“Ömrü şeirlə ərimiş”...

 

Ürəklərə gilavar-gilavar varıb, duyğuları xəzri-xəzri oyatmış Nəbi Xəzri

 

Sağlığında demək olar hər gün mətbuatda çap olunan, radio və televizorda çıxış edən, kitabları “stolüstü” hesab edilən, neçə-neçə mahnıların efir-ekran təqdimatında adı çəkilən, ictimai fəaliyyətilə rəsmi, el-oba ağsaqqallığı ilə daim xəlqi gündəmdə olan Nəbi Xəzri...

 

...Elə cismən yoxluğunda da dövlətimiz, xalqımız, mətbuatımız onu vaxtaşırı yad edib ağırlayırlar. Amma biz nə qədər çox və yaxşı yazsaq da, onun yazdıqlarının yerini verməyəcək. Məsələn, o, çox-çox illər öncə yazıb: “Şeir mənim balam, mənim bəlamdır, Sənət - basılmayan məğrur qalamdır”, mənsə ilk yazımda yazmışdım ki; “şair, bəlkə bu misralar Sizdən bizə bir əbədi-poetik salamdır?!” O, şeir və poemalarının əksərində öz “sevgili dəniz”ini pıçıl-pıçıl sevələyə-sevələyə, təbiətin dilsiz-dibsiz dərələrilə “Sevdiyiniz ağaclar küknarmıdır, şammıdır? Sizdən qalxan dumanlar dağlara salammıdır?” kimi obrazlarla danışa-danışa, bizləri - “bəs bizim qələmlərimiz sən haqda necə ləpələnsin, ey ədəbi təxəllüsündən tutmuş bədii təfəkkürünədək Xəzərləşmiş Nəbi Xəzri, sözündən özünədək təbiətləşmiş şair?!” kimi xoş “dilemma”lar qarşısında qoyub...

 

Sən -

 

Azərbaycan dünyasının gözəl Qələm aləmlərindən birisən, şair! Həm də mərd-mərdanə xarakterlərdən idin. Hər sahədə olduğu kimi, sənət aləmində də sözüylə əməli eyni olan kişilərə, ürək qızdırılası, kürək söykəniləsi adamlara həmişə ehtiyac olub və sən elələrindən idin. “Əskiklərin çəkindiyi”, “yüksəklərin ərk etdiyi” bəndələrdəndin. Xatirimdədir, o vaxtların tələbələri səni səndən bir dövr öncə dağlarımızda at oynatmış Qaçaq Nəbiyə də bənzədərdi. O, igidliyilə elinə-elatına həyan olub, bu, istedadıyla məmləkətimizin qəlbini dünyaya bəyan edir”, - deyərdilər...

...Ancaq elə ki sən də sözün “indiki zaman”ından çıxıb “keçmiş zaman”ına düşdün, - həmin o sözçülərin də belə bir fikri-zikrə düşdülər: Baba-Nəbi bu dünyanı Boz at yəhərində tərk etdi, nəvə-Nəbi yaz-yarat təhərində...

 

Yəni ki -

 

şair, sizin kimilər də, elə o el-oba, Vətən qəhrəmanları kimi, tarixi hərəkət-bərəkətsiz, başına-boşuna keçməkdən xilas edənlərdir. Sizlərin söz fəaliyyətləriniz də qüdrətdən yaradılmışlara irili-xırdalı bəşər əlavələridir; Vətəni dardan qurtarmaqla onu adiliklərdən xilas edib sevgilərə qərq etmək - “torpağı bir yerdən götürülmək” kimi bir inam və inanc. Məsələn;

 

Sən günəş, mən isə bir zərrə kimi -

Diriykən oğlunam, ölsəm - torpağın.

Sən ki döyündürdün mənim qəlbimi -

Sən uca çinarsan, mənsə yarpağın.

Mənəm sənin özün, ey eşqim-canım,

Sənsən özüm mənim - Azərbaycanım!

 

Sən paytaxtımızın lap yaxınlığında - Xırdalan kəndində doğuldun. İyirmi yaşına çatar-çatmaz, nə kəndinə sığışdın, nə soyadına. Xəzərin gilavarıyla mehlənib, xəzrisiylə sərinlənən milyonlara qoşular-qoşulmaz, zövqalanlar qismindən seçilib, günü-gündən məşhurlaşan zövqverənə - Nəbi Xəzri isminə çevrildin. Gah həlim, gah fırtınalı təxəllüs “adaş”ının - Xəzərin “qovğalı dalğalar”ını pıçıl-pıçıl pıçıldaşdırdın. Yaşın on yeddiyə yetməmiş istehsalata, on səkkizə çatmamış müharibəyə getdin. 1943-cü ildə yaralanıb tərxis olunsan da, doğma vətənə sapsağlam bir yaradıcılıq ruhu ilə qayıtdın. “Kommunist” qəzeti redaksiyasında korrektor işlədin. Sonralar sədr müavini seçiləcəyin Azərbaycan Radiosunun diktoru oldun. Öz xidmətlərin, gözəl yaradıcılığın, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları, Xalq şairi təltifatlarınla “10 dekabr 1924-cü il” tarixçəsini milli yaddaş salnaməmizə köçürdün. Bu “salnamə”də nəzmi sətirlər nəsrilərdən çox və daha ürəyəyatımlı oldu:

