Çağdaş
memarlığımızın fenomeni
Bu il görkəmli
memar, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan
Respublikasının Dövlət mükafatları laureatı,
akademik Mikayıl Hüseynovun anadan olmasından 110 il
ötür. Böyük memarın yubileyinin keçirilməsi
ilə bağlı ölkə başçısı
İlham Əliyev tərəfindən 1 iyun 2015-ci il tarixdə
sərəncam imzalanıb.
Mikayıl Hüseynov yarım əsrdən artıq zəngin fəaliyyətilə Azərbaycanın milli memarlıq ənənələrini öz yeni axtarışları ilə zənginləşdirib, eləcə də monumental tikililərin dəyərli örnəklərini yaradıb. Paytaxtımızın bugünkü görünüşünün formalaşmasında onun layihələri önəmli yer tutur. Azərbaycan memarlığının elm kimi yaranmasında ayrıca rolu olan alim ölkəmiz üçün yüksək ixtisaslı kadrların hazırlanmasında da böyük xidmətlər göstərib.
Görkəmli memarın zəngin bioqrafiyası var. O, 1905-ci il aprelin 19-da Bakı şəhərində doğulub. Gənclik illərindən memarlığa böyük həvəs göstərib və ömrü boyu peşəsinə sadiq qalıb. 1979-cu ildə ona həsr olunmuş kitabda uşaqlığı haqqında belə söyləyir: “Uşaq yaşlarımdan kibrit dənələrindən, plastilindən, ağac qırıntılarından müxtəlif “konstruksiyalı binalar” tikərdim. 10 yaşım olanda qohumlarım mənə Leonardo da Vinçi haqqında kitab və İtaliya şəhərlərinin mənzərələrini əks etdirən filmoskop bağışladılar. Uzun illər həmin kitabdan və filmoskopdan ayrıla bilmədim. Bu iki hədiyyə memarlıq sənətinə olan sevgimi daha da artırdı”.
M.Hüseynov 1922-1929-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun mühəndis-inşaat fakültəsində təhsil alıb, mühəndis-memar ixtisası üzrə oranı bitirib. 1930-1959-cu illərdə "Azərdövlətmemarlayihə"də memar, sonradan isə birinci memarlıq emalatxanasının rəhbəri olub. 1960-1990-cı illərdə "Azərdövlətlayihə"də məsləhətçi vəzifəsində çalışıb. 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olub. 1945-ci ildə yaradılan Azərbaycan SSR EA-nın fizika, texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü seçilib. 1948-1988-ci illərdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. İlk memarlıq və nəzəri əsərlərini dostu, memar Sadıq Dadaşovla birgə yaradıb. Onun yaratdığı 200-dən çox layihənin hamısı həyata keçirilib.
Şərq və Qərb memarlıq məktəblərindən yararlanan memar bir çox əzəmətli ictimai binaların layihələrini hazırlayıb. Bunlara Bakıdakı “Alimlər evi”ni, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Nizami Kino Mərkəzini, Azərbaycan Texniki Universitetini, M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasını, AMEA şəhərciyini, Bakı Metropoliteninin "Nərimanov", "Nizami" və "Elmlər Akademiyası" stansiyalarını, Nazirlər Kabinetinin binasını və s. örnək göstərə bilərik. Onun layihələri əsasında Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbə və Moskvada binalar tikilib.
Əməkdar incəsənət xadimi, memar Elturan Avalov ustadını belə xatırlayır: “Ali məktəbdə Mikayıl müəllim mənə dərs deyib, xatirimdə gözəl müəllim kimi qalıb. O, doğrudan da, memarlıq sənətinin canlı əfsanəsi, alicənab insan idi. Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda onun rəhbər olduğu dönəmdə elmi katib işləmişəm. Bir neçə layihəsinə köməkçi kimi məni də cəlb etmişdi. Onun adı Azərbaycan memarlıq sənəti tarixində əbədi qalacaq. Bir dəfə onunla memarlıqda gözəllik mövzusunda söhbətimiz oldu. Dedi ki, gözəl memarlıq əsəri yaratmaq çoxlu pul tələb edir. Mən də dedim ki, bəs N.Nərimanov metro stansiyasının vestibülünü az xərclə nə yaxşı yaratmısınız. O, bir söz deməyib mənimlə razılaşdı.
