Qəniyevlər soyunda yeni davamçılar yetişir

 

Qəniyevlər imzası Azərbaycanda olduğu kimi Türkiyədə də musiqiçilər çevrəsində geniş tanınır. Onlardan biri də pianoçu Nərminə Qəniyevadır. Məşhur skripkaçı, Xalq artisti Sərvər Qəniyevin qızı Nərminə xanım ailənin musiqi ənənəsini ləyaqətlə davam etdirir.

 

Musiqi təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında alıb. 1987-1993-cü illərdə A.Zeynallı adına Musiqi Kollecində fortepiano müəllimi işləyib. 1993-cü ildən Ankara şəhərindəki Bilkənt Universitetinin musiqi fakültəsində fortepiano müəllimi kimi fəaliyyət göstərir. İki övladı var. Qızı Cahan Bilkənt Universitetinin məzunudur, ailəlidir. Oğlu Elvin gənc olmasına baxmayaraq tanınmış skripkaçıdır, İsveçrənin Kalaidos Universitetində təhsil alır.

N.Qəniyeva Türkiyəyə necə getməsindən söz açır: “Atam - Xalq artisti, professor Sərvər Qəniyev o illərdə Bilkənt Universitenin qurucusu, mərhum İhsan Doğramacı tərəfindən universitetdə konservatoriya qurmaq məqsədilə Türkiyəyə dəvət edilmişdi. O, Bakıdan bu məqsədlə seçdiyi musiqiçiləri işə cəlb etdi. Onların arasında mən də vardım. Beləliklə, 1993-cü ildən Bilkənt Universitetində işləyirəm”.

Müsahibim bildirir ki, 22 illik Türkiyə həyatı ona çox şey verib. Həyat yoldaşı, Bilkənt Universitetinin müəllimi, məşhur musiqiçi Hayreddin Xoca ilə tanışlığını və ailə qurmalarını həyatının dönüş nöqtəsi sayır.

Nərminə xanım atası, məşhur skripkaçı Sərvər Qəniyev haqqında da söz açdı: “Atam Qarabağın məşhur bəylərindən olmuş Cəmil bəy Behbudovun nəvəsi idi. Baba və ata qayğısı görməyən Sərvər Qəniyev həyatın çətinlikləri ilə təkbaşına mübarizə aparıb. Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyub, professional musiqi təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra həmin təhsil ocağının aspiranturasında oxuyub. 1963-cü ildə Bakıya qayıdıb, Bakı Musiqi Akademiyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışmağa başlayıb. 1965-ci ildə onun təşəbbüsü ilə simli kvartet yaradılıb və 1979-cu ildən bu kvartet filarmoniyada fəaliyyət göstərib. S.Qəniyev 1971-1979-cu illərdə Misirdə, Qahirə Konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləyib, Qahirə simfonik orkestri ilə müxtəlif ölkələrdə qastrol səfərlərində olub. Onun Misirdə yetişdirdiyi tələbələr indi bu ölkənin müxtəlif musiqi kollektivlərində çalışırlar”.

Azərbaycana qayıdandan sonra S.Qəniyev konsert proqramları ilə çıxış etməklə yanaşı, BMA-nın professoru və kafedra müdiri vəzifəsində işləyib. 1991-ci ildən ömrünün sonunadək Bilkənt Universitetinin skripka kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi sənəti sahəsindəki xidmətlərinə görə o, 1967-ci ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb, 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

İndi Qəniyevlər soyunda çox istedadlı bir gənc böyüyür. O, Nərminə xanımın oğlu, skripkaçı Elvin Xoca Qəniyevdir. Elvin 1997-ci ildə dünyaya göz açıb, kiçik yaşlarından musiqi ilə məşğul olur. Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq görülüb, adı gənc istedadların “Qızıl kitab”ına salınıb. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq musiqi yarışmalarında mükafatlar qazanıb, konsertlərdə çıxış edib.

2016-cı ilin fevralında Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevin anadan olmasının 98-ci ildönümünə həsr ediləcək konsertdə ifa edəcək. Bundan başqa, gələn il o, bir sıra beynəlxalq festival və konsertlərdə də bacarığını nümayiş etdirəcək.

Nərminə xanım bir sənətkar və ana kimi övladının uğurlu gələcəyi üçün əlindən gələni əsirgəmir: “Ən böyük işim oğlumun dünya şöhrətli skripka ustası olması, daha yüksək uğurlar əldə etməsi üçün ona mənəvi yardım etməkdir. Onun Azərbaycan adını layiqincə təmsil etməsini, uca tutmasını ən şərəfli borcu kimi dəyərləndirirəm”.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 11.