Türk kinosunun canlı əfsanəsi Bakıya gəlib

 

Məşhur aktrisanın rejissoru olduğu “Uzaqlarda arama” filminin qala-gecəsi keçirildi

 

Türkiyənin dünya şöhrətli aktrisası, türk kinosunun canlı əfsanəsi, ekranların sultanı Türkan Şoray rejissoru olduğu “Uzaqlarda arama” filminin qala-gecəsində iştirak etmək üçün Bakıya gəlib.

Dekabrın 9-da Nizami Kino Mərkəzində keçirilən qala-gecədə Türkan Şorayla yanaşı, filmin yaradıcı heyətinin digər üzvləri də iştirak edirdilər.

Mərasimə Azərbaycan və Türkiyənin mədəniyyət və incəsənət xadimləri, çoxsaylı paytaxt sakinləri, məşhur sənətkarın pərəstişkarları qatılmışdı.

Alqışlarla kino mərkəzinə daxil olan Türkan Şoray tamaşaçılarla birlikdə “Uzaqlarda arama” filmini seyr etdi.

Qeyd edək ki, ssenari müəllifi Onur Ünlü olan film dramatik komediya janrında lentə alınıb. Rollarda Türkan Şorayın qızı Yağmur Ünal, Ekin Türkmen, Sevda Erginci, Mehtap Bayrı, Elif Atakan, Pınar Göktaş, Esra Ergün, Aslı Samat, Mustafa Uğurlu və digər aktyorlar çəkiliblər.

Filmin nümayişindən sonra Türkan Şoray və Yağmur Ünal mətbuat konfransı keçirib, jurnalistlərin suallarını cavablandırdılar.

Türkan Şoray azərbaycanlı həmkarları ilə birgə layihə həyata keçirmək istədiyini diqqətə çatdırdı. O, həmçinin 1978-ci ildə rejissor Əjdər İbrahimovun çəkdiyi “Məhəbbətim mənim, kədərim mənim” filmində Məhin Banu obrazını canlandırdığını da xatırladı.

Bakıda olmaqdan məmnun olduğunu deyən Yağmur Ünal azərbaycanlılara xüsusi rəğbət bəslədiyini vurğuladı.

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 16.