Ömrünü xalqına bəxş edən lider

 

Bakı Xoreoqrafiya Akademiyasında bədii kompozisiya nümayiş olundu

 

Dekabrın 10-da Bakı Xoreoqrafiya Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ömrünü xalqına bəxş edən lider” adlı bədii kompozisiya təqdim olundu.

 

Xatirə tədbirində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, digər qonaqlar, tədris ocağının müəllim və tələbə kollektivi iştirak edirdi.

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev çıxış edərək dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müasir tarixində rolundan, milli mədəniyyətimizin və incəsənətimizin inkişafı naminə göstərdiyi misilsiz xidmətlərindən danışdı. Bildirdi ki, Heydər Əliyev hər zaman xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə və incəsənətinə, sənət adamlarına diqqət və qayğı ilə yanaşıb. Ümummilli liderin incəsənət xadimləri ilə hər bir görüşünün əlamətdar hadisəyə çevrildiyini qeyd edən Timuçin Əfəndiyev, onun əziz xatirəsinin incəsənət xadimlərinin yaddaşında daima yaşadığını vurğuladı.

Sonra ümummilli lider Heydər Əliyevin həyat yolunu tərənnüm edən yeddihissəli bədii kompozisiya nümayiş olundu. Böyük maraqla qarşılanan kompozisiya “Ana”, “Yetkinlik”, “İki qəlbin sevgisi”, “Quruculuq”, “Cıdır düzü”, “Qələbəyə doğru” və “Əbədiyyət” adlı hissələrdən ibarət idi.

Qeyd edək ki, kompozisiyanın quruluşçu xoreoqrafı Xalq artisti Yusif Qasımov, bədii rəhbəri Əməkdar artist Sənan Hüseynlidir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 7.