Musiqi məktəbinin 60 illik yubileyi qeyd olundu

 

Dekabrın 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı şəhər Cövdət Hacıyev adına 3 saylı 11 illik musiqi məktəbinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə hazırlanan tədbiri məktəbin direktoru Mehin Orucova açaraq tədris ocağı haqqında məlumat verdi.

Bildirdi ki, musiqi məktəbi 1955-ci ildə yaradılıb. 2004-cü ildə Cövdət Hacıyevin xatirəsinin əbədiləşdirilməsi haqqında ölkə Prezidentinin sərəncamı ilə məktəbə görkəmli bəstəkarın adı verilib.

Məktəbdə fortepiano, xalq çalğı alətləri, nəzəriyyə, orkestr alətləri və xor şöbələri fəaliyyət göstərir. Bu şöbələrdə müxtəlif ixtisaslar üzrə 300-dən çox şagird təhsil alır. Onların təhsili ilə 80-dən çox müəllim məşğul olur. Qeyd olundu ki, 2014-cü ildə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə 7 illik təhsil sistemindən 11 illik təhsil sisteminə keçilib. Bütün bunlar hamısı sabahımız, gələcəyimiz olan uşaqlar üçündür.

Məktəbin direktoru çıxışını ümummilli lider Heydər Əliyevin uşaqlar haqqında söylədiyi müdrik kəlamla bitirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Çıxışdan sonra söz musiqiyə verildi. Məktəbin “Azəri inciləri” rəqs qrupunun ifasında İ.Ştrausun “Vals”, nağaraçalanlar ansamblının ifasında “Abşeron ritmləri”, C.Rossininin “Sevilya bərbəri” operasından uvertüra, “Çahargah dəramədi”, A.Məlikovun “Monoloq”, J.Vilyamsın “Ulduz müharibələr”i filmindən “Evoks paradı”, S.Rüstəmovun “Getmə” və s. mahnıları səsləndirildi.

İfalar alqışlarla qarşılandı.

Tədbirin sonunda isə C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin kollektivinə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi, Bakı şəhər Uşaq Musiqi və İncəsənət Məktəblərinin Direktorlar Şurası tərəfindən mükafat və fəxri fərmanlar təqdim olundu.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 4.