 

Çinarlar qatar-qatar,

Qalxıb zirvəyə çatar,

Dağa qısılıb yatar,

Mışıl-mışıl dərələr,

Yaşıl-yaşıl dərələr...

 

Quş kimi üstünüzdən

Qanad çalım, dərələr!

Şamlıqda bir axşamlıq

Qonaq qalım, dərələr!

 

Xırdalanın “uşaqlıq dalanları”ndan Vətənin vətəndaşlıq dünyasına adlacaq adın dillərə düşdü. Şeirlərinin birində dediyin “Həyətli həyat”dan ədəbiyyat əbədiyyətinə keçcək “sağ-sollu yollar”la üzləşdin. Gənc fərd Nəbilikdən böyük ictimai-xəlqi XƏZRİliyə doğru çox iri və təəccüb doğuracaq qədər diri addımlarla irəlilədin.

İlk olaraq ali təhsil körpüsündən keçməli olan bu yol çox yönlərə yönlənib: 1945-dən 1952-yə qədər adın iki universitet, bir institut jurnalına yazılıb. Zərif şair ürəyin başında üç tələbə bileti daşıyıbsan: 1945-47-də Azərbaycan Dövlət Universiteti (BDU), 1947-49-da Leninqrad (Sankt-Peterburq) Dövlət Universiteti, 1949-50-ci illərdə Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu.

Sonuncu ali məktəbi bitirdiyi gündən 1957-ci ilədək Nəbi Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləyib. Müasirlərinin söyləmələrinə görə, onun məsləhətlərilə istedad “külçə”ləri yonula-yonula parlayıb ədəbiyyat evimizə işıq saçanlar da olub, pedantlıq kələfləri açıla-açıla bu əbədiyyət evindən qələm atıb qaçanlar da.

Növbəti iki ildə “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi, ardınca Yazıçılar İttifaqının katibi vəzifəsində çalışan sənətkar 1965-71-ci illərdə “zirvələrə-süftələr” dövrünə başlayır. Öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, sonra respublika mədəniyyət nazirinin müavini. Daha sonra Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyətinin sədri. Bu yüksək vəzifələrə seçilən Nəbi Xəzri həm də əhatəsindəkilərdən seçilir. Yəni, tək elə dünyamıza misra-misra baxışlarıyla deyil, “sözü göz içinə” çıxışlarıyla da başqalarından fərqlənir. Amma bu şair qələmə aldığı hər misranı özünün hər keyfiyyət və digər “fəaliyyət mənaları”ndan üstün tuturdu. O, şeiri yalnız elə yazmaq və sevməklə kifayətlənməyib və bunu onların birində (“Şeir nədir mənimçün”) belə bəyan edib:

 

Şöləsi olsa da neçə min sirrin,

Şeirsiz günlərim zülmət axşamdır.

Alnımda şırımı mirvari tərin

Hicranı acıdır, əzabı şirin,

Şeir mənim balam, mənim bəlamdır.

Balamdır, qalamdır, bir də inamdır!..

 

Hələ mahnıları...

 

Bəs onun saysız mahnı mətnləri içərisindən hansını seçib bizim həm də dinləyici oxucularımızın diqqətinə çatdırmalı? Bəlkə dağlardan da ucalayıb, bütün enişliklərdən bac aldığı “Dərələr”ini? Ona görə belə həyəcanla deyirəm ki, klassik şairlərimiz, aşıqlarımız əsasən dağlar haqda yazıblar; onların hər birinin ayrıca bir dağ obrazı, “dağ qardaşı”, dağ sirdaşı var. Dərələr - yəni aşağılıq ehtiva edən obyekt-subyektlər barədə isə bu “şəhər balası”ndan yaxşı deyən bir “kəndçi balası” yox!

 

Əgər ki yıxılsam, çinar göstərin -

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə, Göygölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə, həmişə sənsən gümanım -

Canım-gözüm mənim - Azərbaycanım!

 

Bu misralardan, belə nüanslardan sonra onun kitablarının yalnız adlarını sadalamaq da kifayətdir: “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi”...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 13.