Bəstəkar ömrünün naxışları

 

Xəbər verdiyimiz kimi, dekabrın 2-dən 5-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış bəstəkar, Xalq artisti, professor Dadaş Dadaşovun 80 illiyinə həsr edilmiş musiqi festivalı keçirilib. Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın “Rənglər” vokal silsiləsi, “Qanun və piano üçün poema”, “Simli kvartet üçün poema” instrumental əsərləri, xalq çalğı alətləri orkestri üçün “5 saylı süita”, simfoniyaları, “Zəfər marşı”, “Təyyarəçilər marşı” və s. əsərləri musiqisevərlərə təqdim olunub.

 

Sevimli pedaqoq

 

Festivalın ilk günü konsertdən öncə bəstəkarla görüşüb söhbətləşdik. Söhbətimiz zamanı bizə yaxınlaşan gənclər yubilyara təbriklərini çatdırırdılar. Tələbələrin üzündəki səmimiyyət onların müəllimlərinə olan hörmət və sevgisindən xəbər verirdi. 50 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan bəstəkarın yetirmələrinin bir çoxu respublikamızın adlı-sanlı musiqiçiləridir.

Müxtəlif janrlarda dəyərli əsərlər yaradan bəstəkar, Xalq artisti, professor Dadaş Dadaşov 1954-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində tanınmış musiqiçi və pedaqoq Adil Gərayın tar sinfini bitirib. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirib. Yaradıcılığa 60-cı illərdə başlayıb. Bəstəkarın ilk irihəcmli əsəri diplom işi kimi bəstələdiyi “Azərbaycan” simfonik poemasıdır. Əsərin 1965-ci ildə “Zaqafqaziya musiqi baharı” festivalında səslənməsi müəllifə böyük uğur gətirir, yaradıcılığında yeni bir cığır açır. Bundan ruhlanan musiqiçi digər janrlarda da özünü sınayır, maraqlı əsərləri bir-birinin ardınca konsert salonlarında səslənir. 1999-2006-cı illərdə Türkiyədə pedaqoji fəaliyyət göstərən bəstəkar 2006-cı ildən Azərbaycan Milli Konservatoriyasında dərs deyir. 2005-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 2008-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

 

Musiqiçi atanın layiqli davamçısı

 

Atası Hacıbala Dadaşov görkəmli qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev) tələbəsi olub. Azərbaycan qarmon ifaçılığı məktəbinin formalaşmasında Hacıbala Dadaşovun da adı çəkilir. Gələcək bəstəkar evlərində həmişə musiqi sədaları eşidib. Özünün də etiraf etdiyi kimi, Kor Əhədin ifa etdiyi “Segah” muğamı ilə dünyanı dərk etməyə başlayıb. Ana nənəsi Ərzurumdan olan bəstəkar yaradıcılığındakı ritm dəyişikliyini də bununla əlaqələndirir: “Dirijorlar bəzən əsərlərimdəki “axsaq ritmlər”in çoxluğundan şikayət edirlər. Bu ritmlər bəlkə də gendən gəlir”.

Deyir, əgər musiqiçi olmasaydı, hansı sənətlə məşğul olacağını təsəvvür belə etmir. “Mənim dünyam musiqidir” deyən bəstəkardan ilk olaraq 80 illiyi münasibətilə təşkil edilən musiqi festivalı ilə bağlı təəssüratlarını soruşduq.

- Yaratdığım musiqi əsərlərini dinləmək üçün belə bir layihəyə razılıq verdim. Əslində isə 80 illiklə bağlı heç bir niyyətim yox idi. Bu ideya Mədəniyyət və Turizm Nazirliyindən gəldi. Bu günə kimi Bəstəkarlar İttifaqının plenumlarında, qurultaylarda əsərlərim dəfələrlə ifa edilib. Festivalda ilk əsərləri və son illərdə yazdığım musiqilər səslənir. Onların bu gün insanlara nə cür təsir edəcəyinə diqqət etmək istəyirəm. Bu yaşımda bilmək istəyirəm ki, doğru yol seçmişəm, yoxsa yox.

Festival çərçivəsində mahnılarımı gənc ifaçılar təqdim edəcək. Bu gün yeni gözəl səslər meydana gəlib və istərdim ki, musiqilərim onların ifasında səslənsin.

