Heydər Əliyev Sarayında ümummilli liderin xatirəsi anılıb

 

Dekabrın 10-da Heydər Əliyev Sarayında ümummilli liderin büstü qarşısında anım tədbiri keçirilib.

Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab stendinə baxışdan sonra Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edib. O, böyük liderin müdrik və cəsarətli qərarları ilə Azərbaycan xalqının sevgisini qazanmasından, ən ağır məqamlarda belə dövlət müstəqilliyini, xalqımızın, dövlətimizin maraqlarını hər şeydən uca tutmasından, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində gördüyü misilsiz işlərdən danışıb.

Qeyd edib ki, Heydər Əliyev siyasəti bu gün uğurla davam etdirilir. Son illərdə Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkə kimi tarixə düşüb. Prezident İlham Əliyev ümummilli liderin siyasətinə sadiq qalaraq Azərbaycanı inamla irəliyə aparır.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad edən tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin milli mədəniyyətimiz və incəsənətimizin hərtərəfli inkişafına, yüksəlişinə verdiyi töhfələrdən danışıblar.

 

Mədəniyyət.- 2015.- 11 dekabr.- S. 4.