalq folklor festivalına qatılan ansamblın fəaliyyətini əks etdirən “Şərur yallısı” sənədli filmi çəkilir.
Onu da qeyd edək ki, kollektivin bu uğurlarında Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqiçi və rəqs ustalarının böyük xidmətləri olub.
Müstəqillik dövründə ansambl daha böyük uğurlara imza atır. Kollektiv 1997-ci ildə Türkiyənin İsgəndərun, 1998-ci ildə Bayburt şəhərində keçirilən “Dədə Qorqud” festivalında uğurla çıxış edir. 2001-ci ildə Misirin paytaxtı Qahirədə XII beynəlxalq folklor festivalında da yüksək sənət nümayiş etdirir.
Bu gün Şərur rayonunda “Şərur qönçələri” uşaq yallısı, “Şərur” gənclər yallısı və “Nurani” qocalar xalq yallısı fəaliyyət göstərir. “Nurani” xalq yallı ansamblı ətrafında 60-70 yaşlı ifaçıları birləşdirir. Onları bir yerə toplayan qüvvə el sənətimizə olan sonsuz məhəbbətdir. “Şərur qönçələri” uşaq yallı ansamblı rayon Mədəniyyət sarayının nəzdində fəaliyyət göstərir. 2000-ci ildə ansambl Ankarada uşaq bayramında uğurla çıxış edərək diplom və mükafatlara layiq görülüb. Ansambl bu gün də bir-birindən maraqlı ifaları ilə tamaşaçılarına xoş ovqat bəxş edir.
Savalan Fərəcov
Mədəniyyət.- 2015.- 9
dekabr.- S. 15.