Azərbaycanın
gələcəyini aydınladan dövlətçilik irsi
Heydər Əliyevin həyat yolu hələ çox nəsillərin öyrənəcəyi və bəhrələnəcəyi tarixdir
Tarixdə şəxsiyyətin
önəmli rolu hər zaman etiraf olunmuşdur. Böyük
şəxsiyyətlər xalqın sərvətidir. Müstəqil
Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, mədəni-mənəvi
intibahımızın təminatçısı Heydər
Əliyev Azərbaycan xalqının XX əsrdə
yetişdirdiyi nadir tarixi şəxsiyyət, tariximizin canlı
əfsanəsi idi. Heydər Əliyevin zəngin və mənalı
həyat yolu elə şərəfli bir tarixdir ki, gələcək
nəsillər zaman-zaman onu öyrənəcək, ondan bəhrələnəcəklər.
Böyük azərbaycanlı Heydər Əliyevin hələ sovet respublikamıza rəhbərlik etdiyi dövrdə ölkəmizdə milli özünüdərk və milli-mədəni intibahın yüksəlişi başlamışdır. Sovetlər ölkəsinin bəlli siyasi-ideoloji, idarəçilik çərçivələri daxilində Azərbaycanı müttəfiq respublikalar içərisində ön sıralara çıxarmaq, Azərbaycan xalqının şan-şöhrətini - tarix və mədəniyyətini, elm, sənət və ədəbiyyatını tanıtmaq azərbaycanlı adını ən yüksək səviyyədə doğrultmaq demək idi. Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmiş, bu proses Heydər Əliyev tərəfindən bilavasitə təşviq edilmiş, dəstəklənmişdir.
Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Buna görə də o, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılmasını daim diqqətdə saxlayırdı. Azərbaycan dövlətinin mədəniyyət sahəsindəki bugünkü siyasətinin əsası da ötən əsrin 70-ci illərində dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. O illər Azərbaycanın tarixinə mədəniyyətin də tərəqqisi dövrü kimi daxil oldu. Respublikamızın iqtisadi bazasının gücləndirilməsi, əhalinin gün-güzəranının yaxşılaşdırılması elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafı ilə paralel aparılırdı. Paytaxtımızda, respublikamızın bölgələrində yüzlərlə kinoteatr, klub, mədəniyyət evi, kitabxana, muzey tikildi, parklar salındı. Kino, musiqi, teatr, təsviri sənət, memarlıq, heykəltəraşlıq və mədəniyyətin digər sahələrində görünməmiş uğurlar qazanıldı. Mədəni irsimizin qorunması üçün tarixi əhəmiyyətli qərarlar qəbul olundu.
Azərbaycan dünyaya çox sayda elm və mədəniyyət xadimi bəxş edib. Heydər Əliyev də bu şəxslərin xidmətlərinin xalq və dünya birliyinə çatdırılması, onların adlarının əbədiləşdirilməsi üçün əlindən gələni edib. Bu dövrdən başlayaraq elm, mədəniyyət və təhsil ocaqlarının, mədəniyyət tariximizdə iz qoyan görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş, müğənni, digər elm, sənət xadimlərinin Bakıda, Moskvada, ittifaqın digər şəhərlərində yubileylərinin keçirilməsi ənənə halını aldı. Bir çox sənət adamlarına Heydər Əliyevin nüfuzu və təşəbbüsü hesabına SSRİ-nin ən yüksək mükafatları verildi. Onun böyük sənətkarlara qayğısı və məhəbbəti, Azərbaycana, vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Məhz hakimiyyətinin birinci dövründə onun təqdimatı ilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər.
O dövrdə SSRİ-nin teatr səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi. Məhz onun uzaqgörənliyi, millətinə sonsuz məhəbbəti sayəsində Azərbaycan musiqisi təkcə SSRİ-də deyil, həmçinin bütün dünyada tanınmışdır.
Azərbaycanın xarici ölkələrlə mədəni əlaqələrinin yaranması və inkişafını daim diqqət mərkəzində saxlayan, görkəmli sənətkarları respublikamıza dəvət edən Heydər Əliyev musiqimizin dünyada tanınmasına böyük önəm verirdi. O, xalqın incəsənətə marağının dirçəlişinə xidmət edən sahələrə də xüsusi diqqətlə yanaşırdı.
Heydər Əliyev mədəniyyəti, incəsənəti sevən, onun incəliklərini bilən, qədir-qiymətini verən dövlət adamı idi. Teatr sənətimizin, milli təsviri sənətin, Azərbaycan kinosunun, eyni zamanda çağdaş Azərbaycan ədəbiyyatının formalaşmasında da bu əvəzsiz şəxsiyyətin böyük rolu olmuşdur.
* * *
Ulu öndər müstəqillik dövründə də mədəniyyətin inkişafına böyük diqqət göstərmişdir.
1993-cü ilin iyununda xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycan mədəniyyətinə yeni nəfəs verdi. Elm, sənət adamları, xalqımızın dəyərli ziyalıları yenə də dövlətin yüksək qayğısı ilə əhatə olundu. Onlarca sənətkara fəxri ad, Prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Unudulmuş mədəniyyət xadimlərinin yubileyləri keçirildi. İşinin çoxluğuna, vaxtının məhdudluğuna baxmayaraq, ulu öndərimiz mütəmadi olaraq mədəniyyət xadimləri ilə görüşlərə zaman ayırdı. Dünyasını dəyişən görkəmli sənətkarların xatirələrinin əbədiləşdirilməsi, ev-muzeylərinin yaradılması, heykəllərinin ucaldılması, yubileylərinin təntənəli şəkildə qeyd edilməsi dahi şəxsiyyətin adı ilə bağlıdır.
