Rusiya jurnalında Xəyyam Mirzəzadə haqqında məqalə dərc edilib

 

Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr edilən “Muzıkalnaya jizn” jurnalının 2015-ci il 9-cu buraxılışında Azərbaycanın tanınmış bəstəkarı, Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, "Şöhrət" ordenli Xəyyam Mirzəzadənin 80 illik yubileyinə həsr edilən məqalə dərc edilib. Məqalənin müəllifi Əməkdar incəsənət xadimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasının professoru, bəstəkar Fərəc Qarayevdir.

 

“İrəliyə hərəkət mövcudluq forması kimi” adlı məqalədə bəstəkarın keçdiyi həyat yolu və yaradıcılığı haqqında məlumat verilir. Qeyd olunur ki, sənətkar Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Qara Qarayevin layiqli davamçılarından biridir. Xəyyam Mirzəzadə həm də işıqlı şəxsiyyət, maraqlı həmsöhbət, intellektual səviyyəsi yüksək olan vətənpərvərdir.

Məqalədə bildirilir ki, 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirən bəstəkar elə həmin tədris ocağında pedaqoji fəaliyyətini davam etdirir. Uzun müddət kompozisiya kafedrasına rəhbərlik edən bəstəkar çoxsaylı gənc mütəxəssislər yetişdirib. 1957-ci ildə yazdığı I Simfoniyası ilə musiqi tənqidçilərinin diqqətini cəlb edən gənc Xəyyam Mirzəzadə üçün bu əsər parlaq yolun başlanğıcı olur. Dolğun yaradıcılıq yolu keçən sənətkar 1983-cü ilədək kompozisiya kafedrasına rəhbərlik etməklə yanaşı, burada aktiv elmi axtarışlara da öz töhfəsini verir. O, hər zaman gənc musiqiçiləri diqqətdə saxlayıb, onlara öz məsləhət və tövsiyələrini əsirgəməyib.

Bəstəkar enişli-yoxuşlu sənət yolu keçsə də, heç zaman usanmayıb. Yaradıcılığı alqışlarla yanaşı bəzən tənqidlərə də məruz qalıb. 1970-ci ildə Almaniyada çap edilən “50 sovet bəstəkarı” kitabında onun da yaradıcılığından bəhs olunub.

Vurğulanır ki, bəstəkarın 1970-ci ildə yazdığı II Simfoniya (triptix) onun yaradıcılıq zirvəsidir. Bu əsər Sovet İttifaqının konsert salonları ilə yanaşı dəfələrlə xaricdə səslənib. Sonuncu dəfə 2013-cü ildə V Qara Qarayev Beynəlxalq Musiqi Festivalı çərçivəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dirijor Rauf Abdullayevin rəhbərliyi ilə ifa edilib.

Məqalədə Xəyyam Mirzəzadənin xarici ölkə musiqiçiləri ilə sıx yaradıcılıq münasibətlərindən də söz açılır. Hollandiyanın “Nieuw Ensemble”, İsveçrənin “TaG” ansamblları, gitaraçı Kristof Yagin ilə onu yaradıcılıq telləri bağlayır. BaKaRA ansamblının İsveçrədəki konserti zamanı bəstəkarın “I remember you, Charles” kamera opusu tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Məqalənin sonunda müəllif yubilyarı təbrik edir, ona sənət uğurları arzulayır. Bu təbrikə “Muzıkalnaya jizn” jurnalının redaksiyası da qoşulur.

Qeyd edək ki, jurnalda tanınmış azərbaycanlı vokalçı, ölkəmizi Böyük Teatrın səhnəsində uğurla təmsil edən Əməkdar artist Dinara Əliyeva ilə “Həyatda və musiqidə klassikanı dəyişmirəm” başlıqlı müsahibə də dərc edilib. Müsahibədə sənətçi ideya müəllifi olduğu “Opera Art” festivalı və yaradıcılıq planları barədə danışır.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2015.- 16 dekabr.- S. 11.