Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş açıq dərs

 

Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında il ərzində müxtəlif tədbirlər, konsertlər təşkil olunub. Bugünlərdə musiqişünaslıq fakültəsinin III kurs tələbələri ilə BMA-nın məktəb-studiyası şagirdlərinin iştirak etdiyi “Segah” və “Çahargah” məqamları - emosional rəngarənglik” mövzusunda açıq dərs də dahi sənətkarın yubileyinə həsr olunmuşdu.

“Azərbaycan xalq musiqisinin əsasları” fənni üzrə açıq dərsi məktəb-studiyanın müəllimi, professor Adilə Yusifova aparırdı. Bu açıq dərsin aparıcı mahiyyəti “Segah”da daha çox istifadə olunan musiqi parçalarının təhlili idi.

Məktəb-studiyanın şagirdi Şəhriyar Nəsirinin “Segah” ladının nəzəri əsasları ətrafında fikri və musiqişünaslıq fakültəsinin tələbələri Könül Əlizadə və Nərgiz Hüseynovanın bu lad üzərində qurulan xalq mahnıları (“Xumar oldum“, “Aman kəklik əlindən”, “O xal nə xaldır”, “Ninni” və s. musiqi nümunələrinin qarşılıqlı təhlili yaddaqalan anlardan oldu.

Təhlil olunan nümunələrdən biri də Əhmədxan Bakıxanovun məcmuəsindən “Segah” rəngi idi. Bu rəngi Mədinə Mirzəməmmədova, “Mirzəyi” rəqsini isə Çinarə Ağayeva ifa və təhlil etdilər. “Şuşanın dağları“ mahnısını isə musiqişünaslıq fakültəsinin tələbələri kvintet şəklində fortepianoda məktəb-studiyanın məzunu Firuzə Nəcəflinin müşayiəti ilə ifa etdilər. Xalq mahnısı ətrafında bir çox fikirlər söylənildi.

Açıq dərsdə “Çahargah” ladının ənənəvi əsasları və bu ladda qurulan musiqi parçaları ətrafında da müzakirələr aparıldı, Üzeyir Hacıbəylinin “Cəngi” pyesi ifa və təhlil edildi.

Sonda professor Adilə Yusifova Üzeyir bəyin sözlərini diqqətə çatdırdı: “Cəsarətli çalışmaq, yaxşı oxumaq, səmərəli işləmək”.

 

Minacət Əhmədova,

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 15.