- Bu günə kimi pedaqoji fəaliyyətiniz, əsərlərinizin dəfələrlə səslənməsi sizin doğru yolda olduğunuzu sübut etmirmi?

- Bilirsiniz, zaman ötdükcə, nəsillər dəyişdikcə zövqlər də dəyişir, musiqiyə münasibət də indi fərqlidir. Keçmişdə bizim yazdıqlarımızı müəllimlərimiz, görkəmli musiqişünaslar dəyərləndirirdi. Bu gün isə musiqişünaslar əsərlər haqqında çox az yazırlar. İnanmaq istərdim ki, festivaldan sonra musiqişünaslar əsərlərim haqqında yazmağa tənbəllik etməyəcəklər.

- Uzun illərdir Milli Konservatoriyada dərs deyirsiniz. Bəstəkarlıq sinfində oxuyan gənclər barədə fikirləriniz necədir?

- Açıq deyirəm, testlə qəbul olan tələbədən bəstəkar olmaz. Əksəriyyətinin musiqi anlayışı belə yoxdur. Bu sahədə test üsulu olmamalıdır.

- Amma onlar qabiliyyət imtahanından keçirlər...

- Müəllim görəndə ki, testdən yüksək bal yığıb qabiliyyətdə o tələbəni o qədər də çətinə salmır. Qiymətini yazıb yola salır. Əsl istedadlar kənarda qalır. Bu uşaqlar testə cavab verə bilməsələr də, musiqidə daha böyük uğur qazana bilərlər. Amma etiraf etməliyəm ki, hazırda tələbələrim sırasında barmaqla sayılacaq qədər istedadlılar var.

- 80 yaşınızı qeyd edirsiniz. Bu günə kimi yaddaşınıza həkk olunan ən parlaq xatirəniz hansıdır?

- Tələbəlik dövrüm 1960-cı illərə təsadüf edib. Qara Qarayev, Cövdət Hacıyev və başqa nəzəri dərslər aldığım müəllimlərimi heç zaman unutmuram. Bizə dərs deyən müəllimlərin bəziləri Üzeyir bəyin konservatoriyaya qəbul etdiyi müəllimlər idi. Çox xoşbəxtəm ki, o zaman həmin insanlardan dərs almışam.

- İlk ixtisasınız tar ifaçılığı olub. Bu gün tarı əlinizə alıb dilləndirirsinizmi?

- Hərdən olur. Amma musiqi aləti elədir ki, gərək mütəmadi məşğul olasan. Mən vaxtımın çoxunu bəstəkarlığa və pedaqoji fəaliyyətə həsr etdiyim üçün tarda ifaçılığa geniş vaxt ayıra bilmədim.

- Festival konsertlərində müxtəlif əsərləriniz səslənəcək. Məşqlərdən razı qaldınızmı?

- Bir dəfə Abdulla Şaiqin “Bahar” şeirini mənə verdilər. Mən o şeirə xor və xalq çalğı alətləri orkestri üçün 5-ci süitanı yazdım. Məşqlərdə kollektivin bu əsəri necə həvəslə ifa etməsinin şahidi oldum. Əsər bitdikdən sonra musiqiçilər məni alqışladılar. Bu mənə çox xoş oldu. Festival günlərində həm də ilk dəfə kamança və fortepiano üçün “Əlvan naxışlar” əsərim səslənəcək.

- İlk əsəriniz və həmin əsərlə bağlı fikirləriniz də maraqlı olardı.

- Tələbəlik illərimdə yazdığım ilk əsər festivalın ilk günündə səsləndi. Vaxt keçir, həyatda hər şey təkmilləşir. Üslub olaraq müxtəlif səpkili əsərlər yaranır. Bu gün və dünən arasındakı fərq də budur. Amma qeyd edim ki, Rəsul Rzanın sözlərinə bəstələdiyim “Rənglər” vokal silsiləsi də çətin əsərlərdən biridir. Fəlsəfi əsərdir və rənglərin xüsusiyyətlərini musiqinin çalarları ifadə edir.

- Konsertlərdə iştirak edənlərə arzunuz...

- Sənəti qiymətləndirib festivalın konsertinə gələn, mənim musiqimi dinləmək istəyən hər kəsə təşəkkürümü bildirirəm. Musiqini duymaq və dəyərləndirmək lazımdır...

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 11.