Mustafazadə
Vaqif -
Bütün səs-sədalar aləminə, milli və bəşəri musiqi fəlsəfəsinə vaqif...
Bütün
keçmişlərdən qoca, gələcəklərdən
gənc sənətkar.
Haqqında nə
qədər yazıb-danışsan da, bitib-tükənməyən
virtuoz.
Milli musiqimizi bəşəriliyə
sintezləşdirmək məqsədinə xeyli gec, amma
çox güc çatacağını fəaliyyətinin
ilk notlarından bilən arif.
Cismini
çalası infarkta qədər sənət yeniliklərinə
qarşı yönəldilən bütün zərbələri,
öz unikal nəticələrilə, baiskarlarçün “avtobumeranq”a
çevirən fenomen...
Bu adamı ömrü boyu başını aşağı salıb (həm də barın çoxluğundan!), daim iş görən gördük. Həmin o “aşağı”da isə bu dünyanın ən yüksək ucalıqlarından biri - pianino dilləri idi. Bir bu adamın əlləri idi, bir də o pianinonun dilləri...
Adama elə gəlirdi ki, bu adamın bu işdən başqa bir işi-gücü yoxdur. Sanardın ki, o, çalmaqdan özgə heç nəyə diqqət ayırmır. Deyərdin, bəlkə heç başçılıq etdiyi musiqi kollektivi üzvləri, yaxud hərdən ifa üçün daxil olduğu telestudiya işçilərilə salam-kalamlaşmır da. Amma elə ki hər dəfə ifaya başlayardı, bütün bu ehtimal və “şübhələr”in təkzib simfoniyası başlardı; sənətdə duyğuları belə bir qeyri-adi istedadla dilləndirən, qəlbləri bu sayaq gülləndirən bir insan həyatda adi səmimiyyət, ənənəvi münasibət istedadsızlığına yol verərmi?!.
Barmaqları da bundan danışır...
Əlbəttə, o barmaqları dilə gətirən onun coşqun könlü, susub-sustalmaz duyğuları idi!
Onun könlünü dünyatutan bir antenaya bənzətmək olar. Bu canlı “antena”nın dünyanın ən ali səslərini - musiqi sədalarını cansız oxşarlarından fərqli tutması haqda danışmağa ehtiyac olmasa da, onları necə əks-sədalaması, “özgə” səsləri nə cür özümüzünküləşdirib, öz ritmlərimizi nə sayaq dünyəviləşdirmək mahirliyindən bir-iki kəlmə demək gərək.
Bu haqda nəsə deməzdən öncə, artıq deyilmişləri xatırlatmaq istəyirəm. Belə ki, deyirlər, musiqinin dili, tərcüməsi, bunların ən yaxşısının isə vətəni yoxdur. Düz deyirlər. Amma, məncə, bu, Vaqifə qədər beləymiş və Vaqifdən sonra da, hələlik belədir. Yəni, Vaqif bu “yox”ları nisbi bir “var” ilə də barlandırdı. Belə ki, o öz istedad elçiliyilə dünya musiqisinin ən cavan “caz” qızını başqa din, dil, zövq, baxış və digər adət-ənənələr ölkələrindən Azərbaycana gətirdi. Özü də, tək elə gətirməklə kifayətlənmədi, onu səslər aləminin ən qədimi ilə - muğam sədalarıyla calaşdırıb, öz milli sənətimizçün özgə ölkələr də fəth etdi.
Vaqif Mustafazadəyə qədər “caz” sözünə ağız büzüb, “mız” qoyanlarımız (hətta, rusların “çastuşka”sını özümüzün layla-bayatı motivli oxularımızdan doğma qarşılayan ziyalılarımız) çox idi. Vaqif hələ sağlığında onların sayını minimuma endirdi. Və artıq neçə illərdi “kəndçi”lər də Vaqifin “Şur”unu, “Heyratı”sını tar-kaman sevgilərilə, muğam dəsgahları dərəcəsində qarşılayırlar. Hələ onlardan birinin - obrazlılıqdan çox uzaq olan bir orta məktəb yoldaşımın dilindən eşitdiyim frazaya baxın: “Vaqifin cazı adamın ürəyində “cızz!” eləyir!”
...O məktəb yoldaşımın kolxoz mühasibi işlədiyi vaxtlarda dediyi bu obrazlı fikirdən bəri hərdən fikirləşirəm ki, adına “caz” deyilən bu “yığma komanda”nın təsis-təşkilatçılığında bizim bircə qəlb oyunçu-şərikimiz, könül çalanımız da olmayıbsa, bu “cızz” məsələsi nədir belə? Fikir-xəyalımda çox o yan-bu yan etdikdən sonra belə bir qənaətə gəlmişəm ki, deməli, məsələnin məğzi bu musiqi “esperanto”sunun tərcüman-tərcüməçiliyində - Vaqifin könül “laboratoriya”sının, improvizə “institutu”nun bəşəri takt-aktlığındadır...
