Dədə Qorqud məktəbliləri bir araya gətirdi

 

Hamısı səliqəli, bəmbəyaz köynəkdə... Kimi ora-bura qaçır, kimi axşamdan bəri bəlkə yüz dəfə oxuduğu məruzəsinə təkrar göz gəzdirir, kimi dəhlizdə sərgilənmiş rəsmlərin qarşısında xatirə şəkilləri çəkdirir... Və bir qədər sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kitabi-Dədə Qorqud” və Henrix Fridrix fon Dits - 200” mövzusunda beynəlxalq şagird konfransı işinə başlayır.

Dəfələrlə yerli və beynəlxalq konfransların iştirakçısı olmuşam. Amma ilk dəfədir ki, beynəlxalq şagird konfransındayam. Uşaqları sinif otaqlarından konfrans zalına, lövhə qarşısından kürsüyə qaldıran bu konfransın onların həyatında xüsusi iz qoyacağını anlamaq çətin deyil.

Zalda Bakı, Gəncə, Naxçıvan, Quba, İsmayıllı, Zaqatala, Şirvan, Naftalan, Xaçmaz, Beyləqan, Qəbələ, Yevlax, Tərtər, Bərdə, Lənkəran və Ağdaşdan məktəblilər var. Konfransda Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və İsraildən də şagirdlər təmsil olunub.

Xəyalən məktəbli vaxtlarıma qayıdıram. Arabir ikinci sırada əyləşən Türkiyədən gələn məktəbli Zeynəbin anasına qısılıb pıçıltıyla “çox həyəcanlıyam” deməsini eşidirəm.

İki gün davam edən konfrans yekunlaşır. Həmsöhbət olduğumuz Türkiyənin Elvankent Bilgi Anadolu liseyinin şagirdi Hüsnü Barak Sarıkaya, Rusiyanın Moskva Şəhər Gimnaziyasinin şagirdi Mariya Voroşilova, Dərbənd məktəbliləri Abakar Atayev və Sarya Abuzarova, Gürcüstanın Kutaisi şəhər məktəbinin şagirdi Elizabet Porçxidze və başqaları Bakıda belə bir tədbirə qatılmaqdan məmnun olduqlarını deyirlər, bir-birinin əlaqə nömrələrini, elektron ünvanlarını alırlar.

Bilik Fondu dinindən, dilindən asılı olmayaraq, bütün konfrans iştirakçılarını Dədə Qorqud işığında birləşdirdi. Yanan çırağımız sönməsin!

 

Xatirə Hüseynova,

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 13.