Onunla Moskvada keçirilən memarlıq üzrə beynəlxalq konfransda da iştirak etmişəm. Onda gördüm ki, dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislər Mikayıl müəllimə necə uca münasibət göstərirlər. O, bir neçə dildə sərbəst danışa bilirdi”.
M.Hüseynovun 1960-1980-ci illər yaradıcılığında indiki Azadlıq meydanı ansamblının tikintisi ayrıca yer tutur. Memarın simmetrik kompozisiya biçimindəki layihəsi əsasında 1969-cu ildə Azadlıq meydanının yaxınlığında 16 mərtəbəli "Azərbaycan" mehmanxanası, 1970-ci illərdə Hökumət Evinin yanında 10 mərtəbəli iki yaşayış binası və 16 mərtəbəli evlər, 1985-ci ildə isə "Abşeron" mehmanxanası inşa edilib.
Müasir memarlıqdan söz düşəndə M.Hüseynov deyirdi: “Müasir memarlıqdan danışarkən unutmamalıyıq ki, bugünkü sənətimizin kökləri əsrlərimizin dərinliklərindədir. Heç bir texniki nailiyyət, təzə tikinti materialı yüzilliklər boyu formalaşmış el memarlığının mütərəqqi cəhətlərini inkar etmir. Əksinə, burada hər şey bizim gözəl ənənələrimizə münasibətimizdən, professional səviyyə və düşüncəmizdən asılıdır. Biz xalq sənətimizdən həmişə öyrənirik, ondan faydalanırıq”.
1985-ci ilin yazında Britaniya Memarlıq Kral İnstitutunun qalereyasında paytaxtımıza həsr olunmuş "Bakının memarlığı" adlı sərgi keçirilir. Kraliça II Yelizavetanın himayəsində olan Böyük Britaniya Asiya Cəmiyyəti tərəfindən təşkil edilmiş sərgidə akademik M.Hüseynovun əsərləri nümayiş olunurdu. Bu sərgidə onu Böyük Britaniya Asiya Cəmiyyətinin fəxri üzvü seçirlər.
Aakademik M.Hüseynov dövrünün nüfuzlu mükafatlarına layiq görülüb, fəxri adlara layiq görülüb. Əməkdar incəsənət xadimi (1940), SSRİ dövlət mükafatı laureatı (1941), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950-1956), SSRİ Xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967), SSRİ Ali Sovetinin deputatı (1954-1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (1963-1990).
Böyük memar özünün də mənsub olduğu sovet memarlığını yüksək dəyərləndirirdi: “Bir çox ölkələri gəzmişəm, başqa-başqa ölkələrin memarlıq məktəbləri, üslubları ilə tanışam. Ən çox sevdiyim memarlıq məktəbi üslub və xarakterinə görə bütün başqa məktəblərdən fərqlənən sovet memarlıq məktəbidir.”
O, 1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskvadakı şöbəsinə fəxri üzv seçilib. Həmin il onun təşəbbüsü ilə Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradılıb və ilk prezidenti özü olub.
Əməkdar memar Nəriman İmaməliyevin dediklərindən: “Azərbaycan memarlığı deyəndə ilk olaraq Mikayıl Hüseynov yada düşür. O həm də memarlıq tarixi üzrə görkəmli alim idi. Bugünkü memarlarımız ondan peşəkarlığı öyrənməlidir. Sovet memarlığını vaxtilə respublikamızda uğurlu şəkildə həyata keçirən memarlarımız Mikayıl Hüseynov və Sadıq Dadaşov idilər. Bu şəxslər sovet dönəmində tikilən ən yaxşı binaların müəllifləri olublar. Bu işbirliyindən gözəl əsərlər ortaya çıxıb. M.Hüseynov bütün düşüncəsini, varlığını sənətinə həsr etmişdi. Təəssüf ki, onun layihəsi əsasında tikilmiş bəzi binalar sonradan sökülüb. Onlar sovet dövrünün tikililəri kimi bu gün turistlər üçün də maraqlı olardı”.
Maraqlıdır ki, sovet memarlığının ən böyük simalarından sayılan M.Hüseynov Kommunist Partiyasının üzvü olmayıb.
O, 1992-ci il oktyabrın 7-də vəfat edib, qəbri Fəxri xiyabandadır. Həmkarları onun xatirəsini həmişə əziz tuturlar. Onun şərəfinə “Mikayıl Hüseynov mükafatı” təsis olunub.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 11
dekabr.- S. 10.