“Tələsin
insanlar, tələsir zaman...”
Xalq şairi Cabir Novruzun xatirəsi anılıb
“Tələsin
insanlar, tələsir zaman...” - deyərək hər kəsi həyatı
sevməyə, onu zövqlə yaşamağa
çağıran unudulmaz şair Cabir Novruz (1933-2002) 13 ildir
ki, aramızda yoxdur. Ancaq onun nurlu xatirəsi hər zaman bizimlədir.
Dirili Qurbani Məclisinin təşkilatçılığı
ilə Xalq şairinin anma mərasimi keçirilib.
Məclisin sədri, şair-publisist Tariyel Abbaslı şairin yaradıcılığından söhbət açıb. Qeyd olunub ki, Cabir Novruzun əsərlərində xalqımızın həyatında baş verən keşməkeşli hadisələr geniş işıqlandırılıb. Şeirləri bəstəkarlar tərəfindən də yüksək qiymətləndirilib, sözlərinə “Sən oldun”, “Məhəbbət”, “Cavanlığım”, “Bulaq suyu, dağ havası”, “Ömür keçir”, “Tələbə” və digər populyar mahnılar yazılıb.
Filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Adil Cəmil, ədəbiyyatşünas Sona Xəyal və başqaları şairin ədəbiyyata gəldiyi gündən yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazandığını söyləyiblər.
Bildirilib ki, Cabir Novruz poeziyasının başlıca mövzusu azərbaycançılıq ideyaları ilə sıx bağlı olub. Əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanıb.
Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov, şairlər Əzizə Ağahüseynqızı, Nəcməddin Mürvətov və başqaları ədibin yaradıcılığından danışıb, əsərlərindən nümunələr səsləndiriblər. Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Abbasqulu Nəcəfzadə və digər incəsənət ustaları şairin sözlərinə yazılmış mahnıları ifa ediblər.
Sonda Cabir Novruz Fondunun sədri Müşfiq
Cabiroğlu tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2015.- 9
dekabr.- S. 11.