Azərbaycanda “Farhause” neon ev-muzeyi açılıb

 

Neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov “Farhause” neon ev-muzeyi açıb. Novxanı qəsəbəsində yerləşən unikal muzey iki mərtəbədən ibarətdir. Ev sahibi və bütün bunların yaradıcısı da orada yaşayır. Əlavə olaraq su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial stildə olan bir ərazi də var ki, ora kiçik sərgi zalı funksiyasını yerinə yetirir. Burada Fərid Ələkbərovun işlərindən başqa onun həmkarlarının işləri də nümayiş olunur. Elə bu da “Farhouse”un spesifik xüsusiyyətlərindəndir - o, özlüyündə bir növ art-holdinqi birləşdirir. Təsviri sənətin müxtəlif növləri - heykəltəraşlıqdan metal üzərində nəqqaşlığa, rəssamlıqdan vitrajlara qədər, bir sıra müəlliflərin işləri həmin neon naxışlarla birləşib.

Fərid Ələkbərovun istifadə etdiyi neon boyalar adi gün və ya elektrik işığında zəif görünür, ya da ümumiyyətlə görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultra-bənövşəyi işıq yandırmaq kifayətdir ki, insan paralel - mistik və hədsiz gözəl reallığa qərq olsun.

Qeyd edək ki, neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 16.