Süfrələrin
bəzəyi, yeməklərin şahı
Bakıda II beynəlxalq plov festivalı keçirildi
Dekabrın 11-də
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı
ilə “Sərin” restoranında II beynəlxalq plov festivalı
keçirildi. Festivalın məqsədi müxtəlif ölkələrin
düyü mədəniyyəti ilə tanış olmaq və
Azərbaycan mətbəxinin şah əsəri olan plovun
növləri ilə xarici qonaqları tanış etməkdir.
Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov tədbirin əhəmiyyətindən söz açdı. Bildirdi ki, festivala Azərbaycanda fəaliyyət göstərən bir sıra ölkələrin diplomatik nümayəndəlikləri tərəfindən öz milli ənənələrinə uyğun olaraq düyüdən hazırlanan xörəklər təqdim edilib: “İnsanları, mədəniyyətləri birləşdirən qidalardan biri düyü və ondan hazırlanan yeməklərdir. Çeşidli dənəvər və yapışqan plovlar dünyanın bir çox ölkələrində müxtəlif adlar (plov, rizotta, keşkək, sıyıq) altında bir sıra ölkələri birləşdirir. Çəngəl, bıçaq səsləri gələn yerdə top, tüfəng səsləri kəsilər deyilir. Hesab edirik ki, belə tədbirlər Azərbaycan mətbəxinin təbliğinə öz töhfəsini verəcək”.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev ölkəmizin mətbəx nümunələrinin tanıdılması baxımından festivalı yüksək qiymətləndirdi. Qeyd etdi ki, dünyanın hər yerində mətbəx insanların dünyagörüşünün, mənəvi aləminin, psixologiyasının bir göstəricisidir. Mədəniyyətlərin paylaşılması insanların dünyagörüşünə öz müsbət təsirini göstərir və qarşılıqlı anlaşma, dinc, yanaşı yaşama prinsiplərini önə çəkir.
Koreya, Hindistan, Tacikistan və İranın Azərbaycandakı səfirləri də çıxış edərək festivalın əhəmiyyəti barədə danışdılar. Bildirdilər ki, belə tədbirlər ölkələr arasında mədəni əlaqələrin inkişafına təkan verir.
Qeyd edək ki, ikinci dəfə keçirilən festivalda düyü ilə bağlı fərqli mətbəx mədəniyyətləri və nümunələri nümayiş olunurdu. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Yaponiya, İndoneziya, Tacikistan, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Hindistan, Fələstin və İran təmsil olunurdu.
Azərbaycan stendini “Şah plov”, “Döşəmə plov”, “Şüyüd plov”, “Fisincan plov”, “Boranı plov”, “Çığırtma plov” bəzəyirdi. Yaponiya mətbəxinin müxtəlif tərəvəzlər və balıqdan hazırlanan plovları, Özbəkistanın sarımsaqlı aşı, digər ölkələrin festivalda ilk dəfə təqdim edilən xörəkləri, çeşidli şirniyyatlar, içkilər hamının, xüsusən də xarici qonaqların böyük marağına səbəb olmuşdu.
Ümumilikdə 100-ə yaxın plov növünün təqdim olunduğu tədbirdə iştirakçılara plovun və digər xörəklərin bişirilmə qaydalarından bəhs edən reseptlər, bukletlər də paylanılırdı. Hər bir xalqın aşpazları milli geyimlərində yeməkləri iştirakçılara təqdim edirdilər.
Qonaqların bir neçəsinin fikirlərini öyrəndik. Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murat Karaçanta festivalda üç növ - içli, Ege və Mengen plovlarını təqdim etdiklərini bildirdi. O, plovlardan vaxtilə Osmanlı sultanlarının saray mətbəxində də xüsusi yer tutduğunu diqqətə çatdırdı.
Hindistanın Azərbaycandakı səfirinin xanımı Barbara Rana tədbirdə iştirak etməkdən məmnun olduğunu dedi: “Fikirləşirəm ki, Azərbaycan mətbəxi ilə hind mətbəxi arasında bir çox oxşarlıqlar var. Məsələn, düyünü hazırlamaq, plovu bişirmək tərzlərimiz eynidir. Ədviyyatların istifadə olunmasını buna misal göstərə bilərik”.
İranın ölkəmizdəki səfiri Möhsün Pakayin də belə bir festivalın keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladı: “Bu festival region xalqlarının daha da yaxınlaşmasına səbəb olacaq. İranda 20-dən artıq plov növü var. Festivalda isə bir neçə növ plov nümayiş etdiririk. Bizdə hazırlanan plovların bəziləri Azərbaycanda hazırlanan plovlara çox bənzəyir”.
Sonda festivalda fəal iştirak etdiklərinə görə iştirakçılara Azərbaycan Milli Kulinariya Assosiasiyasının fəxri diplomları təqdim olundu. Tədbir iştirakçı ölkələrin xalq musiqiləri və rəqslərinin nümayişi ilə davam etdi.
F.Hüseynov
Mədəniyyət.- 2015.- 16
dekabr.- S. 9.