Heydər Əliyev yaradıcı ziyalıların əməyini yüksək qiymətləndirirdi. Ümummilli liderin 11 iyun 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi incəsənətimizin inkişafının təmin edilməsində tarixi addım kimi dəyərləndirmək olar. Bu yüksək təqaüdlə təltif olunanlar sırasında görkəmli elm adamları, yazıçı və şairlər, bəstəkarlar, teatr və kino xadimləri, rəssamlar, musiqiçilər var.
"Xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq xalqımızı da o qədər yüksəldəcək, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq. Müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti kimi mənim də siyasətimin böyük bir qolu da bundan ibarətdir. Əmin ola bilərsiniz ki, bu siyasəti mən bundan sonra da davam etdirəcəyəm" - ümummilli lider Heydər Əliyevin 1998-ci il oktyabrın 10-da Musiqili Komediya Teatrının binasının təmir-bərpadan sonra açılışında dediyi bu sözlər onun xalqın milli-mənəvi dəyərlərinə bəslədiyi hörmətin nəticəsi idi. Bunu ölkədə hakimiyyətdə olduğu illərdə sırf mədəniyyət sahəsi ilə bağlı verdiyi fərman və sərəncamlar da təsdiq edir.
90-cı illərin ikinci yarısında Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin mədəniyyət siyasətinin hüquqi bazası - qanunvericilik təminatı yaradıldı. “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kinematoqrafiya haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Nəşriyyat işi haqqında” və s. qanunlar qəbul olundu.
Azərbaycan müstəqillik illərində UNESCO, İSESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində sıx əlaqələr qurmuş, eyni zamanda mədəni mübadilə, mədəni irsin qorunması və inkişaf etdirilməsi ilə bağlı bir sıra mühüm beynəlxalq konvensiyalara qoşulmuşdur. Bu gün Azərbaycan dünya miqyasında mədəniyyətlərarası dialoqun mərkəzidir, bu sahədə qlobal təşəbbüslər Azərbaycanın adı və imzası ilə meydana gəlir və həyata keçirilir.
* * *
Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli intibah və inkişafının təməl sütunu olan ideyanın - azərbaycançılıq məfkurəsinin banisi oldu. Çünki o, vətənpərvər lider olmaqla bərabər, eyni zamanda böyük azərbaycanlı idi. Qloballaşmanın intişar tapdığı indiki zamanda dünyaya öz milli-mənəvi irsi ilə, milli dəyərlərlə ümumbəşəri dəyərləri uğurla sintez edən mütərəqqi ideologiya ilə tanınmaq hər bir xalq üçün böyük önəm daşıyır. Heydər Əliyevin ümumdövlət, ümummilli ideologiya səviyyəsinə yüksəltdiyi azərbaycançılıq məhz bu qlobal çağırışlara cavab verir.
Ulu öndərin dövlətçilik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin haqlı olaraq qeyd etdiyi kimi, bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir: «Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər».
Prezident İlham Əliyevin mədəniyyətə diqqət və qayğısı, bu sahədə qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, Heydər Əliyevin milli-mədəni intibah amalı bu gün də yaşayır, ümummilli təkamülə təminat yaradır. Ölkəmizin hər guşəsində yüksək keyfiyyət və zövqlə həyata keçirilən tikinti, bərpa işləri, yeni mədəniyyət sarayları, zəngin eksponatlara malik olan muzeylər, müasir tələblərə cavab verən kitabxana-informasiya mərkəzləri, tarixilik və müasirliyin vəhdəti ilə paytaxtımızın gözəlliyinə rəng qatan teatr və konsert salonları dövlət başçısının Azərbaycan mədəniyyətinin tərəqqisi və dünyaya inteqrasiyası istiqamətində gördüyü işlərin bir hissəsidir.
Ölkəmizin zəngin mədəni irsinin dünyada geniş şəkildə tanıdılması, təbliği istiqamətində Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ulu öndərin adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın müstəsna xidmətləri var.
Bu gün müstəqil Azərbaycanda siyasi və
sosial-iqtisadi həyatın bütün sahələri kimi mədəniyyət
sahəsi də inkişaf dövrünü yaşayır. Azərbaycan
musiqisi dünyanı fəth edir, tamaşalarımız, filmlərimiz,
kitablarımız, təsviri sənət nümunələrimiz
nüfuzlu beynəlxalq festival və müsabiqələrdə
uğurla nümayiş etdirilir, mədəniyyət müəssisələrinin
maddi-texniki bazası gücləndirilir, müasir standartlara
uyğun yeni-yeni mədəniyyət ocaqları tikilib istifadəyə
verilir, köhnələri əsaslı şəkildə yenidən
qurulur. Azərbaycan Respublikası müstəqilliyinin
üçüncü onilliyində dünya ölkələri
arasında özünə layiqli yer tutmuşdur. Bu uğurlu
inkişafı mədəniyyətimizin, incəsənətimizin
hər ötən il dünyada daha geniş tanınmasında
və rəğbət qazanmasında aydın şəkildə
görür və qürur duyuruq.
Mədəniyyət.- 2015.- 11
dekabr.- S. 5.