“Aşpazların
açarı”
Əsrləri adlayan kitabın təqdimatı
Dekabrın 14-də
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan
Milli Kulinariya Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzinin
təşəbbüsü, Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyi ilə işıq üzü
görmüş “Aşpazların açarı”
kitabının təqdimatı keçirilib.
Tədbiri kitabxananın direktoru Tahir Sadıqov açaraq nəşrin əhəmiyyətindən danışıb.
Milli Kulinariya Assosiasiyasının prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov hələ XIX əsrdə Türkiyədə türk dilində yazılmış 40 yemək kitabının olduğunu və onlardan 7-sinin türk dilində erməni əlifbası ilə ermənilər tərəfindən üzünün köçürüldüyünü bildirib. Qeyd edilib ki, 1876-cı ilə aid “Aşpazların açarı” kitabı da həmin 7 kitabdan biridir. Kitabda bir dənə də erməni mənşəli söz yoxdur, amma bununla belə sonralar, keçmiş sovet dövründə ermənilər bu kitabı özəlləşdirərək, oradakı yeməklərin də erməni xalqına məxsus olduğunu iddia ediblər. Bu iddialarla kifayətlənməyən bədnam qonşularımız kitabı bir sıra xalqların dillərinə tərcümə edərək “erməni mətbəxi” nümunələri kimi təqdim ediblər. Türk mətbəx mədəniyyətini əks etdirən bu kitab Azərbaycanda latın qrafikasında işıq üzü görüb. Kitabın ikinci cildi də nəşrə hazırlanır.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev nəşrin əhəmiyyətini qeyd etdi. Bildirdi ki, kitabda aşkara çıxan tarixi həqiqət bədnam qonşularımızın iç üzünü göstərir: “Onlar sərsəm xülyalardan əl çəkməyərək “Köçəri” milli rəqsimizi də özəlləşdirmək istəyirdilər, lakin bu niyyətləri boşa çıxdı. Artıq onlar öz riyakarlıqları ilə dünyaya tanınsalar da, biz sayıqlığımızı əldən verməməliyik”. Şöbə müdiri kitabın digər dillərə də tərcümə olunub yayılmasının vacibliyini bildirib.
Sonda həmmüəlliflərdən biri - kitabı
latın qrafikasına çevirən Ramiz Ağalıyev nəşrin
ərsəyə gəlməsində əməyi və xidməti
olan AMKA-nın əməkdaşlarına minnətdarlığını
bildirib.
Mədəniyyət.- 2015.- 16
dekabr.- S. 9.