“Bizim kino günləri”
layihəsi başa çatdı
Dekabrın 8-də
Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm
Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
kinostudiyasının birgə təşkil etdiyi “Bizim kino
günləri - audiovizual məkanda peşəkarlıq” layihəsinin
yekun tədbiri keçirildi.
“Azərbaycan həqiqətlərinin beynəlxalq audiovizual məkana inteqrasiyası” mövzusuna həsr olunan tədbirdə rejissor Elçin Musaoğlunun “Nabat” bədii filmi nümayiş olundu. Türk filmləri həftəsi çərçivəsində Bakıda səfərdə olan tanınmış rejissorlar Osman Sınav və Öner Kılıç, ssenarist Kamuran Tümay Yıldız və başqaları da mərasimdə iştirak edirdi.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək layihənin əsas məqsədinin tamaşaçılarda kinoya marağın artırılması və peşəkar kinorejissorları cəmiyyətə tanıtmaq olduğunu bildirdi. Direktor son illər Azərbaycan kinosunun yeni dirçəliş dövrünü yaşadığını, bu sahənin inkişafına dair 2008-2018-ci illər üzrə Dövlət Proqramının həyata keçirildiyini, kinostudiyaya gənc kadrların cəlb olunduğunu dedi. Bu siyasətin nəticəsi artıq göz qabağındadır: “Filmlərimiz beynəlxalq festivallarda uğurla təmsil olunur. Bu ekran əsərləri arasında “Nabat” filminin də özünəməxsus yeri var. Film Qarabağ həqiqətlərini dünyaya çatdırmaq baxımından dəyərli ekran nümunəsidir”.
Kinostudiyanın beynəlxalq əlaqələri barədə də məlumat verən direktor Rusiya və Fransa kinematoqrafçıları ilə birgə layihələrin nəzərdə tutulduğunu dedi: “Rejissor Mirbala Səlimlinin “Qırmızı bağ” filmi Rusiya kinematoqrafçıları ilə birgə ekranlaşdırılıb və fevral ayında kinosevərlərə təqdim ediləcək. Yaxın gələcəkdə isə bir sıra ölkələrlə müştərək filmlərin layihəsi müzakirə olunacaq”.
Müşfiq Hətəmov jurnalistlərdən yeni filmlərə obyektiv yanaşmalarını xahiş etdi. Qeyd olundu ki, gərək media obyektiv təhlillərlə, qərəzsiz tənqidlərlə peşəkarları ictimaiyyətə tanıtsın və gündəmdə saxlasın.
Sonra “Nabat” filmi nümayiş olundu. Film Qarabağ müharibəsindən bəhs edən, amma döyüş səhnələrinin olmadığı ekran əsəridir. Müharibə filmin kadr arxasındadır. Burada savaşdan danışılmasa da, tamaşaçı onu daxilən hər kadrda hiss edir.
Rejissor Elçin Musaoğlu bu mövzuda çoxdan film çəkmək istədiyini vurğulayaraq əsas məqsədinin ana obrazını ön plana çəkmək olduğunu söylədi. Vurğuladı ki, filmdə bir qadının vətəninə, torpağına, eyni zamanda təbiətə sədaqəti təsvir edilib. Ekran əsərində aktyor oyunu, operator işi və musiqi tərtibatı, həmçinin dublyaj məsələləri ilə bağlı müzakirələr aparıldı. Bildirildi ki, Nabatın fəryadı zahirən hiss olunmasa da, onun daxili təlatümləri tamaşaçılara öz təsirini göstərir, filmin ab-havasını duymağa məcbur edir.
Qeyd edək ki, noyabrın 20-də başlanan “Bizim kino günləri” layihəsi çərçivəsində audiovizual məkanda ailə-məişət problemləri, vətənpərvərlik və s. mövzularda müzakirələr aparılıb. Son illər dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılan “Axınla aşağı”, “Dərs” və “Yarımçıq xatirələr” filmlərinə baxış keçirilib. Ekran əsərləri Nizami Kino Mərkəzində, “Park Cinema” və “28 Cinema” kinoteatrlarında nümayiş etdirilib.
Lalə Azəri
Mədəniyyət.- 2015.- 9
dekabr.- S. 4.