Azərbaycan Xalça Muzeyinin fəaliyyəti araşdırılmışdır

 

Azərbaycan Xalça Muzeyində qanun pozuntuları barədə məlumat Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırılmışdır.

Araşdırmaların nəticəsi olaraq, nazirliyin 27 noyabr 2015-ci il tarixli, 547 nömrəli əmri ilə muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilmişdir.

Həmçinin, muzeyin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilmişdir.

 

Mədəniyyət.- 2015.- 9 dekabr.- S. 4.