“Doğumunun
90-cı ilində Bəxtiyar Vahabzadə”
Xalq şairinin yubileyi Ankarada qeyd edildi
Dekabrın 9-da
Ankarada, TÜRKSOY-un baş katibliyində Azərbaycanın
Xalq şairi, görkəmli dramaturq Bəxtiyar Vahabzadənin
90 illiyi münasibətilə konfrans və “Türk dillərində
Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimatı
keçirildi.
Tədbir TÜRKSOY, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunmuşdu.
Əvvəlcə binanın birinci mərtəbəsində Azərbaycan Milli Kitabxanasının fondlarından Bəxtiyar Vahabzadənin yaradıcılığını əks etdirən kitablardan ibarət sərginin açılışı oldu. Sonra konfrans iştirakçılarına şairin həyat və yaradıcılığı haqqında sənədli film təqdim olundu.
Konfransda TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Milli Kitabxanasının müdiri Zülfü Toma, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Azərbaycan, Türkiyə və Qırğızıstandan ədəbiyyat, mədəniyyət xadimləri iştirak edirdi.
Baş katib Düsen Kaseinov çıxış edərək görkəmli Azərbaycan şairinə həsr olunmuş konfransın iştirakçıları ilə bir arada olmaqdan qürur hissi keçirdiyini dedi: “Türk dünyasının zəngin ədəbiyyat xəzinəsi var. Bu xəzinənin gələcək nəsillərə də ötürülməsində iştirak etdiyimizə görə məmnunuq. Bəxtiyar Vahabzadənin 6 türk dilində şeirlərindən ibarət hazırladığımız kitabı bu respublikaların hər birində yayımladıq. B.Vahabzadə öz şeirlərində türk dünyasına olan sevgisini daim dilə gətirib. Sevindirici haldır ki, şairin doğulduğu Şəki şəhəri gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” olacaq”.
Türkiyə Milli Kitabxanasının müdiri Zülfü Toma söz, sənət diyarı olan Azərbaycanda böyük şairlərin yetişdiyini dilə gətirdi: “Öz zəngin yaradıcılığı ilə türk dünyasında böyük irs qoymuş Bəxtiyar Vahabzadə haqqında nə qədər danışsaq da, kifayət etməz. O, sovet hakimiyyəti illərində belə öz şeirləri ilə milli mücadilə aparıb və təqiblərə məruz qalsa da, öz amalından vaz keçməyib”.
Səfir Faiq Bağırov çıxışında konfransın təşkilində, B.Vahabzadənin kitabının hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirdi, şairin həyat və yaradıcılığından bəhs etdi. Bildirdi ki, şairin 84 illik ömrünün 65 ili sovet illərində keçsə də, hər zaman Azərbaycan dili uğrunda mübarizə aparıb, milli kimliyimizin yaşadılmasında önəmli rol oynayıb.
Bəxtiyar Vahabzadənin şair olmaqla yanaşı, həm də böyük mütəfəkkir olduğunu dilə gətirən professor Nizami Cəfərov onun ictimai və pedaqoji fəaliyyətindən də danışdı: “O, mənim müəllimim olub və yaradıcılığa böyük enerji ilə başlamışdı, şeirlərini ancaq Azərbaycan dilində yazırdı. B.Vahabzadəni tanımaq Azərbaycan ədəbiyyatının düşüncə sistemini bilmək deməkdir”.
Milli Kitabxananın direktoru Kərım Tahirov, Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Dünya Yazarlar Birliyinin rəhbəri Osman Baş, şairin kitabını qırğız dilinə tərcümə edən Baktıgül Çotareva və digərləri də çıxış edərək şairin Azərbaycan və eləcə də türk dünyasında oynadığı roldan bəhs etdilər.
Tədbirin bədii hissəsində Ankarada yerləşən Bəxtiyar Vahabzadə adına orta məktəbin şagirdləri şairin şeirlərini söylədilər. Azərbaycandan gələn muğam üçlüyünün ifası alqışlarla qarşılandı.
Tədbirlər dekabrın 10-da Ankarada B.Vahabzadə adına orta məktəbdə davam etdirildi. Axşam isə şairin xatirəsinə həsr edilmiş konsert proqramı oldu.
Mehparə
Sultanova,
Ankara
Mədəniyyət.- 2015.- 11
dekabr.- S. 8.