“Səttar yadigarı”

 

Tarixçi-jurnalist Təranə Cəbiyevanın yeni kitabının təqdimatı

 

Dekabrın 7-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Bülbülə qəsəbəsində yerləşən Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) oxu zalında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarixçi-jurnalist Təranə Cəbiyevanın “Səttar yadigarı” kitabının təqdimatı keçirildi.

MKS-nin metodisti Vəsilə Məmmədova dövri mətbuatda imzası ilə tanınan Təranə Cəbiyevanın yaradıcılığından söhbət açdı. Qeyd etdi ki, 2015-ci ildə işıq üzü görən “Səttar yadigarı” kitabı Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam-şair Əbdülağa Kazımlının xatirəsinə ithaf olunub.

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev çıxış edərək böyük sənətkar Səttar Bəhlulzadənin, onun gənclik dostu Əbdülağa Kazımlının ömür yolu haqqında oxuculara məlumat verdi, xatirələrini bölüşdü: “Bir gün Respublika Xalq Yaradıcılığı Evində təşkil olunan sərgidə mənzərə janrında çəkilmiş tablonu görərkən Səttar Bəhlulzadədən onun müəllifinin kim olduğunu soruşdum. Ustad sənətkar “dostum Əbdülağa çəkib” - demişdi. Sonralar Əbdülağa ilə Səttarın emalatxanasında da görüşərdik. 1974-cü il oktyabrın 13-də Səttar Bəhlulzadə dünyasını dəyişdi. Onun qırx mərasiminə çoxlarından fərqli olaraq Əbdülağa Kazımlı “əlidolu” gəlmişdi. Dostunun məzarı üstündə Səttar Bəhlulzadəyə ithaf olunan şeiri - “Gəl-gəl, bu əzabdan məni qurtar. Könlüm səni istər. Hanı Səttar, hanı Səttar” deməsi hamını kövrəltmişdi”.

Tədbirdə Suraxanı rayon MKS-nin direktoru Mərziyyə Əhmədova, Bülbülə Ağsaqqallar Şurasının üzvü Mirzəağa Quliyev, Bülbülə kənd sakini Kazım Əliyev, Əbdülağa Kazımlının oğlu Cəlal Babayev və digər ziyalılar çıxış etdilər. Səttar Bəhlulzadə və Əbdülağa Kazımlı ilə bağlı kövrək xatirələrin işığında hər iki rəssamın Azərbaycan təbiətinə vurğunluğunu, ecazkar sənət dünyalarını bir daha oxucuların diqqətinə çatdırdılar.

3 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri Nərmin Talıblı və Nigar Əliyevanın ifasında muğam parçaları, şagirdlərin şair-rəssam Əbdülağa Kazımlının şeirlərini ustalıqla söyləməsi alqışlarla qarşılandı.

Sonda müəllif Təranə Cəbiyeva tədbirin təşkilinə görə Suraxanı rayon MKS-də çalışan kitabxanaçılara təşəkkür etdi.

 

Sevinc Hacıyeva

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 13.