Hərdən mənə belə də gəlir ki, onun əllə toxunulması mümkün, gözlə görünməsi labüd olan əlləri və gözləri də yarı real-yarı irreal obrazlar idi. Hələ bəzi məqamlarda - hətta ən polifonik taktlar zamanı etdiyi ecazkar hərəkətlərdə “tək əldən səs çıxmaz” məsəlini inkar etməsini demirəm. O əllər - realizmdə portretə, sürrealizmdə tabloya, yazı üslubu xatirinə desəm, - “ifratizm”də peyzaja mövzu idi. O əllər pianinonun şirmayi dil-“cücələri”nə heyrət-heyrət sənət dəni səpirdi. O bütün gül səslərin “bülbül”lərini cəh-cəh etdirirdi. O, əcəl “dəcəlliyi”ndən tamamlaya bilmədiyi “Muğam” simfoniyasında “Şahnaz”dan naz, “Sevil”indən yaz çiləyirdi. O, deyəsən, Füzulinin poetik nəğmələrindəki nakam Leyliliyə kam Məcnunluğu da edirdi...
Onun əllərinin əla-aliliyindən nə qədər desək də, hədəfə yetəsi deyilik. Simi dəyişək. Dəyişək və “döyüşmək” ladında deyək ki, “təkaçılan”ları ilə “qaz vurub, qazan dolduran” musiqiçilərdən fərqli olaraq, onun əli gətirmirdi. Bu xalqın klassik sənət ənənələri dəryasında özüyçün bir ada-“ansambl” yaratmağa çalışaraq, caz vurub, təkəmseyrək ürəklərə həzz doldururdu. Aşağıda edəcəyim “iş adamı”, “fermer” bənzətmələrimə rəğmən, bu gəlirsiz təsərrüfatın məxarici az olsun deyə, süpürgəçiliyindən tutmuş - toxuculuğuna, sürücülüyünə, hörücülüyünə, hər xırda-xırmançılığına qədər hamısını özü icra edirdi. Hər yeni əsərinin akkordu da ki, rekord!..
...Ömrün akkordu isə günbəgün yaxınlaşırdı. Daşkənd qastrolunun “16 dekabr 1979-cu il hadisəsi”nə az qalırdı. Amma hələ o tarixə qədər xeyli sənət hadisələri və ona münasibət “əsər”ləri vardı.
Bəli;
o özündən çox, “özgələr” üçün əkib-becərən, yalnız sənət büdcəsinə işləyən “iş adamı”, yeniliklər, orijinallıqlar təsərrüfatı “fermer”i idi. Ona sənət altruisti də demək olardı. Yəni hər tərəfdə dayanıb heç bir tərəfə qarşı çıxmadan beynəlxalq sənət ordusuna qoşulub, tezliklə də ümumdünya sənət generalitetinə daxil edilən böyük mədəniyyət əsgəri!
Onun olum-ölüm tarixçələri də özünəməxsus oldu. Mən bu tarixçələri nikbin və bədbin adaş-rəqəmlər adlandırardım. Biri - 16 mart, o biri - 16 dekabr. Əvvəlki 1940-da, sonrakı 1979-da. Birinin ünvanı İçərişəhər, o birininki məzar...
Nağıla bənzətsək, o heç qırxıncı qapıya da yetişə bilmədi. Amma ağıla vursaq, bu yaşda gedib dünyanın o başına yetdi.
Bu getməklər onun 18 yaşından - Asəf Zeynallı adına Musiqi Məktəbinə qədəmlərindən, sonra da bir-birinin ardınca yaradıb başçılıq etdiyi “Orero" ansamblından, “Qafqaz” caz üçlüyündən, “Leyli”, “Sevil” qadın vokal-instrumental, “Muğam” instrumental ansambllarından başlamışdı.
Bütün bunlar Daşkənd hadisəsinə gedən “gedər-gəlməz” yola qədər davam etdi. Bunlardan “Tallin-66”, “Tbilisi-78”, “Monte-Karlo” festivallarını xatırlatmaq olar ki, hər üçünün laureatı Vaqif Mustafazadə özü olmuşdu. Biri də Monakoda (1978) keçirilən 8-ci Beynəlxalq Caz Festivalı idi ki, “Əzizəni gözləyirəm” (“Sənsiz”) musiqisinə görə birincilik mükafatı qazanmışdı. O, dünya miqyasında yeni musiqi erası kimi hallandırılan caz-muğam sintezini yaratdı. Adı - özündən xəbərsiz - Azərbaycan Muğam-Caz Hərəkatının memarı çağırıldı...
Daşkənd tərəfdən əsən hadisə yellərinin “sığalı” isə artıq onun üzündən ürəyinə keçirdi. Düşüncə, duyğu ilmələrini fortepianoya ötürən ali əllər, şirmayi barmaqlar qos-qoca istedadla süslənmiş cavan bir ömrün son akkordlarını vurmaqda idi. Milyonlarla ürəyi öyünclə döyündürən, fitrətən titrədən bir ürək, nəhayət, “16 dekabr 1979-cu il” tarixini çalıb, dayandı...
Ondan yalnız elə o şedevrlər yox, canlı Əzizə Mustafazadə əsəri də qaldı. Hansı ki, bir zaman, neçə vaxtdır xariclərdə bizim necə sənətkarlara malik olduğumuzun növbəti bir görkü olan o qızdan beş-on günlük ayrılıq bikefliyi musiqi mədəniyyətimizə çox bonuslu bir nəf - “Sənsiz” şedevrini gətirmişdi.
Ədəbiyyatda, incəsənətdə, “şanlı məktub”namələrdə “sənsiz” motivasiyalı ərzi-hallar çox olub və olacaq. Ancaq, kaş, Vaqif özünü ehtiva edən bir “Mənsiz” əsəri də yazmış olaydı...
Tahir Abbaslı
Mədəniyyət.- 2015.- 16
dekabr.- S. 13.